8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi dünyanın gündəmini məşğul edib. Son 3 gündür bu qorxunc olay barədə müxtəlif fikirlər səsləndirilir.
Üstündən günlər keçməsinə baxmayaraq, “Krokus Siti Holl” teraktının kimlər, hansı təşkilatlar tərəfindən törədildiyi haqda konkret məlumat yoxdur. Bu da hadisə ətrafında sirr pərdəsini getdikcə böyüdür.
İlkin reaksiyalarda əsas fikir bu idi ki, terror aksiyası Rusiya dövləti tərəfindən törədilib. Amma sonradan bu fikir xeyli dərəcədə arxa plana keçdi. İlk gündən bu versiyanı istisna edənlərin sayı çox oldu. Çünki məntiqdənkənar, dünyadakı gedən proseslərə tam zidd, bəsit bir yanaşmadır. Avtoritar liderlər heç vaxt zəif və çarəsiz görünmək istəməzlər. Hələ onu dəstəkləyən xalqı qarşısında əzilmiş, məğlub edilmiş durumda olmağı əsla qəbul etməzlər. Terrorun dünyanın aparıcı gücləri tərəfindən Rusiyanın cəzalandırılması üçün təşkil olunduğu hazırda əsas versiyalardandır.
Terrorda şübhəli bilinərək saxlanılanların ciddi bilgiyə sahib olduqları inandırıcı deyil. Bu, “hücrə sistemi” ilə təşkil olunmuş əyləmdir və əksəriyyət bir-birini tanımır. Uzaqbaşı terrorçular arasında tanışlıq ola bilər. Bu tanışlıq da ibtidai məlumatlardan o yana keçə bilməz.
Terrorun arxasında ABŞ və Böyük Britaniyanın dayandığı haqda mülahizələr var. Rusiya Prezidenti Vladimir Putin ötən gün keçirdiyi iclasda buna eyham vurub. Deyib ki, terror aktı radikal islamçıların əli ilə törədilib. Diqqət edin, Putin demir, terroru radikal islamçılar törədib. Onların əli ilə törədildiyini vurğulayır. Sitat:
“Amma biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla hamını inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, guya Moskva terrorunda Kiyev izi yoxdur. Dərhal sual yaranır: Bu hadisədən kimə fayda var? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlər üçün faydalı ola bilər”.
O əlavə edib ki, nasistlər, məlum olduğu kimi, məqsədlərinə çatmaq üçün heç vaxt ən çirkli və qeyri-insani vasitələrdən istifadə etməkdən çəkinməyiblər.
Bu cümlələrdə hər şey var. Və Putin dünyaya mesaj verir ki, terrorun sifarişçilərini və təşkilatçılarını tanıyır…
V.Putin ilk gündən terror hücumunun arxasında bu və ya digər formada Ukraynanın dayandığı versiyasını ortaya atıb. Əslində, bu qanlı olayın Ukrayna müharibəsi ilə əlaqəsinin olduğunu demək mümkündür. Putinə, onun işğalçı siyasətinə bu şəkildə cavab verilə bilər. Rusiya ordusunun iki ildən bəri davam edən intensiv hücumları zamanı Ukrayna ərazisində minlərlə dinc insan öldürülüb. Onların qisasını almaq, bütövlükdə rusların gözünü qorxutmaq üçün belə addıma gedilməsi mümkündür. Müharibədə tərəflər məğlub olmamaq üçün bir-birilərinə qarşı ən qəddar yollara baş vurmaqdan çəkinmirlər.
Terrorda iştirak edənlərin radikal islamçı olmaları haqda məlumatlar da çox şeydən xəbər verir. Bu xarakterli hücumların arxasından son 10 ildir İŞİD çıxır. Necə ki, FETÖ çökdürülənə kimi Türkiyədə az qala ayda bir dəfə İŞİD terror törədirdi. Yeri gəlmişkən, “Krokus Siti Holl” teraktı ilə 2017-ci ilin yanvar ayının 1-də İstanbuldakı Reina gecə klubundakı qətlim arasında xeyli oxşarlıq var. Orda da qatil qarşısına çıxanı avtomat silahla taramışdı. İstanbuldakı terakt nəticəsində 39 insan öldürüldü, 70-dən çox adam yaralandı. 2016-cı ildən sonra Türkiyədə demək olar ki, terror baş vermədi. Çünki silahlı hücumlar Türkiyənin içindən, hakimiyyətin daxilindən – FETÖ tərəfindən koordinasiya edilirdi. Olmaya, Putinin də “FETÖ”su var?..
Moskva hücumu İŞİD-in təkbaşına bacaracağı iş deyil. İŞİD burda sırf icraçı ola bilər. Necə ki, V.Putin bunu söylədi. Terrorun üstü açılsa, son 10 ildə baş verən əksər terror aksiyalarının haradan sanksiyalaşdırıldığı aydın olar. Ona görə “Krokus Siti Holl” teraktının təşkilatçıları, sifarişçiləri işlərini qarantiyaya alıblar – işi “hücrə sistemi” tətbiq etməklə görüblər.
Təşkilatçılar, sifarişçilər bir məqsədlərinə daha çatmağa çalışıblar – terroru müsəlmanların əli ilə törətməklə islamı, müsəlmanları qınağa, nifrətə tuş gətirmək istəyiblər. Məqsədlərinə müəyyən qədər çatıblar. 2001-ci ilin 11 sentyabr olaylarından sonra dünyada islama qarşı yaranmış qəzəb və qınağın növbəti dəfə qabarmasına çalışılıb.
Teraktın azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Siti Holl”da baş verməsi də təsadüfə oxşamır.
Əvvəla, Rusiya daxilində Azərbaycana qarşı olan qrupların fəallaşması müşahidə edilir. Teleaparıcı, jurnalist Vladimir Slovyov bu hadisədən sui-istifadə edərək Azərbaycana və azərbaycanlılara qarşı kampaniyaya başlayıb. Terror aktında Azərbaycan izini axtarmaq kimi axmaq bir həvəsə düşüb. Onun bu çirkin kampaniyasının arxasında erməni barmağının olduğu sirr deyil. Vladimir Slovyovun şər ortaqları erməni əsillilər – rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyi” yaxşı məlumdur. Bu üçlük hər fürsətdə Azərbaycanı hədəf göstərir. Erməni mafiyası bununla Azərbaycan-Rusiya münasibətlərini zədələməyə çalışır.
İkincisi, beynəlxalq miqyasda bununla Azərbaycana da mesaj ötürülə bilər. Azərbaycanın Rusiya ilə normal siyasi-iqtisadi münasibətləri var. Rəsmi Bakı Moskva ilə əlaqələri və münasibətləri qaydasında tutur. Qərb isə Ermənistandan sonra Azərbaycandan da Rusiya ilə bağlı seçim etməyi istəyə bilər. Necə ki NATO baş katibinin regiona səfərində üç Qafqaz ölkəsindən bununla bağlı tələbdə bulunduğuna dair versiya səsləndirilir.
Terrorçuların “Krokus Siti Holl”un binasına Fransa istehsalı Renault (Reno-red.) markalı avtomobillə gəlmələri də diqqətçəkən məqamdır. Bu təsadüfdürmü, yoxsa mesajdırmı? Yəqin, irəliləyən vaxtlarda bu və başqa məqamlar aydınlaşar.
Globalinfo.az