“Mən həbsdə olanda zənbil ilə qapıma gəlib” -Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Səbuhi Səlimovun məhkəmə prosesi davam etdirilib.

DİA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri səsləndirilib.

İlkin olaraq şahid İnqilab Əhədov dindirilib. O ifadəsində S. Səlimovu tanıdığını və onunla aralarında dini qardaşlıq olduğunu deyib: “Münsibətimiz var. 2011-ci ildən Azərbaycan İslam Partiyasından tanışıq. Mən dövlətə xəyanətdən həbsdə olarkən o, ailəmə, yaşlı anama hər zaman baş çəkib. Məlum məsələdir, soruşsanız ki, necə gedib, zənbili ilə qapıma gəlib”.

İ. Əhədov hakimin “ Partiyanın məqsədi nə idi?” sualına cavab olaraq “Dini məscidlərdən kənara çıxarmaq, insanları yaxşılığa dəvət edib, pislikdən çəkindirmək. Namazlarını qılırlar, alınlarını möhürə vururlar, hə qurtardı. Belə deyil axı...”

Hakimin “274-cü maddə ilə vətənə xəyanətdən azadlıqdan məhrum edilmisiniz. Buna nə münasibət bildirirsiniz?” sualına şahid İ. Əhədov bildirib ki, o, hökmlə razı olmayıb: “61 şahidim vardı. Heç biri üzümə durmayıb. Mən öz cinayətimi xırda qarışqa kimi görürdüm. 2011-ci ildən 2014-cı ilin mayın 16-na qədər partiyada fəaliyyətim olub”.

Hakimin “İstintaq ifadəndə “Səbuhini İslam Partiyası maliyyələşdirirdi, ona maaş verirdi. İslam Partiyasının gəliri İran Xüsusi Xidmət Orqanları tərəfindən təmin edilirdi” demisən. Buna nə deyirsən?” sualına şahid İnqilab Əhədov bildirib ki, o, belə bir söz deməyib.

Növbəti dindirilən şahid Rəşad Nəzərli ifadəsində deyib ki, o, S. Səlimovu hadisə vaxtı görüb və daha öncə onu tanımayıb: “Həmin gün idarəyə gəldilər. Axşamüstü idi. Bilmirdim kimdirlər, nəçidirlər. Dedilər gedirik. Dövlət əməkdaşları idi. Səbuhinin evinə getdik. Maşında gözlədim birinci sonra düşdüm. Niyə getdiyimizi bilmirəm. Evdə idik, sonradan çəkindim çıxdım çölə. İçəridə əməkdaşlar var idi. Mübahisə gedirdi. Sonra istintaqa dəvət olundum. İndi bələdiyyədə işləyirəm, ondan qabaq marketdə işləmişəm”.

Təqsirləndirilən şəxs Səbuhi Səlimov dövlət ittihamçısının “Evdən hansı əşyalar götürülüb” sualına cavab olaraq “Notbuk, 3 telefon, təqvim, dini kağızlar, dini və digər kinolar olan disklər, planşet”,- deyə cavab verib.

Növbəti dindirilən şahid Abbasov Elmin bildirib ki, o Səbuhini tanımır: “Xırdalan bələdiyyəsində vergi mütəxəssisi olaraq fəaliyyət göstərirəm. Hadisə barədə heç bir məlumatım yoxdur. Əməkdaşlar gəldilər, ünvana çatdıq. 10-15 dəqiqə maşında gözlədik. Sonra çağırdılar. Evə baxdıq, telefon, kompüter götürdülər. Dedilər məhkəmənin icazəsi ilə gəlmişik baxış keçirməyə.”

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin olunub.

Qeyd edək ki, Səbuhi Səlimov ötən il Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə Xəyanət) maddəsi ilə təqsirləndirilir. Səbuhi Səlimova qarşı irəli sürülmüş ittihama görə, o, İrandan maliyyələşərək Azərbaycanda iğtişaşlar törətməyə cəhd edib.



Oxşar Xəbərlər

Xəbər lenti