Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.Ədliyyə Nazirliyinin də yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərməyə başladı, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir. "Qoy ədalət zəfər çalsın!" – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.Dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur.Fərqanə Babayeva
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info