Millətin məhəbbətini qazanmış Ulu Öndər

3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm və taleyüklü bir gün olmuşdur. Həmin gün keçirilən ümumxalq seçkilərində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1990-cı illərin əvvəllərində ölkədə siyasi böhran, idarəçilikdə xaos, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması hökm sürürdü. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal altına düşmüş, ölkə ağır vəziyyətlə üzləşmişdi. Belə bir məqamda xalq yalnız Heydər Əliyevə güvənərək ona müraciət etdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və Milli Məclisin Sədri seçildi. Tezliklə isə ölkənin gələcək taleyini həll edən prezident seçkiləri elan edildi. 3 oktyabr 1993-cü ildə keçirilən seçkilərdə  Azərbaycan xalqı Heydər Əliyevə böyük etimad göstərərək onu dövlət başçısı seçdi.

Deyildiyi kimi, boş zaman yoxdur, boşa keçən zaman var. Məhz fəaliyyətinin hər dövründə  zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən  Ümümmilli  Lider  Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuşdur və o, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbatından və genetik potensialından doğulur.

         Ümümmilli  Lider  Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı yaratmış, onun bugünkü gerçəkliklərini formalaşdırmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də 1969-cu ildən etibarən Azərbaycan tarixində yaşanan dövr Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizdə “Heydər Əliyev dövrü” kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi üçün başlıca məzmunu isə azərbaycançılıq ideyası olmuşdur.

          Ümummilli Liderin azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur.  Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Millətin məhəbbətini qazanmış Ulu Öndər Heydər Əliyev xalqına bağlılığı, müdrikliyi və dövlətçilik uğrunda misilsiz xidmətləri ilə Azərbaycanın tarixində əvəzsiz iz qoymuşdur. Onun ideyaları və əməlləri bu gün də xalqımızın birliyini və dövlətimizin gücünü möhkəmləndirir. 

         Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə qürurla sahib çıxmalı, ölkəmizin dilini, mədəniyyətini və milli dəyərlərini qoruyub yaşatmalıdır.

Qurbanəli İslamov

Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2-ci Qarabağ müharibəsi qazisi 

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti