Yeni Azərbaycan Partiyasının yaranması: tarixi missiya və milli inkişaf yolunda liderlik

Azərbaycanın müasir siyasi tarixində 1992-ci ilin 21 noyabr tarixi təkcə bir partiyanın yaranma tarixi deyil. Bu gün əslində müstəqil dövlətçiliyimizin qorunması və ölkənin gələcək inkişaf yolunun təməlinin qoyulduğu mühüm an kimi tarixə düşüb. Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması xalqın parçalanmaq təhlükəsi qarşısında birləşdiyi, milli şüurun yenidən canlandığı və siyasi iradənin dövlət məsuliyyəti ilə birləşdiyi tarixi dönüş nöqtəsi oldu.

Tarixə nəzər salsaq, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın ən ağır və keşməkeşli dövrlərinə təsadüf edir. 1992-ci il 21 noyabr tarixində Naxçıvanda keçirilmiş təsis konfransı ilə əsasları qoyulan YAP, ölkənin taleyinə biganə qalmayan ziyalıların təşəbbüsü və xalqın ümumi istəyinin ifadəsi olaraq formalaşmışdır. Müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin bərpası və demokratik inkişafın təmin olunması məqsədi ilə ortaya çıxan bu siyasi təşkilatın yaradılması obyektiv zərurət idi. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın missiyasını və mahiyyətini əks etdirən əsas ideyaya çevrilmişdir.

Azərbaycanın tanınmış ziyalılarının imzaladığı və ölkənin ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd YAP-ın yaranmasına aparan yolun başlanğıcı oldu. Xalqın səsinə biganə qalmayan Ulu Öndər Heydər Əliyev bu müraciətə cavabında yeni yaradılacaq siyasi partiyanın müstəqil Azərbaycanın inkişafında tarixi rol oynayacağını qeyd etmiş və bu təşəbbüsün siyasi plüralizm şəraitində zərurət olduğunu bildirmişdir.

Təsis konfransında YAP-ın Nizamnaməsi və Proqramı qəbul olunmuş, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Bu qərarla Azərbaycan siyasi sistemində yeni mərhələ başlamış, ölkənin taleyində əhəmiyyətli rol oynayacaq güclü siyasi təşkilat formalaşmışdır. YAP qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş, dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi istiqamətində mühüm missiya həyata keçirmişdir.

Ulu Öndərin rəhbərliyi altında partiya ölkədə sabitlik və davamlı inkişafın təmin olunmasına, dövlət idarəçiliyi sisteminin yenilənməsinə, sosial-iqtisadi yüksəlişə və ölkənin beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsinə töhfə vermişdir. YAP yarandığı gündən bu günə qədər ümumxalq partiyası kimi böyük və şərəfli yol keçmiş, demokratik siyasi mədəniyyətin inkişafında xüsusi rol oynamışdır. 2005-ci ildə partiyanın III qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin YAP-ın sədri seçilməsi ilə Heydər Əliyev siyasi xəttinin davamlılığı təmin edilmiş, dövlətçilik ideyaları yeni mərhələdə daha da gücləndirilmişdir.

Son illərdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində YAP-ın qazanmış olduğu inamlı qələbələr partiyanın xalq arasında sahib olduğu yüksək nüfuzun bariz göstəricisidir. 2024-cü il prezident seçkilərində İlham Əliyevin 92,12 faiz səslə qalib gəlməsi, həmçinin 2024-cü il Milli Məclis və 2025-ci il bələdiyyə seçkilərində əldə olunan nəticələr YAP-a olan etimadın miqyasını nümayiş etdirir.

Müasir çağırışlar fonunda YAP öz fəaliyyətini yenilənmiş Proqram və Nizamnamə əsasında quraraq dövlət və cəmiyyət həyatında aparılan islahatların fəal iştirakçısına çevrilib. Partiyanın əsasını təşkil edən Heydər Əliyev yolu, dövlətçilik, müstəqillik, qanunun aliliyi, varislik, sosial ədalət və müasirlik prinsipləri bu gün də YAP-ın siyasi xəttinin ideoloji dayaqlarıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası milli həmrəyliyin gücləndirilməsi, siyasi dialoqun inkişafı, dövlət idarəçiliyində şəffaflığın artırılması, iqtisadi yüksəliş və sosial rifahın təmin olunması uğrunda ardıcıl siyasət həyata keçirir. Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi isə dövlət idarəçiliyi modelində qadın liderliyinin güclənməsinin və humanist dəyərlərin daha da möhkəmlənməsinin göstəricisidir.

Bu gün YAP ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, müasir tendensiyalara uyğunlaşan, güclü təşkilati sistemə malik, 730 mindən artıq üzvü olan böyük siyasi qüvvədir. Ulu Öndərin yaratdığı bu partiya Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın gələcək inkişafına xidmət edir, müstəqil dövlətimizin daha da qüdrətlənməsi istiqamətində əzmlə fəaliyyət göstərir.

Fatma Xıdırlı

Beyləqan RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti