"Onlar Vətəni ataları kimi sevirlər" - CƏLAL QURBANOV / VİDEO


Bu gün Vətənimizlə bağlı yaşadığımız qüruru şəhid övladları ilə paylaşmalıyıq. Şəhidlərimizin yadigarları onların bir parçası, fiziki bədənləridir. Onlar ataları kimi düşünür, Vətəni ataları kimi sevir, öz simalarında atalarını yaşadırlar. Onlar şəhidlərimizlə bizim aramızdakı qırılmaz, ruhanı bir bağdır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Cəlal Qurbanov deyib.

“2-ci Qarabağ savaşı bitdikdən sonra valideynlərini itirmiş şəhid balalarının qəlbindəki nisgil, atasızlıq kədəri, oğullarını şəhid vermiş anaların qürur qarışıq göz yaşları bizi "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələrini yaratmağa sövq etdi. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunu şad etmək, onların övladlarının, analarının qəlblərini sevindirmək bizim üçün ən ümdə məqsədə, ən müqəddəs arzuya çevrildi. Bu layihələri etməkdə məqsədimiz bu şirin balaların qəhrəman ataları ilə hər zaman qürur duymaqları, övladlarını qurban vermiş anaların ürəyini az da olsa toxtatmaq idi.

Xoşbəxtəm ki, yüzlərlə qəlblərə toxunan, yüzlərlə ürəyə sevinc bəxş edən bu layihələrin himni də artıq ərsəyə gəldi. Sözləri Xanım İsmayılqızına, musiqisi mənə, aranjemanı Rəşad Bağırova məxsus olan, gözəl avazlı müğənnimiz Zamiq Hüseynovun ifasında səslənən bu himn bizim hər birimizin ürək sözləri, ruhumuzun səsi, qəhrəmanlara olan dərin ehtiramımız və sevgimizdir. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, şəhid ailələrinə diqqət dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının borcu, vəzifəsidir. Məhz bu səbəbdən vitse-prezident, birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin dərdini bağrına basıb, bu ailələrin rifahı üçün əlindən gələn yardımı etməyə çalışır. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov isə öz layihələrindən əlavə bizim tədbirlərimizi də yaxından izləyir. Hər zaman yanımızda bir nazirliyin adını xüsusi qeyd etmək istəyirəm. Şəhid əmanətlərini hərbi salamla qürurlandıran Daxili İşlər Nazirliyinin əməkdaşlarına, xüsusilə Vilayət Eyvazova bu doğmalıq və borcluluq hissini şəhid əmanətlərinə ötürə bildiklərinə görə təşəkkür edirəm. Vətən müharibəsindəki birliyimiz “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələrində də özünü göstərdi. Bu layihə birlik layihəsidir. Əziz şəhid övladları, əziz şəhid anaları! Bəli, sizin atalarınız, sizin oğullarınız qəhrəmandır və hər bir Azərbaycan övladı qəhrəmanlarımızla fəxr edir!”.




Oxşar Xəbərlər

Xəbər lenti