Dünən, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti – şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov, laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Yolçuyeva, aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Səbinə Seyidova və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Mehriban Nağıyeva Xantı-Mansiysk Muxtar vilayətinin rəhbərliyinin dəvəti ilə Xantı-Mansiysk şəhərində və Nijnivartovsk şəhərində ezamiyyətdə olublar. 19-21 mart 2023-cü ildə nümayəndə heyəti Yuqor Dövlət Universitetində və V.İ.Şpilman adına Yerin Rasional İstifadəsi üzrə Elmi-Analitik Mərkəzdə olublar. Fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Sozcu.info xəbər verir ki, nümayəndə heyəti 22-23 mart 2023-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin “Altıncı Beynəlxalq Gənclərin” elmi-praktiki forumunda iştirak ediblər.
Nümayəndə heyətinin rəhbəri akademik Vaqif Abbasov təşkil olunmuş dəyirmi masada müalicəvi Naftalan neftinin tədqiqatının nəticələri haqqında məruzə ilə çıxış edib.
Ayaz Məmmədov konfransda elmi məruzə ilə çıxış edib və onun çıxışı konfrans iştirakçıları tərəfindən bəyənilib.
Səbinə Seyidova və Mehriban Nağıyeva “İnnovasiya layihələri” müsabiqəsində (“Neftqaz texnologiyası”) məruzələrlə çıxış ediblər. Müsabiqədə Rusiya Federasiyasının nüfuzlu ekspertləri qiymətləndirmə aparıblar. Müsabiqədə 15 ölkədən nümayəndələr iştirak edib.
Sevindiricidir ki, müsabiqənin nəticələrinə görə qaliblər Azərbaycan və Rusiya Federasiyasının alimləri olub.
Mehriban Nağıyeva həvəsləndirici yerə layiq görülüb və ona 15000 rubl mükafat verilib. Rusiyanın gənc alimləri 2-ci və üçüncü yerlərə layiq görülüblər.
Müsabiqənin qalibi Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi Səbinə Seyidova olub. Birinci yerin qalibi kimi ona 150000 rubl mükafat verilib.
O da qeyd olunmalıdır ki, konfransın gedişində Neft-Kimya Prosesləri İnstitutu, V.İ.Şpilman adına Yerin Rasional İstifadəsi üzrə Elmi-Analitik Mərkəz və Rusiya Federasiyasının Reabilitasiya və Kurortalogiya üzrə Milli Tibbi Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığın təşkili üzrə razılıq müqaviləsi imzalanıb.
Akademik Vaqif Abbasovun ideyası və rəhbərliyi ilə yaradılmış və 1986-1990-cı illərdə Qərbi Sibirin demək olar ki, bütün neft yataqlarında istifadə olunmuş “Azəri” çoxfunksiyalı reagentinin yenidən istehsalı və istifadəsi üçün Xantı-Mansiysk Muxtar vilayətinin rəhbərliyi təklif irəli sürmüşdür.
Xüsusi qeyd edilməlidir ki, Rusiya Federasiyasının güclü neft və qaz ölkəsinə çevrilməsində müstəsna xidmətləri olmuş əfsanəvi həmyerlimiz, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Fərman Salmanovun adı bu vilayətdə xüsusi ehtiramla anılır. Vilayətin 4 şəhərində onun adına küçə var. Surqut şəhərinin hava limanına Fərman Salmanovun adı verilib.
Altıncı beynəlxalq forumda “F.Q.Salmanov adına V beynəlxalq akademik konqres”in keçirilməsi qürur vericidir.
Bütövlükdə şərqi sibirlilər “AZƏRBAYCAN” sözünə çox böyük hörmət və ehtiramla yanaşırlar. Bu hörmət və ehtiramın yaranmasında bu il 100 illiyini qeyd etdiyimiz dahi və müdrik Heydər Əliyevin SSRİ miqyasında böyük və əvəz olunmaz fəaliyyəti, çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının müstəsna uğurlu xarici siyasəti və yüzlərlə azərbaycanlı alimin mühəndislərin, yazıçıların, şairlərin, incəsənət xadimlərinin uğurlu fəaliyyəti böyük rol oynayıb və oynamaqdadır.