10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
“01 avqust 2025-ci ildən etibarən TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün dövlət tibb müəssisələrinin inzibati ərazilərində reklam hüququ eksklüziv olaraq yalnız “Medizin Reklam Agentliyi” MMC tərəfindən icra ediləcək”.
Sozcu.info “AzPolitika” istinadən xəbər verir ki, bu barədə “Medizin Reklam Agentliyi” MMC-nin direktoru Elmir İbadovun adından tibb müəssisələrinə məktub göndərilib. Bildirilib ki, hüquqi əsas TƏBİB-lə bağlanmış rəsmi Anlaşma Memorandumu ilə təmin olunur.
Məktubda “Reklam haqqında” Qanunun, Mülki və Rəqabət məcəllələrinin, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinin müvafiq müddəaları sadalanaraq, reklam fəaliyyətinin yalnız rəsmi müqavilələr əsasında həyata keçirilə biləcəyi vurğulanır.
Elmir İbadov qeyd edib ki, bundan sonra fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar yalnız “Medizin Reklam Agentliyi” MMC ilə müqavilə bağladıqdan sonra tibb müəssisələrinin inzibati ərazisində reklam və tanıtım fəaliyyəti göstərə bilərlər.
Onun sözlərinə görə, indiyədək bəzi şirkətlər TƏBİB-in tabeliyindəki müəssisələrə icazəsiz daxil olaraq dərman və tibbi məhsulların satışını təşviq edib. Bu isə həm eksklüziv hüquqların pozulması, həm də qanunvericiliyə zidd fəaliyyət kimi qiymətləndirilib.
İbadov əlavə edib ki, qanunsuz hallara yol verildiyi təqdirdə agentlik rəsmi xəbərdarlıq etmək, TƏBİB və dövlət qurumlarına müraciət etmək, kompensasiya tələbi irəli sürmək, eləcə də hüquq-mühafizə orqanlarına müraciət etmək səlahiyyətinə malikdir.
Məktubda xüsusi vurğulanır ki, TƏBİB tabeliyindəki müəssisələrdə hər hansı məhsulun reklamı və tanıtımı planlaşdırılarsa, öncədən agentliklə əlaqə saxlanmalı və müqavilə bağlanmalıdır.
Hurriyyet.az xəbər verir ki, “AzPolitika”ya daxil olan məlumata görə, bu müqavilələrin dəyəri 10–15 min manat arasında dəyişir. Məhz bu səbəbdən tibb müəssisələrinin rəhbərləri və sektorda fəaliyyət göstərən şirkətlər yeni qaydaları narazılıqla qarşılayıblar.
Adının açıqlanmasını istəməyən bir müəssisə rəhbəri deyib: “Bizim hər görüşümüz satış məqsədi daşımır. Sadəcə əməkdaşlıq üçün görüşlər keçiririk. Bunun üçün hansısa reklam firmasına yüksək məbləğdə pul ödəmək absurddur”.
Qeyd edək ki, “Medizin Reklam Agentliyi” MMC rəhbərinin “maddi və reputasiya zərərinə görə kompensasiya” tələb edə biləcəyini açıqlaması da sektorda birmənalı qarşılanmayıb.
Ekspertlər hesab edirlər ki, məsələ ilə bağlı TƏBİB-in rəsmi açıqlaması zəruridir.