VI ÜMUMDÜNYA MƏDƏNIYYƏTLƏRARASI DIALOQ FORUMUNUN AÇILIŞ MƏRASIMI

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə xatirə şəkli çəkilib və baş tutan forumda bir çox məsələlərə toxunulub, gəncliyi və gələcəyi maraqlandıran problemlər müzakirə edilib.

100-dən çox ölkənin təmsilçisinin qatıldığı forum çərçivəsində 12 panel müzakirə və dörd plenar sessiya keçirilib. Tədbirdə müzakirə olunan mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər vacib sahələri əhatə edib.

Tədbirin moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem öz çıxışı zamanı iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərə toxunub. Onun çıxışından sonra “Bakı Prosesi”ni təsvir edən videoçarx nümayiş edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış, aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı Prosesi” 250-dən artıq tədbirdə 180 ölkədən olan 10 mindən artıq iştirakçını salamlamış, bölgədə yeni mədəniyyətlərarası təşəbbüsləri ilhamlandırmışdır.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən tədbiri mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu çox mühüm beynəlxalq platforma kimi qiymətləndirib: “Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq ?”

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. Ona görə də biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, “Bakı Prosesi”ni başlamalı idik və bildiyiniz kimi, üç ildən sonra “Bakı Prosesi” rəsmən təsdiqləndi. Daha sonra isə biz Mədəniyyətlərarası Dialoq Forumuna başladıq. Əsas səbəblərdən biri Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olmasıdır. Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.

 

İlham Əliyev öz çıxışı zamanı Azərbaycanın COP29-a ev sahibliyi etməsi haqqında da danışıb

-Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi körpülər salmağa çalışacağıq.

Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək.

Yekun bir məsələni də qeyd edim. Bu da sizin müzakirələr gündəliyinizə aiddir ki, sülh və təhlükəsizlik münaqişədən sonrakı vəziyyətlə bağlı olan məsələlərdir. Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir. Biz demək olar 30 il ərzində işğal altında olmuşuq. Bütün əvvəlki dialoq forumlarında mən işğal və ədalətsizlik haqqında danışmışam və bildirmişəm ki, insanlar bundan əziyyət çəkiblər. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük. Əminəm ki, iştirakçılardan bəziləri azad olunmuş ərazilərə baş çəkəcəklər. Biz öz səsimizi ucaltmışıq, biz ürəkdən çalışdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik.

Cənab prezident bu fikirləri ilə çıxışını sonlandırıb.

Qeyd etmək lazımdır ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

 

Xatirə Cəfərova

Suraxanı rayonu, 76 nömrəli tam orta  məktəbin Tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}