8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş sabiq şöbə müdiri Dürdanə Əliyevanın şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Sozcu.info xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Xanım müttəhim özünü təqsirli bilmir, bəraət qərarı çıxarılmasını istəyir.
Əliyevanın vəkili Rövşən Mərəndskiy yuxarı instansiya məhkəməsində bir sıra şəxslərin bu iş üzrə yenidən dindirilməsini təklif edib. Vəkil bu haqda vəsatət qaldırıb. Vəsatətdə adı keçən şəxslərdən biri BSU-nun sabiq rektoru Nurlana Əliyevadır. Ona görə ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsindəki ifadələrində tələbələrdən alınan pulların rektora çatdığını, özünün sadəcə verilən tapşırıqları icra etdiyini deyib. N.Əliyeva həmin vaxt şahid qismində məhkəməyə gətirilmişdi.
O, hakim qarşısında şöbə müdirinin dediklərini inkar edib, baş verənlərdən ümumiyyətlə xəbəri olmadığını bildirib.
Hazırda müdafiə tərəfi hesab edir ki, sabiq rektor yenidən məhkəmədə dindirilməlidir. Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti vəsatəti nə təmin, nə də rədd edib. Qeyd edilib ki, dəlillərin araşdırılmasına zərurət yaranarsa, vəsatət yenidən müzakirəyə çıxarılacaq.
Baxış iclası martın 19-u davam edəcək.
Qeyd edək ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.