3 oktyabr 1993-cü il - Tarixi Zərurət və Xalqın Seçimi

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, ilk illər ölkə üçün ağır sınaqlar dövrü oldu. Hakimiyyət uğrunda mübarizə, dərinləşən vətəndaş qarşıdurması, Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsinin alovlanması və iqtisadi böhran ölkəni fəlakət həddinə çatdırmışdı. Müstəqilliyin bu çətin günlərində xalqımız qarşıya çıxan problemlərin yeganə həllini və xilaskarlıq missiyasını dahi şəxsiyyət Heydər Əliyevin simasında görürdü.

        1991-1993-cü illər Azərbaycanın müasir tarixinə hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi daxil olmuşdur. Həmin dövrdə dövlətə rəhbərlik edən səriştəsiz şəxslərin səhvləri nəticəsində ölkənin suveren mövcudluğu ciddi təhdid altına düşmüşdü. Hadisələri düzgün qiymətləndirə bilməyən o zamankı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirirdi. Belə bir şəraitdə xalq öz xilasını yalnız Heydər Əliyevdə görürdü. Dövlətçilik anlayışından xəbərsiz olan, hərbi birləşmələrdən öz məqsədləri üçün istifadə edən ayrı-ayrı qüvvələrin təhdidləri qarşısında aciz qalan AXC-Müsavat iqtidarı, sonda bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edərək xilas üçün məhz Heydər Əliyevdən imdad istəməyə məcbur oldu.

       1993-cü ilin yayında ölkədə vəziyyət kritik həddə çatdıqda, xalq və hakimiyyət dairələri Ümummilli Liderin hakimiyyətə qayıtmasını təkidlə tələb etdi. Həmin ilin iyun ayında xalqın iradəsi ilə Bakıya qayıdan Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək dövlət sükanı arxasına keçdi. Onun müdrik rəhbərliyi altında qısa zamanda daxili siyasi böhranın qarşısı alındı, ordu quruculuğuna başlanıldı və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı.

        1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil dövlətimiz üçün isə qurtuluşa gedən yolun başlanğıcı oldu. Xalq böyük səs çoxluğu və yekdil iradə ilə öz seçimini edərək Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin möhkəm təməli qoyuldu.

         Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. O, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpasını təmin etdi, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı və Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması və ordunun yenidən qurulması istiqamətində kompleks tədbirlər həyata keçirildi.

          Prezident Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddətdə Azərbaycanın xarici siyasətində böyük dönüş yarandı. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycanla hesablaşmağa başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin tamhüquqlu, suveren aktoruna çevrildi. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər, milli mənafelərin ifadəçisi kimi antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng layihələr məhz bu böyük insanın yenilməz iradəsi və uzaqgörənliyinin nəticəsi olaraq reallığa çevrildi.

          Ulu Öndər Heydər Əliyev həm də dahi natiq idi. Onun dərin məntiqli nitqi, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi dinləyənləri məftun edirdi. Bu bağlılığı və dövlətçilik fəlsəfəsini o, bir çox çıxışlarında ifadə etmişdir. Məsələn, 17 oktyabr 2001-ci ildə o, bəyan edirdi: “...bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Həmin ilin 10 noyabrında Dünya Azərbaycanlılarının I Qurultayında isə müstəqil dövlətimizin əsas ideyasını belə ifadə etdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir...”

      Bütövlükdə, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqil, suveren dövlət kimi möhkəmlənməsi, dövlətçilik ənənələrinin bərpası, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması və iqtisadiyyatın inkişafı təmin edildi. Onun bu yolda xidmətləri əvəzsizdir.

       Bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kurs onun layiqli davamçısı, Prezident  cənab  İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Məhz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi və ölkəmizin ərazi bütövlüyünü tam bərpa etdi. Heydər Əliyev irsi üzərində qurulan müasir, qüdrətli Azərbaycan bu gün regionun lider dövlətinə çevrilmiş, öz iqtisadi gücü və artan beynəlxalq nüfuzu ilə bütün dünyada tanınır.


Mahru Rəcəbova

Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti