ADP tibbi xərclərin azaldılmasından narahatdır


Partiya hakimiyyəti əhalinin sağlamlığının qoruması istiqamətində addımlar atmağa çağırıb

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində önəmli irəliləyişlərin əldə edilməsini, hər iki dövlət başçısının yekun sülh sazişinin reallaşması üçün siyasi iradə nümayiş etdirməsini təqdir edib.

Prezident İlham Əliyevin Astana səfəri zamanı Ermənistana Qazaxısatan və Rusiya ərazisindən Azərbaycan üzərindən daşınan tranzit yüklər üzrə indiyə qədər tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına diqqət çəkən partiya yetkililəri bu addımı və ardınca Ermənistan Baş naziri Nikol Paşinyanın anoloji bəyanatlarla çıxış etməsini siyasi mədəniyyət örnəyi kimi qiymətləndirib.

İdarə Heyəti prezident İ.Əliyevin Astana səfərinin nəticələrinə münasibət bildirib və bu səfərin iki qardaş ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin dərinləşməsi, strateji tərəfdaşlıq xarakteri alması, iki ölkənin timsalında əldə edilən bu nailiyyətlərin bütövlükdə Türk Dövlətləri Taşkilatının güclənməsinə,  təşkilatın gələcəkdə Türk Dövlətəri Brliyi halına  gəlməsinə xidmət göstərməsi baxımından önəmli əhəmiyyətini qeyd edib.

İdarə Heyəti Rusiya ilə Ukrayna arasında davam edən və getdikcə daha amansız, qanlı, böyük itkilər, insan qırğınıları ilə müşayət olununan müharibənin davam etməsindən bir daha ciddi narahat olduğunu bildirib. Partiya yetkililəri son vaxtlar ABŞ prezidenti Donald Trampın regionu, eləcə də bütün dünyanı təhdid edən bu qanlı müharibənin başa çatması üçün göstərdiyi siyasi çabaları müsbət dəyərləndirib və Putin Rusiyasının bu müharibəni dayandırmayacağı təqdirdə Ukraynaya hərbi yardımın artırılmasının, uzaq hədəfə yetən strateji silahların verilməsinin, adı çəkilən ölkəyə isə, onun iqtisadi sütunlarını laxladan ağır sanksiyaların tətbiq edilməsinin qaçılmaz olduğu barədə bəyanatlarını təqdir edib və dünya xalqlarını Ukraynanın haqq işi uğrunda apardığı ədalətli mübarizəyə dəstək olmağa çağırıb.

İdarə Heyəti onillərlə Türkiyənin daxili nizamını pozan, kütləvi insan həyatına son qoyan, bölgəni, eləcə də dünyanı təhdid edən terror təşkilatı PKK-nın Türkiyədən tamamilə geri çəkilməsi barədə qərarını müsbət dəyərləndirib və dünya dövlətlərini bütün terror təşkilatlarının aradan qaldırılması istiqamətində səylərini birləşdirməyə çağırıb

İdarə Heyəti 2026-cı il büdcəsində tibbi xərclərin 30 faiz azaldılması ilə bağlı yayılan məlumatlardan narahat olduğunu bildirib və bu addımın atılmasını ölkə vətəndaşlarının konstitusiyada təsbit olunan sağlamlıq hüququnun pozulması, effektli səhiyyə xidmətinin zəiflədilməsi kimi dəyərləndirib və hakimiyyəti əhalinin sağlamlığının qorunması, bu sahədə vətəndaşların çiyninə yüklənən xərclərin azaldılması istiqqmətində ciddi tədbirlər görməyə və büdcədə nəzərdə tutulan tibbi xərcləri artırmağa çağırıb.

KƏNAN



Oxşar Xəbərlər

Xəbər lenti