22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Küba enerji böhranı ilə üz-üzə: Rusiya nefti müvəqqəti çıxış yolu kimi qiymətləndirilir
Kübanın Enerji və Təbii Sərvətlər naziri Vicente de la O Levy bildirib ki, Rusiyadan adaya göndərilən neft tədarükü ölkənin enerji ehtiyaclarını uzunmüddətli perspektivdə qarşılamaq üçün kifayət etmir. Nazir dövlət televiziyasında çıxışı zamanı mövcud yanacaq ehtiyatlarının cəmi bir neçə günə tükənəcəyini vurğulayıb.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə Kübanın elektrik istehsalı və sənaye sahələrinin normal fəaliyyət göstərməsi üçün hər ay ən azı səkkiz oxşar həcmdə neft sevkiyatına ehtiyac var. Bu isə mövcud logistika və siyasi şəraitdə real görünmür.
Mart ayının sonunda paytaxt Havanaya çatan “Anatoliy Kolodkin” adlı Rusiya tankeri ABŞ-ın tətbiq etdiyi enerji məhdudiyyətlərindən sonra adaya daxil olan ilk böyük həcmli neft partiyası kimi qeydə alınıb. Aprelin ortalarında xam neftin Sienfuegos şəhərindəki emal zavoduna çatdırıldığı və burada benzin, dizel və mazut istehsalına başlandığı açıqlanıb.
Son dörd ayda gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən uzunmüddətli elektrik kəsintilərinin bu həftə bəzi bölgələrdə qismən azalması əhali arasında müəyyən ümid yaradıb. Yerli sakinlər vəziyyətdəki müvəqqəti yaxşılaşmanı “Putinin gəmisi” kimi adlandırdıqları Rusiya tədarükü ilə əlaqələndirirlər.
Bununla belə, ekspertlər bu rahatlamanın qısaömürlü olacağını düşünür. Rusiya tərəfi yeni yanacaq göndərişlərinə hazırlaşdığını bəyan etsə də, konkret tarix və ya həcm barədə məlumat verilməyib.
ABŞ Prezidenti Donald Trump daha əvvəl açıqlamasında digər ölkələrin, o cümlədən Rusiyanın Kübaya neft göndərməsinə açıq şəkildə qarşı olmadığını bildirsə də, bu addımların ölkənin ümumi vəziyyətini dəyişməyəcəyini qeyd edib.
Küba Prezidenti Miguel Díaz-Canel isə mart ayında çıxışı zamanı ölkəyə təxminən üç aydır xammal idxalının baş tutmadığını açıqlamışdı.
ABŞ-ın tətbiq etdiyi enerji sanksiyaları fonunda dərinləşən böhran Kübanı ciddi sosial-iqtisadi çətinliklərlə üz-üzə qoyur. Rusiya isə bu məhdudiyyətləri qeyri-qanuni hesab edərək onların dərhal ləğv olunmasına çağırır.
Arzuman Loğmanoğlu
Sozcu.info