Talıbovların çökən biznesi yüzlərlə adamı işsiz qoydu


Naxçıvanlı siyasətçidən təklif: “Talıbovlara aid müəssisələr dövlətin əmlakı olaraq sənədləşdirilməlidir və fəaliyyət göstərməlidir ki, insanlar orada işləsinlər”

“Naxçıvandakı siyasi dəyişiklikdən sonra son bir ildə 51 min nəfər öz iş yerini itirib. Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərindən bu nəticəyə gəlmək olar. Bağlanan iş yerlərinin demək olar ki, hamısı vaxtilə keçmiş hakim ailə Talıbovlara məxsus olmuş özəl sektorun payına düşür. 2023-cü ilin əvvəlində Naxçıvanda baş verən siyasi dəyişiklikdən sonra Talıbovlara məxsus bütün müəssisələr ailənin əlindən alındı və tədricən fəaliyyətini dayandırdı. Yeni iş yerləri haqda isə düşünən olmadı”. Bu barədə “Gündəlik Naxçıvan” yazır. 

Bildirilir ki, daxili intriqalardan ən çox əziyyət çəkən yerli əhalidir. İş yerini itirmiş 51 min nəfərin az qala yarısı vətəndən didərgin düşüb, Bakıda, Türkiyədə, yaxud da başqa xarici ölkələrdə iş axtarmağa məcbur olub.

Şərur rayon sakini Rafiq İbrahimov deyib ki, son bir ildə təkcə onun tanıdığı 10-larla şəxs iş axtarmaq üçün Naxçıvanı tərk edib. Köçənlər arasında onun qardaşı da var: “Qardaşım "Nəqşicahan Holdinq"də fəhlə işləyirdi. Siyasi dəyişiklikdən 2 ay sonra iş yoxdur deyib, ixtisara saldılar. Haraya üz tutdusa, işlə təmin olunmadı, şikayətinə baxan olmadı. 7 ay işsiz qaldı və əlacsızlıqdan, ailəsinə çörəkpulu qazanmaq üçün bir ay əvvəl Türkiyəyə işləmək üçün getdi". 

Vaxtilə “Gəmiqaya Holdinq”də fəhlə işləmiş Babək rayon sakini Nəcəf Qasımlı da işsizlikdən Naxçıvanı tərk etməyə məcbur olduğunu deyib. Onun sözlərinə görə, son aylarda 500 nəfərə yaxın nehrəmli Türkiyəyə iş axtarmağa gedib.

Hesablamalara görə, sayı 500 min olan Naxçıvan əhalisinin təxminən yarısı 30 ilə yaxın davam etmiş Talıbov idarəçiliyindən qaçaraq, vətənini tərk etmişdi. Siyasi dəyişiklikdən sonra belə bir ümid yaranmışdı ki, iqtisadi rəqabət mühiti yaxşılaşacaq, siyasi yumşalma olacaq və əhali geri dönəcək. 

Lakin qeyd olunanlardan belə görünür ki, bu ümidlər hələ ki doğrulmur. O zaman çıxış yolu nədir? Nələr edilməlidir?

Millət vəkili Fərəc Quliyev 60 illik yubileyini keçirib - Fotolar

Fərəc Quliyev 

Naxçıvanlı siyasətçi, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Vasif Talıbovun zamanında qurulmuş sistemin

dəyişdirilməsi müəyyən zaman tələb edir və həmin sistemin dəyişməsi prosesi istər-istəməz problemlər meydana çıxarmalı idi: “Əsas məsələ odur ki, həmin problemlər mümkün qədər tez həll edilsin. Naxçıvanda çox dərin bir böhran yaradılmışdı. Mən indiyə qədər də təəccüblənirəm ki, Vasif Talıbov və onun çevrəsi layiq olduğu hüquqi cəzasını niyə almayıb. Ən azından belə fikirlər var idi ki, 3 milyard dollar civarında Suriyadakı Kürdüstan bölgəsində neftayırma zavodlarına vəsait qoyulmuşdu. Bu, təbii ki, oğurluq vəsait idi. İranda müştərək müəssisələr yaradılmışdı. Oraya da çox nəhəng məbləğdə pullar sərf edilmişdi. Bütün bu milyardlarla vəsait Naxçıvanın inkişafına yönəldilmək əvəzinə, kənar yerlərə yerləşdirilmişdi. Naxçıvanın daxilində isə monopoliya o həddə idi ki, Talıbovlar və yaxın ətraflarından başqa heç kim orada müəssisə-filan aça bilmirdi. Bir zamanlar açılan müəssisələri isə bağlamışdılar. Heç kim sərbəst şəkildə fəaliyyət göstərə bilmirdi. İndi bütün bu qanunsuzluqların araşdırılması şübhəsiz ki, getməlidir. Və bu zaman qanunsuz fəaliyyət göstərən hansısa müəssisələrin müəyyən müddətdə fəaliyyətinin dayandırılması normaldır. Ancaq bununla paralel olaraq insanların iş yerləri ilə təminatı istiqamətində ciddi addımlar atılmalıdır. Naxçıvan əslində blokadadır. Zəngəzur dəhlizi məsələsi həll olunsaydı, Naxçıvanın inkişafı, əhalisinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər sürətlə gedərdi. Naxçıvanın potensialı var və bu potensialdan istifadə edilməsi üçün yerli hakimiyyətin proqramları var. Yaxşı fikirləri, ideyaları var, vizion doğrudur. Amma bu ideyaların, proqramların praktiki həyata keçirilməsində müəyyən gecikmələr var. Çox ciddi potensial var ki, dərhal istifadə eləmək mümkündür. Ordubadda qızıl mədənləri var və fəaliyyət göstərirdi. Vasif Talıbov oranı bağlatdırmışdı. Bu  cür yerləri işə salmaq mümkündür. Naxçıvanın hər rayonunda emal zavodları açılsa, xeyli insanların məşğulluğu təmin edilmiş olar. Eləcə də dondurucu anbarlar yaradılsa, əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün imkanlar açılar. Camaat məhsul istehsal etməkdə maraqlı olar və qazanc əldə edər. Nəticədə Naxçıvanda bolluq yaranar, ixracat imkanları da meydana gələr. Gömrük tariflərinə də baxıla bilər. İş qurmaq istəyən sahibkarlara, xüsusən də kiçik və orta bizneslə məşğul olmaq istəyənlərə vergi güzəştləri tətbiq edilməlidir. Uyğun şərtlərlə kreditlər verilməlidir. Naxçıvanın turizm imkanları işə salınmalıdır”.

F.Quliyev hesab edir ki, Vasif Talıbova aid olduğu deyilən böyük müəssisələri uzun müddətə bağlamaq lazım deyil. Onlar qanuni formada fəaliyyət göstərməlidir: “Həmin müəssisələr dövlətdən əldə edilmiş qanunsuz vəsaitlərlə yaradılıb. Ona görə də həmin müəssisələr dövlətin əmlakı olaraq sənədləşdirilməlidir və həmin müəssisələr fəaliyyət göstərməlidir ki, insanlar orada işləsinlər. Zatən Naxçıvanda əhali az idi. Elə etmək lazımdır ki, əhalinin sayı daha da azalmasın, insanlar Naxçıvandan köçməsinlər, gedənlər isə geri qayıtsınlar. Prezidentin Naxçıvana təyin etdiyi xüsusi nümayəndə və onun ətrafındakı komanda dürüst insanlardır. Sadəcə, bir az tələsmək, işləri sürətləndirmək lazımdır. Hara imkan varsa, dərhal oraya əl atmaq lazımdır.

 Naxçıvanın böyük potensialı işə salınsa, heç kim iş üçün kənara getməz”.  

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”


Aydın Quliyev

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirdi ki, Talıbovdan sonra iş yerlərinin ixtusara düşməsi əsasən tikinti sektorundakı proseslə bağlıdır. İşləyənlərin mütləq çoxu tukintilərdə fəhlə işləyirdi. Talıbovdan sonra tikintilər dayandı, çünki tukintilərə vəsait ayrılmadı: “Bu sadə izahı Naxçıvanda hər kəs bilir. Niyə vəsait ayrılmadı? Bunu Naxçıvanın indiki rəhbərliyi bilir və bilməlidir.
Naxçıvandan bir nəfər dövlət məmuru iş dalınca Türkiyəyə köçməyib, oturub dövlət təşkilatında əvvəlki kimi maaşını alır. Ancaq zərbə büsbütün Talıbovların inşaat meydançalarında işləyən fəhlə qisminə dəydi. İxtisara düşmüş 52 min iş yerinin mütləq çoxunda bu adamlar işləyirdi.

Naxçıvanda 500 min əhalinin yaşadığı barədə qeyd olunan rəqəm yanlış rəqəmdir. Kim hardan alıb bu rəqəmi? Sovet dövründə orada əhali 360 mindən çox deyildi. Sonra əhali artsa da, bu artımdan 10 dəfələrlə çox adam Naxçıvanı tərk etdi. İndi orada 500 min adam necə qala bilər?! Bu tam yanlışdır. Naxçıvanda işləyən əhali ən çoxu 100-110 min nəfər olardı-olmazdı. İndi bunun 52 mininin işi bağlanıb. Talıbovların dövründə bu 52 minin 35- 40 mini yəqin ki, tikintilərdə fəhləlik edirdi, qalanları isə şirkətlərin ofislərində inzibati heyəti təmsil edirdilər.

Vəziyət ürəkaçan deyil. Naxçıvanın indiki rəhbərliyi təşəbbüskarlığı artırmalıdır, müvafiq instansiyalar qarşısında məsələ qaldırmalıdır. Oradakı bütün məsuliyyət onun üzərindədir. Naxçıvanda bir yanlış mülahizə dolaşır. Görünür ki, kimlərsə fikir yayır ki, Naxçıvanın builki büdcəsinin dotasiya hissəsi 100 milyon manatdan çox ixtisar edildiyi üçün ağır vəziyyət və işsizlik buradan qaynaqlanır. Dotasiyadan 100 milyon hissə həqiqətən kəsilib. Ancaq problemi bunun üstünə atmaq olmaz. Hamı bilir ki, bu 100 milyonluq hissə təxminən Talıbovların şişirtdiyi hissə idi. Bunu nə üçün şişirtmişdilər, bəllidir .

Yerdə qalan hissə ilə də Naxçıvan üçün böyük iş görmək olar. Heç kim məsuliyyəti başqalarının üsrünə atmasın. O camaat ağır dövrlərdə Heydər Əliyevin yanından çəkilməyən toplum olub. Onlara qarşı düşünülmüş laqeydlik etmək olmaz”.

“Yeni Müsavat”



Oxşar Xəbərlər

Xəbər lenti