Ağdam Muğam Mərkəzi – Vətən Övladlarının Ruhuna Ehtiram və Qarabağın Mədəni İrsinin Bərpası

Ağdam şəhəri Günü - 20 Noyabr , Qarabağın həm hərbi, həm də mənəvi qələbəsini özündə birləşdirən müqəddəs bir tarixdir. Bu gün Ağdamın fiziki bərpası ilə yanaşı, onun zəngin mədəni irsinin, xüsusən də muğam sənətinin dirçəlişi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Ağdam, həmişə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri, xüsusən də Qarabağ muğam məktəbinin beşiyi olmuşdur. İşğal dövründə erməni vəhşiliyi şəhəri yerlə yeksan etsə də, Ağdamın mədəniyyət ruhunu, onun sənət yaddaşını məhv edə bilmədi. Lakin bu ruhun yenidən ucalması üçün bir bədəl ödənilib – Vətən müharibəsində döyüşən, bu torpaqların azadlığı uğrunda canını fəda edən Vətən övladlarının bədəli. Onlar, Azərbaycanın Qələbəsinin memarlarıdır.

Məhz bu mənəvi dirçəlişin ən möhtəşəm hadisələrindən biri Ağdam Muğam Mərkəzinin açılışı oldu. 10 may 2025-ci il tarixində, Ümummilli Lider Heydər Əliyevin doğum günündə, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə bu Mərkəzin açılması simvolik və tarixi əhəmiyyətə malikdir.

Mərkəz yalnız bir bina deyil, həm də mədəniyyət akademiyasıdır: 474 yerlik konsert zalı, 615 tamaşaçı tutumlu açıq amfiteatr, 15 dərs otağı. Muğam Mərkəzində səslənən hər bir nota, həm də o igidlərin Şəhidlik zirvəsinə ucalan ruhuna bir ehtiramdır.

Milli mədəniyyətimizin qorunması və inkişafı sahəsində Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun dövründə Qarabağ Muğam Məktəbi öz inkişafının zirvəsinə çatmışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın isə Heydər Əliyev Fondu vasitəsilə muğamın UNESCO səviyyəsində təbliği və Ağdam Muğam Mərkəzinə dəstəyi, mədəniyyətə verilən yüksək dövlət dəstəyinin nümunəsidir.

Ağdamda qurulan yeni məktəb və uşaq bağçaları (məsələn, 1 nömrəli tam orta məktəb və körpələr evi-uşaq bağçası – 18.07.2025 açılışı) - həm də mədəni irsi daşıyacaq yeni nəsillərin yetişəcəyi ocaqlardır. Biz bu yeni binalarda şagirdlərə təkcə elmi bilikləri deyil, həm də Prezident cənab İlham Əliyevin hərbi-siyasi iradəsi nəticəsində əldə olunan Zəfərin fəlsəfəsini, qəhrəmanlıq ruhunu öyrətməliyik.

Prezident cənab İlham Əliyevin "Böyük Qayıdış" strategiyası ilə Ağdamın təkcə maddi deyil, mənəvi bərpası da təmin edilir. Onun siyasəti, Azərbaycanın tarixi köklərə bağlı, lakin müasir inkişafa yönəlmiş gələcəyini təmin edir. Ağdamda dirçələn muğam, artıq kədərin səsi deyil, Zəfərin nəğməsidir.


Südabə Abdullayeva

Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin direktoru 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti