Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Cəbrayıl rayonu 4 oktyabr 2020-ci il tarixdə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin ilk günlərində müzəffər Ordumuz tərəfindənerməni işğalından azad olunub. Rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olmaqla, 1993-cü il avqustun 23-də ErmənistanSilahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Lakin rayonun işğalı nəticəsində sakinlərə toxunan mənəvi ziyanın miqyasını ölçmək mümkün deyil. Çünki doğma yurdlarından ayrı yaşayan insanlar günləri, ayları, illəri sayaraq Cəbrayıla qovuşacaqları günü səbirsizliklə gözləyirdilər.Nəhayət ki, o gözlənilən gün gəldi. Cəbrayıl Vətən müharibəsinin azad edilən ilk şəhəri və Qələbəmizin müjdəçisi oldu. Rayon 27 illik işğaldan sonra qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə azadlığa qovuşdu. Ali Baş Komandan 2020-ci ilin 4 oktyabrında xalqa müraciətində bu tarixi hadisənin əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi. Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq”...Dövlət başçısı bu dəfə də xalqın haqlı inamını ali səviyyədə doğruldaraq sakinlərin doğma yurdlarına qayıtmasını təmin etdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları yola salınır. İndiyədək Cəbrayıl şəhərində 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib. Cəbrayıl işğaldan azad edildikdən sonra sosial-iqtisadi vəziyyətin təmin edilməsi üçün mühüm işlər görülüb. Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra digər bölgələrimiz kimi, qısa bir zamanda Cəbrayıl rayonunda da bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilib. Bu gün artıq ərazilərimizdə yenidənqurma işləri intensiv şəkildə reallaşır. Dövlət başçısının rayona səfərləri baş tutur və bu səfərlər çərçivəsində bir neçə kəndin təməli qoyulub. Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” yaradılıb. Bütün bunlar rayonun iqtisadi dirçəlişi, məşğulluğun təminatı və yüksək rifah üçün əhəmiyyətli təkandır.Aygün Abbasova
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info