Xaçmazda 9 yaşlı uşaq intihar etdi - Atası da 2 ay əvvəl özünü asmışdı

Xaçmaz rayonunda 9 yaşlı uşaq atasının intiharından təxminən iki ay sonra özünü asıb.
Sozcu.info - nun əldə etdiyi məlumata görə, hadisə rayonun Ağtala kəndində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Qeybullayev Oqtay Abdulla oğlu bir müddət öncə 4 övladı və həyat yoldaşı ilə birgə Ağtaladan Xaçmazın başqa kəndinə işləməyə gedib. Ailə o kənddə də yaşamağa davam edib.
O.Qeybullayev avqustun 11-də hazırda məlum olmayan səbəblərdən Ağtala kəndinə gələrək qəbiristanlıqda ağacdan özünü asaraq intihar edib. Həmin gün Oqtayın yeganə oğlu və ailənin sonbeşiyi, 2012-ci il təvəllüdlü Ramalın ad günü olub.
Atasının intiharından sonra ailə Ağtala kəndinə qayıdaraq doğma evlərində yaşamağa başlayıb. 9 yaşlı Ramal atasının ölümündən təxminən iki ay sonra oktyabrın 4-ü, günorta saat 12 radələrində həyətlərində özünü ağacdan asaraq intihar edib. Ailənin Ramaldan böyük olan 3 qız övladı qalıb.
O.Qeybullayevin qardaşı Rasim Qeybullayev “Qafqazinfo”ya bildirib ki, dünən Ramalın müəllimi üçün hədiyyə almağa getdiklərinə görə, uşağı ilk dəfə evdə tək qoyublar: “Müəllimlər günü üçün hədiyyə aldıq ki, Ramal pis olmasın. Evə qayıdanda gördük ağacdan özünü asıb. İpi necə, haradan tapdığını bilmirik”.
R.Qeybullayev qeyd edib ki, qardaşı Oqtayın 40 mərasimi ərəfəsində oğlu Ramal yuxuda atasını görüb: “Bir dəfə Ramal yuxusunu bizə danışdı. Dedi “Atam mənə dedi ki, özünü as, gəl bura, bura yaxşıdır”. Biz də Ramalla danışdıq, sonra bu məsələ unuduldu. Haradan biləydik ki, belə olacaq”.
Hər iki hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.
Murad Əhməd


Oxşar Xəbərlər

Xəbər lenti