“Azərişıq” ASC-nin əməkdaşlarını bıçaqlayan şəxsə hökm oxunub

“Azərişıq” ASC-nin əməkdaşlarını bıçaqlamaqda təqsirləndirilən Rəhim Kərimova hökm oxunub və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci il dekabrın 9-u saat 17 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydə alınıb.
İttihama görə, R.Kərimov sərxoş vəziyyətdə “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyən Firdovsi Mirzəyevi və balans mühəndisi vəzifəsində işləyən Şükür Mirzəyevə bıçaqla xəsarətlər yetirib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, F.Mirzəyev və Ş.Mirzəyev rayonun Quzanlı qəsəbəsində Elmira Əliyevaya məxsus yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman həmin şəxsin elektrik şəbəkəsinə qanunsuz qoşulması müəyyən olunub. Həmin şəxslər qadına bununla bağlı və elektrik sərfiyyatına görə borcunu ödəməməsi barədə iradlarını bildiriblər.
Bu zaman qadının evində qonaq olan tanışı R.Kərimov xidməti vəzifələrini icra edən F.Mirzəyevə və Ş.Mirzəyevə əlində olan bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
R.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Oxşar Xəbərlər

Xəbər lenti