“POLİSLƏR MƏNİ DİLƏ TUTARAQ, HƏYƏTİMDƏ “NƏŞƏ” ƏKDİRDİLƏR” - Hacıqabul sakini: “Polis şöbəsinin 5 nəfər əməkdaşı mütəmadi olaraq gəlib “nəşə” kollarına baxış keçirirdilər…”


Hacıqabul rayonu, M.Müşfiq küçəsi, ev 86-da qeydiyyatda olmuş və yaşamış Əhmədov Şahmar vahid oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin iddiasına əsasən, polislər onu “oyuna salıblar”.

Şikayətçinin məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Mən, Əhmədov Şahmar Vahid oğlu, 1986-ci ildə Hacıqabul şəhərində anadan olmuşam.

3 il Naxçıvanski adına Hərbi Liseydə, 4 il H. Əliyev adına Hərbi Akademiyada təhsil almışam. 1 il TTM kurslarında oxumuşam. 10 ilə yaxın cəbhəboyu bölgədə hərbi xidmət etmişəm. Sonra xəstəliyimlə əlaqədar Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən Ruhi-psixiatrik xəstəxanasında, daha sonra hərbi hospitalın psixiatriya şöbəsində müalicə olunmuşam. Hərbi xidmətə yarasız olduğumdan, məni hərbi xidmətdən kənarlaşdırmışdılar.

Səhhətimdə problem yarandıqdan sonra bədbinliyə qapılıb narkotik vasitə (“nəşə”) istifadə etmişəm. Bu halımdan istifadə edən polis işçiləri məni dilə tutaraq, öz həyətimdə “nəşə” əkdirdilər. 2020-ci il ərzində, Fariz Qoçəliyev başda olmaqla, Hacıqabul Rayon Polis şöbəsinin 5 nəfər əməkdaşı mütəmadi olaraq gəlib həyətimdə əkdirdikləri nəşə kollarına baxış keçirirdilər. Onlar vəd verirdilər ki, məhsulu bölüb, mənə də istifadə etmək üçün verəcəklər.

Mən də xəstə olmuşam, huşum başımda olmayıb. Yaxın qohumum Möhü kişini çağırıb demişəm ki, polis işçiləri mənə nəşə əkdiriblər və deyirlər ki, qorxma biz olan yerdə heç kim səni həbs edə biməz, dalında durmuşuq, səni tutulmağa qoymarıq. Bağın yarısını da Möhü kişi əkdi. Möhü kişidə polislərin sözü ilə mənə dedi ki, qorxma onlar deyirlərsə, deməli heç nə olmaz.

Hörmətli Redaksiya!

2020-ci il oktyabr ayının 4-də, gecə saat 3 radələrində naməlum şəxslər “Bandotel”in əməliyyat işçiləri adı ilə həyətimizə əlisilahlı, baltalı, bıçaqlı insanlar basqın edərək məni həbs etdilər. Onlar əlimi-qolumu bağladılar, ağzımı skoçladılar, əkilmiş kolları UAZ maşınına yükləyib apardılar. Sonradan öyrəndim ki, bunlar “Bandotdel”in işçiləri deyil, Hacıqabul Rayon Polis şöbəsində KPZ-nin rəisi İsmayılın adamlarıdır. Bu 3 nəfərdən biri - Əli adlı şəxs İsmayılın qohumudur. O biri Şəmi adlı şəxs hazırda həbs olunub. Bu adamlar evə 2 sumka nəşə qoyub, məni həbs etdilər.

Hal-hazırda mən Ədliyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində yatıram. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişəm.

Hörmətli Redaksiya!
Sizdən çarəsiz qalmış bir Azərbaycan vətəndaşı kimi artıq dərəcədə xahiş edirəm ki, mənim cəzamın yüngülləşdirilməsi üçün köməklik göstərəsiniz. Atam dünyasını dəyişib, anam da yazıq qadındır, həbsxana ilə Hacıqabulun arasında qalıb, xəstədir. Bütün ümidlərimi sizə bağlamışam. Ümidvaram ki, siz mənim əfv olunmağım üçün köməkliyinizi əsirgəməyəcəksiz”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti