20 il həbsi istənilir: “Nərmin işi”ndəki şok ziddiyyətlər...


Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir. 

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib. Prokuror İlkin Süleymanovun ittihamda göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməsini, cəzasının yarısını ciddi rejimli, yarısını isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərtilə 20 il azadlıqdan məhrum edilməsini istəyib.

“Yeni Sabah” jurnalist Aytən Məmmədovanın “Nərmin işi”ndəki zidiyyətlərlə bağlı yazısını təqdim edir: 

- Prokurorluq yazır ki, İlkin Süleymanov 2020-ci il yanvarın 10-da tutulub. Amma məhkəmədə məlum oldu ki, yalandır, yanvarın 6-dan saxlanılıb. Bunu məhkəmədə dindirilən bütün kənd sakinləri, hətta Nərminin öz qohumları da təsdiqlədilər. Adamı niyə 4 gün qanunsuz polis şöbəsində saxlamısınız? Məqsədiniz nə olub?

- Sübutlarından biri də İlkinin telefonuyla bağlı ekspert rəyidir. Rəydə göstərilib ki, yanvarın 8-də saat 10.50-də İlkin telefonda transseksualın fotosuna baxıb. Yanvarın 6-dan onun polis şöbəsində olmasını və telefonunun alınmasını bir kənara qoyuram. İşin içində dindirmə protokolu var. O protokoldan məlum olur ki, həmin saatda İlkin müstəntiqin yanında dindirmədə olub. Deməli, ya ekspert yalan rəy verib, ya başqaları girib o telefona, ya da İlkin o fotoya müstəntiqlə birlikdə baxıb. Başqa variant yoxdur...

- Yanmış meyit tapılan yerdən müəyyən paltarlar və s. tapılıb. Hələ mən ondan danışmıram ki, necə olur, bədən kömürləşmə həddində yanır, amma üstündəki sintetik paltar yanmır? Hadisə yerindən tapılanlar maddi sübut adlanır. Bu maddi sübutlarla bağlı həm Səhiyyə Nazirliyinin ekspertləri, həm də Ədliyyə Nazirliyinin ekspertləri rəy verib. Deməli, Ədliyyə Nazirliyinin ekspertizasının rəyini oxuyanda məlum olur ki, maddi sübutlar yanvar-fevral aylarında onlarda olub. Səhiyyə Nazirliyinin ekspertiza rəyini oxuyanda belə məlum olur ki, onlarda olub. Aydın məsələdir ki, eyni əşyalar eyni vaxtda iki müxtəlif yerdə ola bilməzdi. Deməli, ortada daha bir saxtakarlıq faktı var – iki ekspertizadan birinin rəyi yalandır.

- Yanvarın 8-də İlkin şahid qismində ifadə verib, deyib ki, onun bu cinayətdən xəbəri yoxdur. Sadəcə, siqaret çəkməyə çıxanda yanğın görüb, dərhal qonşuya xəbər verib. Elə həmin gün – yanvarın 8-də onların evinə, həyətinə baxış keçirilib, iş üçün əhəmiyyətli heç nə tapılmayıb.

Yeri gəlmişkən, Azəri məhkəmədə dindirəndə soruşdular ki, filan vaxt harada idin? Dedi ki, evimdə yatmışdım. Vəkillər telefon zəngi ilə ona sübut etdilər ki, həmin vaxt gecə saat 5-in yarısında o, evində yatmayıb, Dondar Quşçuda – İlkingilin kəndində olub.

- Bu qanla bağlı başqa bir məsələ də var. Ekspertiza divardakı qan ləkəsinin II qrup olması haqda rəyi yanvarın 27-də verib, fevralın 21-də də prokurorluğa göndərib. Amma o vaxtkı Baş prokuror Zakir Qaralov hələ yanvarın 22-də artıq məktubunda göstərmişdi ki, İlkingilin həyətindən Nərminə məxsus qan tapılıb. Halbuki, o zaman ekspertizanın rəyi məlum deyildi. Divardakı qırmızı nöqtənin adi boya, insan və ya heyvan qanı olduğu belə, bilinmirdi. Baş prokuror nəyə əsaslanıb o məktubu yazmışdı?

- Hadisə yerindən nə tapılırsa, onların hamısı protokollaşdırılır. Hadisə yerindən tapılmayan bir sıra parça və geyimlərlə bağlı ekspertiza rəy verib. Məsələn, cins şalvar parçası. Hadisə yerindən – meyitin üstündən belə bir şalvar hissəsi tapılmayıb. Amma ekspert Aysel Cavadova rəy verib ki, onun üstündən İlkin Süleymanovun gödəkçəsinin lifi tapılıb. Cavadova məhkəmədə dindiriləndə ona deyildi ki, o cins şalvar parçasını hardan tapıb rəy verib? Nə hadisə yerindən belə şalvar hissəsi tapılıb, nə protokolda var, nə şəkillərdə var, nə də onunla birlikdə bağlamaları açan digər ekspert bunu görüb...

Həmin Cavadova yenə də hadisə yerindən tapılmayan, protokolda əksini tapmayan, şəkillərdə olmayan bir qırmızı parça da tapıb. İddia olunur ki, İlkin uşağın başına daşla vurandan sonra bu qırmızı əskini yaranın üstünə qoyub. Cavadova da rəy verib ki, tapdığı əski parçası ilə İlkinin bacısının evindən götürülmüş yorğanüzü eyni parçadandır.

Məhkəmədə Aysel Cavadova dindiriləndə bilirsinizmi nə oldu? Maddi sübutların saxlandığı torbalar açıldı və İlkinin bacısının evindən götürülən yorğanüzü çıxarılanda məlum oldu ki, yorğanüzüdən ekspertin əlindəki parca qədər hissə kəsilib...

- Uşağın 47 gün o evdə saxlandığı deyilir. Halbuki, o müddətdə İlkinin səhərdən axşama qədər toyda, Gəncədə, Tovuzun müxtəlif kəndlərində yas mərasimlərində olduğunu sübut edən faktlar var.

- Uşağın 47 gün saxlandığı iddia olunan otaqda paltar dəyişdiyini deyən şahidlər var...

- Nərminin atasıyla bağlı çox ciddi məsələlər ortaya çıxdı. Uşaq gündəliyində yazıb ki, atası digər iki bacısını istəsə də, onu istəmirdi. Həmin gündəlik də cinayət işinin materiallarında var. Atası hadisədən əvvəl anasını bıçaqlamağa cəhd edib. Bununla əlaqədar anasının və nənəsinin polisə şikayəti də olub. Bu barədə də işdə ifadə var. Atasından soruşan yoxdur ki, sən qızını qardaşıngilə gödəkçə arxasınca göndərmisən, evə gəlməyib, bəs niyə sonradan onunla maraqlanmamısan, ciyəraxşamına getmisən? Onsuz özün də axşam həmin qardaşınla birlikdə ciyəraxşamına gedəcəkdin, daha niyə uşağı əvvəldən onlara gödəkçə arxasınca göndərirdin? Nərmin atasının köhnə gödəkçəsini əmisigildən götürüb itkin düşmüşdü, bəs atası nə geyinib ciyəraxşamına getmişdi? Axı onu gödəkçə arxasınca göndərmişdi...

Bu işdə ziddiyyətlər və cavabsız suallar həddindən artıq çoxdur...



Oxşar Xəbərlər

Xəbər lenti