Tələbələrə ŞAD XƏBƏR: Güzəştlər OLACAQ


Azərbaycanda ali təhsil alan tələbələr üçün müəyyən şərait yaradılıb. Ancaq hazırkı vəziyyət onların maddi durumunun yaxşılaşdırılması üçün daha çox addımlar atılmağın zəruri olduğunu göstərir. Sosial qayğılar tələbələrə dərslərinə yetəri qədər adaptasiya olmağa imkan vermir.

Bəs çıxış yolu nədir?

Millət vəkili Ceyhun Məmmədov sözügedən məsələ barədə “Yeni Sabah”a danışıb və atıla biləcək addımlar haqda öz fikrini bildirib:

“Ümumiyyətlə, dünyanın bir sıra ölkələrində belə bir sistem fəaliyyət göstərir. Yəni, tələbələr üçün müəyyən güzəştlər nəzərdə tutulur. Xüsusilə də bura nəqliyyatdakı güzəştləri daxil edə bilərik. Dünyanın əksər ölkələrində nəqliyyatla bağlı gənclərə, tələbələrə güzəşt edilir, xüsusi kartlar verilir.

Azərbaycanda da sözügedən məsələ barədə bir müddətdir ki, müzakirələr aparılır. Hesab edirəm ki, tələbələrə mütləq müəyyən güzəştlər edilməlidir. Əsasən də, ictimai nəqliyyatda bunu tətbiq etmək yaxşı olar. Çünki gedişhaqqı artandan sonra bu, onların büdcəsinə olduqca mənfi təsir göstərir və tələbələrin valideynləri üçün də müəyyən çətinlik yaradır. Bir ailədə bir neçə nəfərin təhsil aldığına nəzər salsaq, sözügedən artımlar həmin ailənin büdcəsinə ciddi təsir göstərir. Ona görə də, bu barədə düşünməli, az və cüzi də olsa, güzəşt məsələsi gündəmdə ola bilər”.

Deputat tələbələrin yerləşdirilməsi probleminə də toxunub:

“Hesab edirəm ki, dövlət kirayə yox, yataqxana məsələsi barədə addımlar atmalıdır. Hazırda yataqxananın olmaması tələbələrə çox mənfi təsir göstərir. Məcburi köçkünlər yavaş-yavaş öz yurd-yuvasına köçürülür. Onlardan qalan evlərin tələbələrə verilməsi yataqxana məsələsinin ən qısa şəkildə həllini tapması deməkdir. Buna görə də real addımlar atılmasına böyük ehtiyac var”.

C.Məmmədov universitet yeməkxanalarında olan qiymətlərin də baha olduğunu diqqətə çatdırıb:

“Digər bir məsələ tələbələrin universitet daxilində qidalanması və buna xərclənən vəsaitlə bağlıdır. Universitetlərin hamısında yemək qiymətləri heç də əlçatan deyil. Bu məsələyə də bir həll yolu tapmaq üçün çalışmaq lazımdır. Türkiyədə tələbələr həm sulu, həm quru xörəkləri, həmçinin, əlavə salat, şirniyyat kimi qidaları bizim pulla 1-2 manata alıb bundan bəhrələnirlər. Hesab edirəm ki, bizdə də bu mənada müəyyən adımlar atılmalıdır. Düzdü, dövlət tərəfindən tələbələrə dəstək göstərilir. Ancaq sözügedən məsələlərə də baxmaq və həll yolu tapmaq olduqca vacibdir”.



Oxşar Xəbərlər

Xəbər lenti