Unudulmaz Ağrı və Tarixi Ədalət

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılma­sı, dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri ad­dımları atır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.

Hər il xalqımız Xocalı soyqırımı­nı böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxu­yur. Bu il soyqırımının ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın iş­ğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.

2020-ci il sentyabrın 27-dən baş­layan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasi­ya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla ya­naşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qar­şısında cavab verəcəkləri inamını daha da artırdı. Möhtərəm Prezidentimizin qətiyyəti, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqi, mövqeyimizin möhkəmləndirilməsi və əlaqələrimizin daha da genişləndirilməsi də təsdiqləyir ki, o gün çox da uzaqda deyil.

Xocalı soyqırımı dünənin, bugünün işi deyildi. Ermənistanın uzun müddət “böyük Ermənistan” dövləti yarat­maq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biridir. İki yüz ildən çox davam edən erməni düşmənçilik siyasəti nəticəsində ərazilərimiz zaman-zaman işğala məruz qalıb, soydaşla­rımız vəhşicəsində qətlə yetirilib. Bu düşmənçilik hələ çar Rusiyası zamanı ermənilərin əzəli Azərbaycan torpa­ğı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişərək özününküləşdirməyə cəhd etmiş, münbit əraziləri ələ keçirməyə çalış­mış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxış­dırmış, onlara qarşı qəddarlıq nümayiş etdirmişlər.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. 

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir. Artıq dünyanın onlarla ölkəsinin parlamenti öz qiymətini verib, Xocalı soyqırımını tanıyan qərarlar qəbul ediblər.

"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətilləri haqqında daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.

 

Gülnar Mürsəlova

Suraxanı rayonu, Məzahir Bayramov adına 196 №-li tam orta məktəbin coğrafiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti