8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan Muxtar Respublikasında 2011-ci ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçular (MAXE) və gizirlər məzuniyyətə 30 gün əvəzinə 15 günlük buraxılıblar. Bununla bağlı Hurriyyet.az-a verilən məlumatda deyilir ki, bu proses 2020-ci ilə qədər davam edib.
Onu da qeyd edək ki, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Naxçıvan əməliyyatı" zamanı digər bir çox məsələlər kimi bu işin də üstü açılıb. Beləliklə, məlum olub ki, hərbçilərə 15 günlük məzuniyyət haqqı ödənilməyib. Bundan sonra göstəriş verilib ki, hərbçilərin məzuniyyət haqları kompensasiya şəklində ödənilsin.
Məsələnin maraqlı tərəfi ondadır ki, indiyədək hərbçilərin bir qismi onlara ödənilməli olan məbləği ala bilmirlər. Deyilənlərə görə, məzuniyyət haqlarını yalnız adamı, tanışı olanlar alıb. Yerdə qalanları isə "Narahat olmayın, ödəyəcəyik" bəhanəsi ilə yola verirlər.
Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətindən isə bildirilib ki, MAXE və gizir heyətinə 15 gün yaz-yay və 15 gün yaz-qış mövsümündə ümumilikdə 30 gün məzuniyyət verilir: "Əgər hər hansı hərbi qulluqçu varsa, çıxsın desin ki, mənə cəmi 15 gün məzuniyyət verilib. 5 gün isə hərbi qulluqçular öz istədikləri vaxt çıxa bilirlər. Yəni, yas yeri, toyu, vacib işi olduğu müddətdə götürürlər. O ki, qaldı məzuniyyət puluna, bütün pullar verilir. Əgər Müdafiə Nazirliyindən sifariş əsasında pulların yubadılması halı olarsa, onun günahı Müdafiə Nazirliyində yox, Maliyyə Nazirliyindədir. Hərbi qulluqçuların ailə, məişət və digər problemləri ilə bağlı həftənin 4-cü günü qəbul keçirilir. Məzuniyyət pulunun verilməməsi ilə bağlı keçirilən qəbula həmin hərbi qulluqçu müraciət edib? Sizə bildirim ki, həmin qəbulda kimin nə problemi olursa səlahiyyətlər çərçivəsində dərhal həll edilir".
Hurriyyet.az
P.S. Diqqətinizə çatdırmaq istərdik ki, həmin hərbçilər təhlükəsizlik baxımından ad və soyadlarını gizli saxladıqlarını bildirirlər. Çünki üzləşdikləri haqsızlığa etiraz etdikdə onları işdən çıxarılacaqları ilə hədələyirlər. Lakin biz ümid edirik ki, Əlahiddə Ümumqoşun Ordusunun və Müdafiə Nazirliyinin yetkili şəxsləri məsələni nəzarətə götürəcək və yaranmış problem tez bir zamanda aradan qaldırılacaq.