8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Samir Adıgözəlli: "Digər faktor isə soydaşlarımızın vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında zəif təmsilçiliyidir"
Gürcüstanda keçirilən parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb. Majoritar dairələrdə keçiriləcək ikinci turdan sonra onların sayı 5 də ola bilər.
Hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faiz səslərini toplayaraq deputat mandatı qazanıb.
Daha bir soydaşımız, ölkənin əsas ana müxalifəti sayılan "Vahid Milli Hərəkat" partiyasının üzvü Azər Süleymanov da proporsional siyahı üzrə mandat əldə edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, artıq bülletenlərin 100 faizi sayılıb və ilkin hesablamalara görə, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib. "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası 48,65 faiz, "Vahid Milli Hərəkat" partiyası 27,11 faiz, "Gürcüstan Vətənpərvərlər Alyansı" isə 5 faiz səs toplayıb. Əsas müxalifət partiyalarından olan "İrakli Alasaniya- azad demokratlar" partiyası 4,62 faizlə mandat qazana bilməyib. Parlamentdə təmsil olunmaq üçün hər bir partiya 5 faizlik həddi keçməlidir.
Gürcüstan MSK-nın məlumatına görə, əksər majoritar dairələrdə namizədlər lazım olan səsi toplaya bilməyib. Ona görə də həmin dairələrdə ikinci tur keçiriləcək. İkinci turun noyabrın 2-də keçiriləcəyi gözlənir.
Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonu ərazisində təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı, Əhməd İmamquliyev qələbəyə daha yaxındır. Birinci turda o, seçicilərin 47,91 faizinin səsini qazanmaqla Tamaz Naverianini (43,41 faiz) üstələyib. Həmin dairədən daha az səs toplamış namizədlər ikinci tura buraxılmayacaq. Gürcüstan Seçki Məcəlləsinin tələbinə görə, ikinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır.
Beləliklə, Ə.İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə olaraq 5 nəfər olacaq.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyada da parlament seçkiləri keçirildi. Həmin ölkədə azərbaycanlıların kompakt yaşamasına baxmayaraq, bir nəfər də olsun parlamentə düşə bilmədi. Bu iki ölkə arasında müqayisə apardıqda hansı reallıqlar üzə çıxır? Gürcüstandakı fəallıq niyə Rusiyada olmayıb?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bunun bir sıra obyektiv səbəbləri var: "Birincisi, seçicilərin sayı baxımından Gürcüstanda yaşayan azərbaycanlıların faizi Rusiya ilə müqayisədə daha çoxdur. Ola bilər ki, Rusiyada yaşayan azərbaycanlıların sayı Gürcüstandakılardan çoxdur. Ancaq ölkə əhalisinin sayı ilə bağlı müqayisədə üstünlük Gürcüstana aiddir. İkinci bir tərəfdən isə, Borçalıda yaşayan azərbaycanlıların böyük əksəriyyəti kompakt məskunlaşıb. Bunun da seçkiyə təsiri var. Fikir versəniz görərsiniz ki, mojaritar qaydada seçilən deputatlar məhz həmin ərazilərdən seçilib. Rusiyada isə azərbaycanlılar kompakt deyil, bütün ölkə boyu səpələnib. Rusiyada məskunlaşan soydaşlarımızın böyük əksəriyyəti seçki hüququna malik deyil. Çünki çoxu biznes məqsədilə ora gedən Azərbaycan vətəndaşlarıdır. Rusiyadakı soydaşlarımızın zəif nəticə göstərməsinin və demək olar ki, ümumiyyətlə parlamentdə təmsil oluna bilməməsinin başlıca səbəblərindən biri də diaspor təşkilatlarımızın bir-birilə yola getməməsidir. Digər faktor isə soydaşlarımızın vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında zəif təmsilçiliyidir. Rusiyadakı azərbaycanlılar daha çox biznesə üstünlük verir".
Məhəmmədəli QƏRİBLİ