23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Seymur Baycan “Uzmanlar haqqında” məqaləsində yazır ki, “Türk dili” artıq bir şirmadır, yaltaq adamlar, həmçinin fırıldaqçılar, kələkbazlar bu şirmanın arxasında məharətlə gizlənirlər və özləri kimi xaraktersiz, sürüşkən adamlar da bu şirmaya aldanırlar.
Əslində problem daha dərindir və dillə kifayətlənmir. Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsinə Türkiyə üzərindən bəraət qazandırılır. Rusiyanın yeni müstəmləkəçilik siyasətini çilovlamağa çalşan dövlət və şəxslər Türkiyə üzərindən etibarsızlaşdırılır.
Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı cinayətkar müharibənin ikinci həftəsində İstanbulda Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlar əslində Ukraynanı kapitulyasiyaya vadar etmək idi.
Rusiyanın həmin danışıqlarda irəli sürdüyü tələblər Ukraynanın siyasi və milli kimliyini məhv etməyi hədəfləyirdi. Bu tələblərə Krımın Rusiyaya mənsubiyyətinin tanınması, qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri çərçivəsində tanınması, Ukraynanın “demilitarizasiyası” və “denazifikasiyası” prosesi çərçivəsində sülh dövrü üçün Ukrayna ordusunun sayının 85 mindən artıq olmayacağı, rus dilinə rəsmi status verilməsi, Rus Pravoslav Kilsəsinin əvvəlki hüququnun bərpası kimi məsələlər daxil idi.
İstanbulda danışıqların keçirildiyi zaman Rusiyanın davakar Xarici İşlər naziri Sergey Lavrov aşağılaycı şəkildə bildirmişdi ki, Rusiya Ukraynanın kapitulyasiyasını tələb etmir. Əslində isə Rusiyanın irəli sürdüyü tələblər Ukraynanın çox ağır formada kapitulyasiyasını nəzərdə tuturdu. Təxmin üç il sonra, 23 fevral 2025-ci il tarixdə Türkiyəyə rəsmi səfəri zamanı Lavrov bəyan eddi ki, 2022-ci ilin yazında İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna arasında sülh razılaşmasına bəlkə də bir saat qalmışdı. Bu bir saat yalnız Ukraynanın deyil, bütün postsovet məkanın taleyində müsbət mənada böyük təsirlər doğurdu.
Burada xatırlamaq yerinə düşər ki, Ukraynanı kapitulyasiyaya vadar etməyə çalışıldığı həmin danışıqlar zamanı Qarabağda da əsas söz sahibi Rusiyanın bədnam sülhməramlıları idi. Şuşada İsa Bulağına getmək, Laçının bir hissəsindən digər hissəsinə keçmək üçün Rusiyanın bədnam sülhməramlıları icazə verməli idi. Əgər, Ukrayna müharibənin ikinci həftəsində, 2022-ci ilin martın 2-də Rusiyanın şərtlərini qəbul etsəydi, o zaman Qarabağda mövcud olan vəziyyət bu gün də dəyişməz olaraq qalacaqdı. Hətta şərtlər Azərbaycanın əleyhinə də dəyişəcəkdi.
Moskvanın planına görə 6 marta kimi Ukrayna məsələsi həll olunmalı, ardınca 24 saat ərzində Moldova, daha sonrakı günlərdə 24 mart 2022-ci ilə kimi Mərkəzi Asiya və Cənubi Qafqaz respublikaları Rusiyanın şərti adı “SSRİ 2.0” olan yeni ittifaq planına razı salınmalıydı. Bu məşum taledən postsovet respublikalarını xilas edən Lavrovun qeyd elədiyi həmin tarixi bir saatın sonunda Böyük Britaniyanın siyasi və mənəvi dəstəyi ilə Ukrayanın verdiyi rədd cavabı oldu.
Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan və Gürcüstanın taleyində həlledici tarixi kəsim anı olan həmin bir saatda kimlərin hansı mövqeyi tutduğu çox yaxın tarixdə bütün insanlığa məlum olacaq.
Hələlik isə “Türkiyə şirması” raşizmin bəraəti üçün istifadə olunmağa davam edir. Mediada yayılan məlumata görə, ƏHD Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Putinin Türkiyəyə səfəri təxirə salmasına baxmayaraq, Ankaranın onu israrla dəvət etməsinin səbəbləri haqda danışarkən deyib ki, Türkiyədə düşünürlər ki, o Ankaraya getsə, bu, Türkiyənin nüfuzunu qaldırar, qarşılıqlı maraqlara cavab verən razılaşmalar əldə oluna bilər. “Rusiya hərbiləşmiş güclü nüvə dövlətidir, böyük təbii sərvətlərə malikdir. ABŞ-da onun Tramp tərəfindən necə qarşılandığını bütün dünya seyr etdi. Həm də Putin cəsarətli dövlət başçısıdır. Hamı ondan çəkinir. Ukraynanın kapitulyasiyasından sonra Qərb liderləri Putinin əlini öpmək üçün növbəyə dayanacaq”.
Putin həbs olunmaq qorxusundan BRİKS-dəki müttəfiqləri Cənubi Afrika Respublikaısna və Braziliyaya səfər edə bilmir. Putin Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafidən sonra Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs orderi verilmiş üçüncü dövlət başçısıdır. Ömər əl-Bəşir və Müəmmər Qəddafinin, eləcə də Sudan və Liviyanın başına nələrin gəldiyi hər kəsə məlumdur. Putinin taleyi Ömər əl-Bəşir və Müəmmər Qəddafinin, Rusiyanın taleyi isə Sudan və Liviyanın aqibətindən fərqlənməyəcək.
Çox az qaldı!
Xəqani Cəfərli