İsrail darmadağın edir: İran sərhədə ordu yeritdi


Oktyabrın 7-də HƏMAS silahlılarının İsrailə qarşı başlatdıqları “Əqsa tufanı” əməliyyatı Orta Şərqdə terror yuvalarının məhvi üçün geniş antiterror əməliyyatlarının başladılmasına zəmin yaratdı. 

Tehranın ziddiyyətli bəyanatlarına baxmayaraq, İsrailə qarşı yeni hücumun İran hakimiyyətinin istəyi, SEPAH-ın “Qüds” qüvvələrinin dəstəyi ilə başladığına şübhə yoxdur. İran İsrailə qarşı hücum öncəsi ehtimal edilən əks hücumlara və qisas əməliyyatlarına qarşı geniş ehtiyat tədbirləri görüb. 

Sentyabrın 23-dən etibarən İran Quru Qoşunlarının 10 briqadası ölkənin şimal, cənub, qərb və şərq sərhədlərində yerləşdirilib, hazır vəziyyətə gətirilib. 

Bununla yanaşı, oktyabrın 4-də ordunun Hava Hücumundan Müdafiə Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb, yüzlərlə PUA-nın iştirakı ilə hücum və müdafiə əməliyyatlarını simulyasiya edib. Bu və başqa bu kimi çox sayda faktlar HƏMAS-ın İsrailə qarşı əməliyyatları İranla birgə planlaşdırdığına dəlalət edir. 

İki gün ərzində yüzlərlə insanın ölümü, minlərlə insanın yaralanması ilə nəticələnən hücumdan İran hakimiyyəti mümkün qədər siyasi təbliğat vasitəsi kimi istifadə etməyə, İsraili zəif göstərməyə çalışır. İran hakimiyyəti ilə yanaşı, bir sıra mərkəzlər və ekspertlər də İsrail ordusu və təhlükəsizlik, kəşfiyyat xidmətlərinin hücum barədə əvvəlcədən məlumatsız olduqlarını deyirlər. Onlar İsrailin bəlkə də “qəfl və gözlənilməz” hücuma məruz qalmaqda maraqlı olması ehtimalını unudurlar. 

HƏMAS silahlılarının ilk hücumda mülki insanlara qarşı qəddar davranışları onların mahiyyətini ifşa etdi, beynəlxlq ictimaiyyətin mütərəqqi kəsiminin onlara qarşı münasibətinin birmənalı olaraq pisləşməsinə səbəb oldu. Bu isə İsrailin terrorçulara qarşı geniş və amansız hərbi əməliyyatlara başlamasına tutarlı əsas verdi. 

Müdafiə naziri Yoav Qallantın dediyi kimi, İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələrin intensivliyi HƏMAS rəhbərlərinin məhvi ilə yanaşı, təşkilatın koordinasiyalılığının aradan qaldırılması və ordunun quru əməliyyatlarına başlamasına hazırlıqdır. 

Qəzza zolağında yerləşən silahlılara qarşı əməliyyat İranın bölgədə ən vacib dayaqlarından birini itirməsi ilə yanaşı, həm də uzun illərdir Orta Şərqdə sülh və sabitliyi təhlükəyə salan bütün terror yuvalarının məhvinin başlanğıcıdır. Bu, həm də on illərdir terror təşkilatları və Tehran rejiminin siyasi maraqlarının qurbanına çevrilən fələstinlilərin fəlakətlərdən qurtulmalarına xidmət edəcək. 

Tehran hakimiyyəti isə yaxşı bilir ki, Qəzzadan sonra İraq, Suriya, Yəmən və başqa bölgələrdə yetişdirdiyi və təşkilatlandırdığı terror qruplaşmaları ard-arda zərərsizləşdiriləcək, onun təhdid və terror yolu ilə mövcudluğunu qorumaq imkanları əlindən alınacaq. 

Onu da qeyd etmək lazımdır ki, Amerika da Orta Şərqdə terror yuvalarının tamamilə məhvinə razı deyil. Vaşinqton hələlik Tehran rejiminin ömrünün mümkün qədər uzanmasını istəyir. 

Tehran hakimiyyətinin bölgə ölkələrini davamlı təhdid altında saxlaması ABŞ-nın bölgədəki siyasi və maddi maraqlarının təminində, Orta Şərqdə hərbi mövcudluğunun qorunub saxlanılmasında misilsiz rol oynayır. 

Bütün etirazlara baxmayaraq, ABŞ hökumətinin İranın 6 milyard dollar dondurulmuş vəsaitinin bu ölkəyə geri qaytarılmasına razılıq verməsi Bayden hakimiyyətinin ayətullahlar üçün ən böyük dəstəyi hesab edilə bilər.

axar.az  



Oxşar Xəbərlər

Xəbər lenti