Zəfər adı xalqımıza çox yaraşır



2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatları Azərbaycanın öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tarixi əhəmiyyət daşıyan mühüm hadisə idi. Bu əməliyyatlar bir neçə il ərzində Ermənistan tərəfindən törədilən təxribatların, qanunsuz silahlanmaların, mina partlayışlarının və sülh çağırışlarına məhəl qoyulmamasının nəticəsi olaraq həyata keçirilmişdir. Azərbaycanın mübarizəsi həm hüquqi, həm də beynəlxalq humanitar qanunlara uyğun olaraq aparılmış və milli təhlükəsizliyimizi təmin etmək məqsədini daşıyırdı. Bu əməliyyatlar nəticəsində erməni separatçılarının bölgədəki qeyri-qanuni fəaliyyətlərinə son qoyulmuş və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmişdir.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi ilə nəticələndi və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə hərbi əməliyyatlar dayandırıldı və bölgədə sülh prosesi başlandı. Bununla belə, üç il ərzində Ermənistan Bəyanatın tələblərinə məhəl qoymadı. Ermənistanda istehsal olunan minalar və digər hərbi vasitələr qeyri-qanuni olaraq Azərbaycan ərazisinə daşınaraq basdırılırdı. Azərbaycan dəfələrlə Ermənistana sülh çağırışları etmiş, lakin bu çağırışlar hər zaman cavabsız qalmışdır. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar davam etdirilmiş, xüsusilə sərhəd bölgələrində və Azərbaycanın suveren ərazilərində təhlükə törədilmişdir. Azərbaycan tərəfi Ermənistanın sülhə məhəl qoymadığını və terror aktlarına davam etdiyini gördükdə qanuni addım atmağa məcbur oldu. 19 sentyabr 2023-cü ildə Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşmələri tərəfindən genişmiqyaslı təxribatlar və terror aktları törədildi. Bunun nəticəsində, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda mina partlayışı nəticəsində mülki şəxslər və daxili qoşunların hərbi qulluqçuları şəhid oldu. Eyni zamanda, Şuşa və Ağdamda erməni silahlı dəstələrinin atəşləri nəticəsində mülki şəxslər həyatlarını itirdi. Azərbaycan Ordusunun hərbi mövqelərinin atəşə tutulması və erməni qüvvələrinin döyüş hazırlığını gücləndirməsi ilə Azərbaycan lokal antiterror əməliyyatlarına başladı. Bu əməliyyatlar Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı qüvvələrin və terrorçuların neytrallaşdırılması, konstitusional hüquqların bərpası və bölgədəki mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyırdı. Azərbaycanın müasir, peşəkar ordusu bu əməliyyatlar zamanı yüksək dəqiqlikli silahlar vasitəsilə erməni silahlı qüvvələrinin mövqelərini və hərbi obyektlərini məhv etdi. 

Bu uğurlu hərbi tədbirlər sayəsində erməni separatçıları cəmi 23 saat 43 dəqiqə sonra ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan tərəfinin humanitar qaydalara uyğun olaraq mülki əhaliyə zərər vurmadan həyata keçirdiyi bu əməliyyatlar nəticəsində bölgədəki erməni əhalisinin təhlükəsizliyinə də zəmanət verildi. Qarabağdakı erməni sakinlərinin nümayəndələri vasitəsilə atəşkəs əldə olundu və separatizmə son qoyuldu.

Azərbaycanın Müdafiə Nazirliyi əməliyyatlara başlamazdan əvvəl bütün hərbi birləşmələrə ciddi təlimatlar vermişdi ki, erməni mülki əhali hər hansı təhlükəyə məruz qalmamalıdır. Hərbi əməliyyatlar zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın ordu siyasətinin əsas prinsiplərindən biri idi. Mobil SMS vasitəsilə əhaliyə xəbərdarlıq edilməsi, səsgücləndiricilər və məlumat vərəqələrinin paylanması mülki şəxslərin qorunmasını təmin etdi. Eyni zamanda, əməliyyatlar zamanı Ermənistanın silahlı qüvvələrinin mövqeləri təyin edilmiş və həmin obyektlər dəqiqliklə hədəfə alınmışdır.

19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror əməliyyatları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün zəruri idi. Ermənistanın davamlı təxribatları və terror hücumları ölkəmizi belə bir əməliyyatı həyata keçirməyə məcbur etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə riayət etməyərək Azərbaycan ərazilərində qanunsuz hərbi birləşmələrini saxladı və terror fəaliyyətlərini davam etdirdi.

Azərbaycan dövləti bu antiterror əməliyyatları ilə bir daha göstərdi ki, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhdidə qarşı qətiyyətlə cavab verəcək. Ölkəmiz beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etdi və bölgədə sülh və sabitliyin təmin edilməsi üçün vacib addımlar atdı. Antiterror tədbirlərinin uğurlu icrası ilə Azərbaycan Qarabağda yeni bir mərhələyə qədəm qoydu, separatizmin sonunu gətirdi və bölgədə əmin-amanlığın bərqərar olmasına nail oldu.

Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Necə ki, hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıq doğurdu.

Bununla da ölkəmiz uzun illərdən bəri mübarizə apardığı və uğurla başa çatdırdığı bu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu.

Müasir dövrün görkəmli siyasətçisi Prezident İlham Əliyevin 2023-cü  ilin sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirilən mətbuat konfransında da vurğuladığı kimi “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksəLaçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.

Bu növbəti tarixi Qələbə ilə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. Məhz nadir tarixi şəxsiyyət İlham Əliyevin sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Bəli, bu müqqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi:

"Zəfər adı xalqımıza çox yaraşır...

Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır..

 Leyli Rüstəmova

 Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra  edən 



Oxşar Xəbərlər

Xəbər lenti