Siyasətdə Ulu Öndər Heydər Əliyev üslubu

Müasir müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi. 
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib.  Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. 
Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. 
Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər.
Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.

 

Elburus Xəlilov 

Hövsan bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti