3 oktyabr 1993-cü il - Müasir və Qüdrətli Azərbaycanın Təməlinin Qoyulduğu Tarix

Azərbaycan xalqının tarixində 3 oktyabr 1993-cü il sadəcə bir seçki günü deyil, həm də ölkənin parçalanma və məhv olmaq təhlükəsindən xilas olduğu, milli qurtuluşa gedən yolun başladığı və bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu şanlı bir gündür. Məhz həmin gün xalq öz müdrikliyini və qəti iradəsini ortaya qoyaraq, dərin xaos və böhran içində olan Vətənin taleyini dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevə etibar etdi.

          Müstəqilliyin ilk illəri (1991-1993) tariximizə hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmənin səbəb olduğu “ağrılı və əzablı mərhələ” kimi həkk olunmuşdur. O dövrdə Vəzirov-Mütəllibov rejimi, daha sonra isə AXC-Müsavat iqtidarının səriştəsiz fəaliyyəti nəticəsində ölkə dərin siyasi və iqtisadi böhrana sürüklənmiş, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycan 20 Yanvar, Xocalı faciələrini yaşamış, Şuşa və Laçın xəyanətlərin qurbanı olmuşdu. Belə bir şəraitdə xalq yeganə çıxış yolunu və xilaskarlıq missiyasını Heydər Əliyevin simasında görürdü. Xalqın və ölkənin aparıcı ziyalılarının təkidli dəvətini qəbul edən Ulu Öndər, 1993-cü ilin iyununda Bakıya qayıdaraq öz həyatını təhlükə altına qoydu və dərhal Gəncəyə yollanaraq ölkəni parçalanmağa aparan qiyamın qarşısını aldı.

          Məhz bu xilaskarlıq missiyasının məntiqi davamı olaraq, 3 oktyabr 1993-cü ildə xalq böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi özünə rəhbər seçdi. Oktyabrın 10-da andiçmə mərasimində “həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm” deyən Ümummilli Lider, bütün sonrakı fəaliyyəti ilə bu vədinə sadiq qaldı. Onun rəhbərliyi altında ilk növbədə ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və ordu quruculuğu istiqamətində fundamental addımlar atıldı.

           Heydər Əliyev fenomeni təkcə xilaskar deyil, həm də qurucu lider kimi Azərbaycan siyasətində özünəməxsus yer tutur. O, qlobal düşüncəli, geniş dünyagörüşlü, hadisələrə praqmatik yanaşan bir “siyasət nəhəngi” idi. Onun rəhbərliyi ilə Azərbaycanın siyasi-iqtisadi suverenliyinin sarsılmaz təməlləri yaradıldı. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun bünövrəsini qoydu. Cinayətkarlığa qarşı barışmaz mübarizə aparıldı, senzura ləğv edildi, ölüm hökmü aradan qaldırıldı, Konstitusiya Məhkəməsi və Ombudsman kimi mühüm təsisatlar yaradıldı.

           Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını vahid məfkurə ətrafında birləşdirən milli ideologiyaya çevrildi. O, bazar iqtisadiyyatına keçidi təmin etdi və Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarını xalqın rifahına yönəldən möhtəşəm neft strategiyasının əsasını qoydu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və onun məntiqi davamı olan Bakı-Tbilisi-Ceyhan kimi qlobal enerji-kommunikasiya layihələri Azərbaycanı dünya birliyinin tamhüquqlu və nüfuzlu üzvünə çevirdi. Məhz onun gərgin səyləri nəticəsində Ermənistanın işğalçılıq siyasəti dünya ictimaiyyətinə çatdırıldı və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli xarici siyasətin əsas prioriteti oldu.

          Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənərək yeni zirvələr fəth edir. Ulu Öndərin dediyi kimi, müstəqillik bizim ən böyük sərvətimizdir və bu sərvəti qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Onun dövlətçilik fəlsəfəsi isə bu sözlərdə əbədi yaşayır: “İndi dünyada müstəqil Azərbaycan dövləti var... Azərbaycanın dövlət bayrağı... müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.

Kəmalə İbrahimova

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti