23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.Sozcu.info-nun məlumatına görə, P.Həşimovun 51 yaşı tamam olur.P.Həşimov 1975-ci ilin 2 yanvarında Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonra isə o, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. P.Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təcavüzkar hücumunun dəf edilməsi zamanı qəhrəmancasına şəhid olub. Generalın şəhid olması xəbərini xalqa müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çatdırıb.2020-ci il Tovuz döyüşlərində general-mayor Polad Həşimovla yanaşı, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhid olub.İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səngərdə qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanımla telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.Xatırladaq ki, P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.Generalın adı Türkiyədə də əbədiləşdirilib. Qardaş ölkənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.Allah rəhmət eləsin!