Azərbaycanda həbsxanada sevgi əhvalatı: 23 minlik qarşıdurma


Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Köşübəyi Muradovun ailə üzvləri “Yeni Sabah”a müraciət ediblər. 

Onlar iddia edirlər ki, sözügedən müəssisənin tibb bacısı Cəvahir İmanova K. Muradovdan 2 il ərzində 23 min manat pul alıb. Ailə üzvləri deyir ki, həbsxanada olan K. Muradovla tibb bacısının arasında münasibət yaranıb, hətta onların bir müddət sevgili olduqlarını  iddia ediblər. 

“Köşübəyi həbsdən həyat yoldaşına, qohumlarına deyib ki, Cəvahirə pul vermək lazımdır. Hər dəfə 500,  1000 manat və müxtəlif məbləğlərdə ona pul verilib. Bu, 2 il müddətində davam edib. Biz sonradan pulu geri istəyəndə dedi ki, evimi satıb verəcəyəm. Bu barədə onun səs yazıları da var. Hətta iki dəfə onun üçün bahalı it alıb vermişik. Bütün pullar da kartdan-karta göndərilib. Yəni istənilən yerdə bunu sübut edə bilərik”.

Ailə üzvləri deyir ki, onlar verdikləri pulun geri qaytarılmasını tələb edirlər. Bununla bağlı Pentensiar Xidmətin rəhbərliyinə, prokurorluq orqanlarına müraciət etdiklərini bildirirlər. Lakin bu müraciətlə bağlı hələlik heç bir araşdırma aparılmayıb. 

“Biz neçə vaxtdır istəyirdik ki, bu məsələni ictimasiləşdirək. Lakin Köşübəyi həbsdə olduğu üçün ondan narahat idik ki, birdən ona problem yaradarlar. Həbsdən çıxmağına az müddət qalıb. Əlavə cəza verilə biləcəyindən ehtiyat edirik”.

“Yeni Sabah” məsələ ilə bağlı Cəvahir İmanova ilə əlaqə saxlayıb. Tibb bacısı bütün ittihamları rədd edib. O, bildirib ki, hazırda qarşı tərəfin müraciəti əsasında Pentensiar Xidmətdə araşdırma aparılır:

“Onlar mənə pul verilməyib. Baş Tibb İdarəsində bu haqda sübutlarım var. Çeklərim var ki, nə verilib, nə götürülüb. 23 min manatı onlar sübut etsin ki, mənə veriblər.

Mənim öz generalım var, izahatlarım var. Məni gəlib işin qabağında iş vaxtı təhqir ediblər, Köşübəyinin arvadı məni şantaj edib 600 manat pulumu alıb, çeki də məndədir. Şantaj vasitəsilə ki, o kirayə qalır və onun pulunu verməlidir.

Mən də onlardan şikayətçiyəm. Sadəcə gözləyirəm iş bitsin. Bu işin axırına çıxacağam. Əgər onlar mənə sübut etməsələr ki, 20 min pul veriblər, onlardan təzminat alacağam.

Dərəbəylik deyil ki... Mən 2 uşaq anası, tək qadınam. Oğlum əsgərlikdə ola-ola əsgər anasını bu vəziyyətdə qoyublar. Allah-Təala bunu götürməz. 

Sadəcə sakit durub gözləyirəm ki, bunların axırı necə olacaq. Bu hadisədən sonra məni işdən çıxarıblar, işsizəm. Yanvarın 6-dan işsizəm. 2 uşaq anası, tək ana, qalmışam işsiz, çörəkpulum yoxdur. Heç nədən xataya salıblar. Nə var-nə var ki, Köşübəyi mənə məhəbbət elan edib, mən də qəbul etməmişəm. Mənim 45 yaşım var, o yaşım deyil ki, belə şeylərə baş qoşum. Ona görə də mənimlə acıqlı düşüb mənimlə. Həmin Köşübəyi deyib ki, səni elə bir vəziyyətə qoyacağam ki, sən gəlib mənim ayaqlarıma oturub yalvaracaqsan. Mən elə adam deyiləm, ziyalı ailənin qızıyam. Mən başqa bir insan deyiləm ki, ora-bura qaçıb müraciət edim. O tərbiyənin yiyəsi deyiləm. Mənim dövlətim var, amma fakt məni işsiz qoydular, heç nədən mən bu saat işsizəm”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}