28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
2026-cı il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Melonini qəbul etmişdir. Görüş iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi, siyasi dialoqun genişlənməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər.
İkitərəfli görüşlər zamanı verilən birgə bəyənatda dövlət başçımız çıxışı zamanı Azərbaycan və İtaliyanın münasibətlərinin 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair iki fundamental bəyannamə üzərində qurulduğunu vurğulamışdır. Bu sənədlər yalnız siyasi niyyətlərin ifadəsi deyil, eyni zamanda praktik əməkdaşlıq müstəvisində reallığa çevrilmiş əsas yol xəritəsi kimi çıxış edir. Prezident İlham Əliyev Ciorcia Meloninin Ermənistanda səfər proqramını tamamladıqdan sonra Azərbaycana gəlməsini xüsusi rəmzi məna daşıyan diplomatik jest kimi qiymətləndirmiş, bunun iki ölkə arasında qarşılıqlı hörmət və etimadın göstəricisi olduğunu qeyd etmişdir.
Azərbaycan–İtaliya münasibətlərinin əsas dayaqlarından biri yüksək səviyyəli siyasi dialoqla yanaşı, sürətlə inkişaf edən iqtisadi əməkdaşlıqdır. İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi çıxış edir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil etmişdir ki, bu da əlaqələrin miqyasını və strateji xarakterini aydın şəkildə göstərir.
Energetika sahəsi isə bu tərəfdaşlığın ən mühüm sütunlarından biri kimi çıxış edir. Azərbaycan uzun illərdir ki, İtaliyanın etibarlı enerji tərəfdaşıdır. Hazırda Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci əsas mənbə ölkədir. Ötən il Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr təşkil etmiş, bunun 9,5 milyard kubmetri İtaliya bazarına yönəlmişdir. Bu göstəricilər iki ölkə arasında enerji təhlükəsizliyi və qarşılıqlı asılılığa əsaslanan strateji balansın formalaşdığını nümayiş etdirir.
Tərəflər həmçinin enerji əməkdaşlığının gələcək genişləndirilməsi məsələlərini müzakirə etmişlər. Xüsusilə Cənub Qaz Dəhlizinin mühüm komponenti olan TAP layihəsinin genişləndirilməsi perspektivləri diqqət mərkəzində olmuşdur. Bu layihənin inkişafı təkcə ikitərəfli münasibətlər deyil, həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan–İtaliya əməkdaşlığında yeni mərhələ kimi hərbi-texniki sahədə tərəfdaşlıq da ön plana çıxır. Birgə layihələrin həyata keçirilməsi, texnologiya transferi və istehsal sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur. İtaliya texnologiyalarının Azərbaycan maliyyə resursları ilə birləşdirilməsi əsasında yeni sənaye layihələrinin reallaşdırılması perspektivləri tərəflər tərəfindən müsbət qiymətləndirilmişdir.
İqtisadi əməkdaşlıqla yanaşı, investisiya sahəsində də əlaqələr dinamik şəkildə inkişaf edir. Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırması qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Bu sərmayələrin gələcəkdə yeni iqtisadi layihələrə yönəldilməsi məsələsi də görüşdə xüsusi qeyd olunmuşdur.
İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də geniş və çoxşaxəlidir. Hazırda təxminən 130 İtaliya şirkəti ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin iştirakı strateji əhəmiyyət daşıyır. Artıq bu bölgələrdə 23 layihənin icrası İtaliya şirkətlərinin bilavasitə iştirakı ilə həyata keçirilir ki, bu da onların bərpa və yenidənqurma prosesində öncül mövqeyini təsdiqləyir.
Azərbaycan–İtaliya münasibətlərində humanitar və təhsil sahəsi xüsusi yer tutur. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması bu əməkdaşlığın ən mühüm strateji layihələrindən biri kimi qiymətləndirilir. Artıq 500-dən çox tələbənin təhsil aldığı bu ali təhsil müəssisəsi gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, iki ölkə arasında mədəni və intellektual körpü rolunu oynayacaqdır. Bu layihə Azərbaycan və İtaliyanın yalnız iqtisadi və siyasi deyil, həm də insan kapitalına əsaslanan uzunmüddətli tərəfdaşlıq modelini formalaşdırdığını göstərir.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–İtaliya münasibətlərinin sadəcə diplomatik çərçivədə deyil, eyni zamanda iki ölkə arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirir. Enerji təhlükəsizliyindən sənaye əməkdaşlığına, investisiyalardan təhsilə qədər geniş spektri əhatə edən bu tərəfdaşlıq regionlararası inteqrasiyanın və Avropa–Cənubi Qafqaz əlaqələrinin mühüm dayaqlarından biri kimi çıxış edir. Bu münasibətlər qarşılıqlı etimad, uzunmüddətli strateji maraqlar və real nəticələr üzərində inşa olunaraq yeni mərhələyə qədəm qoyur.
Fatma Xıdırlı
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatı, ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi