8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Korrupsiyada təqsirləndirilən və ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 11 il həbs cəzası alan Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri Lütfi Qədirovun ailəsi dələduzluqla qarşılaşıb.
Sozcu.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, L.Qədirovun qardaşı və həyat yoldaşı ibtidai istintaq və məhkəmə prosesi zamanı onun həbsdən azad edilməsi, daha yüngül cəza almasına nail olmaq məqsədilə keçmiş polis zabiti, 1969-cu il təvəllüdlü Xanlar Əliyevə 52 500 manat pul veriblər. X.Əliyev vəd etdiyi işi 100 min manata həll edəcəyini, Lütfi Qədirovun azadlığa çıxmasından sonra onun ailəsindən daha 50 min manat alacağını bildirib. L.Qədirovun ailəsi də bu vədlə razılaşıb.
L.Qədirovun məhkəmələrində iştirak edən, onu yüksək vəzifəli şəxslərin vasitəsilə həbsdən azad etdirəcəyini bildirən Xanlar Əliyev vədinə əməl etməyib. Belə ki, L.Qədirova məhkəmənin hökmü ilə 11 il həbs cəzası verilib. Bundan sonra zərərçəkmiş tərəf prokurorluğa müraciət edib.
Araşdırmalar zamanı məlum olub ki, L.Qədirovun qardaşı Şirxan Qədirov Xanları sinif yoldaşı Əlifəttah vasitəsi ilə tapıb. Əlifəttah əvvəllər polis orqanlarında işləyib, hazırda isə onunla balıq ticarəti ilə məşğul olan Xanların bu işi müsbət həll edə biləcəyini deyib və tərəflər arasında vasitəçilik edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Xanlar və Əlifəttah Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər. Məhkəmənin 21 iyun 2022-ci il tarixli hökmü ilə Xanlar Əliyevə 8 il həbs cəzası verilib. Tərəflər arasında vasitəçilik etmiş Əlifəttaha qarşı isə 8 min manat cərimə cəzası tətbiq edilib.
Xatırladaq ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirova 11 il həbs cəzası verilib. Məhkəmənin qərarı ilə iş üzrə təqsirləndirilən Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.
Lütfi Qədirov qarşı qaldırılan 355 minlik mülki iddia da təmin edilib.