"Polis məni oğlumla təhdid edirdi, məcbur olub "etiraf"a qol çəkdim"

Qətl hadisəsinə görə üç ildən çoxdur həbsdə olan Polad İsmayılov deyir ki, bu cinayətin ona heç bir aidiyyəti yoxdur. Onun fikrincə, hüquq-mühafizə orqanları qətlin üstünün açılması görüntüsünü yaratmaq üçün onu qurban seçiblər.
Sozcu.info "Azadlıq Radiosu"na istinadla xəbər verir ki, bu günlərdə Ali Məhkəmə də o nəticəyə gəlib ki, İsmayılovun işinə məhkəmələr düzgün baxmayıb.
İsmayılov 2011-ci ilin fevralında Zaqatalada 61-yaşlı Seyran Əyyubovanı qətlə yetirməkdə suçlanır. "Mega Trans" MMC-də sürücü işləyən, yük maşınları idarə edən İsmayılov Zaqatala-Balakən bölgəsində olanda evini müxtəlif adamlara günlük kirayə verən Əyyubovanın evində qalırmış. Bəzən o evdə bir gündə 10-15 nəfər qalırmış. İddia olunur ki, hadisədən bir gün öncəki gecə ev sahibi İsmayılova onun istədiyi çarpayıda yatmağa icazə verməyib. Deyib ki, orada başqası gəlib yatacaq. Ertəsi gün yuxudan oyananda İsmayılov həmin çarpayını boş görüb, qadının ona yalan danışdığını düşünüb və ondan qisas almaqdan ötrü öldürmək qərarına gəlib. Səhər evdən çıxıb Zaqatala bazarına getsə də, günorta evə qayıdıb və Əyyubovanı bıçaqla qətlə yetirib.
50-yaşlı İsmayılov haqqında 11 illik cəza hökmünü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb. Bu hökmdən apellyasiya şikayəti versə də, nəticəsiz qalıb. Onun etirazlarına, bu cinayətin üzərinə işgəncə yolu ilə qoyulması haqda ifadələrinə və s. baxmayaraq, Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Lakin Ali Məhkəmədə Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, İsmayılovun işinə yenidən baxılmalıdır. Ona görə də aprelin 26-da Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və işi təkrar bu instansiyaya qaytarıb.

"Məcbur olub, etiraf ifadəsinə qol çəkdim"
Cinayət 2011-ci ilin fevralında baş versə də, İsmayılov doqquz il sonra – 2020-ci ilin fevralında həbs olunub.
İsmayılovun vəkili Zabil Qəhrəmanovun sözlərinə görə, müvəkkili fevralın 24-də telefon zəngi ilə Zaqatala rayon Polis Şöbəsinə çağırılıb və polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs olunub. İsmayılov özü isə məhkəmədə bildirib ki, haqqında məhkəmədən inzibati həbs qərarını alandan sonra ona polis şöbəsində işgəncələr verilib: "Məni döyüb öldürürdülər, bunlar öz yerində. Heç bir əxlaqa sığmayan şeylərlə, oğlumla belə, təhdid edirdilər. Ona görə məcbur olub etiraf ifadəsinə qol çəkdim...".
İnzibati həbsinin ikinci günü - fevralın 26-da İsmayılovun ərizəsi alınıb. Orada göstərilib ki, bu cinayəti törətdiyinə görə uzun müddətdir əzab çəkir, ona görə indi etiraf edir.
Vəkil Qəhrəmanov deyir ki, istintaq qadının evindən qan ləkələri tapıb. Belə qənaətə gəliblər ki, hadisə zamanı qatil də müəyyən xəsarət alıb. Ekspertiza zamanı tapılan qanın III qrup olduğu müəyyənləşdirilib. Amma İsmayılovun qanı I qrupdur. Hadisədən sonra istintaqa cəlb olunaraq müayinə edilən İsmayılovun üzərində isə heç bir xəsarət aşkarlanmayıb: "Deməli, bu adamın qanı ora düşə bilməzdi. Poladdan işgəncə altında ifadə alıblar ki, hadisədən sonra bıçağı Kürdəmirdə tulladım. Halbuki evdən də bıçaq tapılıb...".

Prokurorluq arqumentləri qəbul etmir
Amma işin istintaqını aparan prokurorluq müdafiəçinin arqumentlərini qəbul etmir. Ali Məhkəmədə də prokuror kassasiya şikayətinin təmin olunmamasını, qərarın dəyişmədən qüvvədə saxlanmasını istəyib.
Zaqatala rayon Prokurorluğunun 2020-ci ilin sentyabrında yaydığı məlumatda Seyran Eyyubovanın öldürülməsi ilə bağlı cinayətin üstünün doqquz il sonra açıldığı iddia olunurdu. Məlumatda deyilirdi ki, Polad İsmayılovun şəxsi münasibətlər zəminində münaqişə zamanı bıçaqla Seyran Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib: "Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib".



Oxşar Xəbərlər

Xəbər lenti