“İdrak” liseyində təhsil yox, təhlükə -Gizlədilən cinayətlər, susdurulan həqiqətlər


Bu gün Bakıda fəaliyyət göstərən “İdrak” liseyində şagirdin müəllimi odlu silahla yaralaması cəmiyyətdə ciddi narahatlıq doğurub. Təhsil müəssisəsi üçün fövqəladə hesab olunan bu hadisə təkcə bir insident kimi deyil, daha geniş və dərin problemlərin göstəricisi kimi qiymətləndirilməlidir.

Məsələ burasındadır ki, iddialara görə, bu, sözügedən liseydə baş verən ilk ağır kriminal olay deyil. Təxminən iki il əvvəl həmin tədris mərkəzində 8-ci sinif şagirdləri arasında paltardəyişmə otağında bıçaqlanma hadisəsinin baş verdiyi bildirilirdi. Lakin həmin vaxt lisey rəhbərliyinin məsələni gizlətdiyi, hadisənin ictimailəşməsinə imkan vermədiyi iddia olunur.

Əgər bu məlumatlar doğrudursa, sual açıq qalır. Necə olur ki, İdrak təhsil müəssisəsində ardıcıl şəkildə təhlükəli insidentlər baş verir, amma nə valideynlər, nə də ictimaiyyət vaxtında məlumatlandırılmır? Təhsil ocağının əsas vəzifəsi yalnız bilik vermək deyil, həm də şagirdlərin fiziki və psixoloji təhlükəsizliyini təmin etməkdir.

Baş verən son hadisə göstərir ki, problemləri ört-basdır etmək onları aradan qaldırmır. Əksinə, vaxtında reaksiya verilməyən risklər daha ağır nəticələrə yol aça bilir. 

Digər diqqətçəkən və ciddi sual doğuran məqam isə təhsil müəssisəsində mühafizə və təhlükəsizlik məsələsidir. Necə ola bilər ki, kifayət qədər yüksək təhsil haqqı alan bir liseydə şagird məktəbə silahla daxil ola bilir? Giriş-çıxışa nəzarət hardadır, mühafizə xidməti niyə yoxdur? Valideynlər övladlarını təhsil alsın deyə fantastik  məbləğləri ödəyir, təhlükə ilə üz-üzə qalsın deyə yox. Təhsil haqqının qarşılığında yalnız dərs deyil, təhlükəsiz mühit də təmin olunmalıdır.

Arzuman Loğmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti