Məktəblərin qarşısındakı köşklər nəzarət edilmir – Təhsil eksperti


Məktəblərin qarşısında enerji içkilərinin, tütün məmulatlarının və spirtli içkilərin satışı ciddi sosial və sağlamlıq problemlərinə yol açır. Bu məhsulların məktəb yaşlı uşaqlar üçün əlçatan olması, onların erkən yaşda zərərli vərdişlərə yiyələnməsinə və fiziki-psixoloji sağlamlıqlarına mənfi təsir göstərməsinə səbəb ola bilər.

Sozcu.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, məktəbliləri belə pis vərdişlərdən uzaq tutmaq üçün birinci növbədə məktəb yaxınlığında bu cür zərərli məhsulların satışı tamamilə yığışdırılmalıdır:

“Məktəblərin qarşısında fəaliyyət göstərən köşklərdə bu məhsulların satışının təşviq edilməsi cəmiyyətdə məsuliyyət və nəzarət mexanizmlərinin zəifliyini göstərir. Bu həm qanunvericiliyin gücləndirilməsini, həm də ictimai nəzarətin artırılmasını tələb edir. Valideynlər, müəllimlər və yerli idarəetmə orqanları bu məsələdə daha aktiv iştirak etməli və uşaqların sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməlidir.

Məktəblər uşaqların yalnız təhsil aldığı yerlər deyil, həm də onların sağlam və təhlükəsiz mühitdə böyüdüyü məkanlar olmalıdır. Bu səbəbdən, məktəblərin qarşısında zərərli məhsulların satışına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməli, həmçinin maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Gənc nəsli qorumaq hər birimizin vəzifəsidir”.



Oxşar Xəbərlər

Xəbər lenti