Mingəçevirdə mənzildən oğurladığı pulu restoranlarda xərcləyən şəxs tutulub


Mingəçevirdə mənzildən oğurladığı pulu restoranlarda xərcləyən şəxs tutulub/

Bu barədə Sozcu.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Hündürmərtəbəli binada yerləşən mənzilə eyvandan daxil olan naməlum şəxs oradan içərisində 3100 ABŞ dolları, 10 000 manat pul, müxtəlif qızıl-zinət əşyaları və ev sahibinə məxsus sənədlər olan çamadanı oğurlayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də mənzillərdən külli miqdarda oğurluqlar etdiyi üçün dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Rüstəm Əzizov saxlanılıb.

R.Əzizov ifadəsində evdə heç kimin olmadığını fürsət bilərək ora daxil olduğunu, niyyətini həyata keçirdikdən sonra pul və qızılları götürərək Bakı şəhərinə getdiyini bildirib. Araşdırma zamanı saxlanılan şəxsin çamadanda olan sənədləri iz itirmək məqsədilə yandırdığı, əldə etdiyi pulları isə qısa müddət ərzində paytaxtdakı əyləncə mərkəzlərində, bahalı restoranlarda xərclədiyi məlum olub.

Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, R.Əzizovun ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti