Göyçayda 600 minlik yol təmiri - Saleh Məmmədovun himayə etdiyi bildirilən şirkət yenə qalib oldu


Göyçay Rayon İcra Hakimiyyəti Göyçay şəhərində küçələrin, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Hurriyyet.Az xəbər verir ki, “ATF” MMC tenderin qalibi elan edilib. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 670 659,84 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ATF” MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb.  Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.

“ATF” MMC “tender kralı” kimi tanınır. Şirkət əsasən yolların təmiri ilə bağlı elan edilmiş satınalma müsabiqələrinin qalibi olur.

Mediada gedən məlumatlara görə, “ATF” MMC 2010-cu ildə 3,4 milyon, 2011-ci ildə 5,23 milyon, 2012-ci ildə 12,22 milyon, 2013-cü ildə 17,72 milyon, 2014-cü ildə 9,13 milyon, 2015-ci ildə 13,5 milyon, 2016-cı ildə 2,43 milyon, 2017-ci ildə 3,75 milyon, 2018-ci ildə 3,15 milyon, 2020-ci ildə 4 milyon manat dəyərində satınalma müsabiqəsinin “qalibi” olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 75 milyon manat təşkil edir.

“ATF” MMC 2010-cu ildən 2020-ci ilə qədər yerli icra qurumlarının elan etdiyi 65 tenderin “qalib”i olub. Tenderlərin çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib. Tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu müqavilələrin ümumi dəyəri 32 milyon manatdır.

“ATF” MMC-nin qanuni təmsilçisi Təbriz Muradov həm də şirkətin sahibidir. MMC-nin daha iki sahibi var: Azad Muradov və Fəxrəddin Muradov.

Şirkətin adı qardaşların adının baş hərflərindən götürülüb. ATF – yəni Azad, Təbriz, Fəxrəddin.

Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, “ATF” şirkəti dövlətə 361 000 manat ziyan vurub.

Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb.

“ATF” MMC-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun himayədarlıq etdiyi bildirilir. Hətta bəzi iddialara görə, Saleh Məmmədov 17 saylı yol istismar idarəsinə Azad Muradovun oğlu Tehran Muradovu rəis təyin edib. Bu barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, Oğuz-Şəki yolunun yenidən qurulmasında “ATF” MMC-yə məxsus texnikanın cəlb edilməsi iddianın əsassız olmadığına şübhələri artırır. Məlumat üçün deyək ki, Oğuz-Şəki yolunun yenidən qurulması işlərini həyata keçirənlərdən biri də 17 saylı yol istismar idarəsi olub.

“ATF” MMC-nin sahibləri həm də “Göyçay Petrol-A” MMC-nin benefisiarıdır. Bu ilin fevralında Fövqəladə Hallar Nazirliyi (FHN) MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin (YDM) fəaliyyətini dayandırıb.

FHN-nin həmin vaxt yaydığı məlumatda bildirilirdi ki, məntəqədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

FHN obyektin bu şəkildə istismarını yolverilməz hesab edib.\\Qaynarinfo



Oxşar Xəbərlər

Xəbər lenti