Dünən, 09:46
Dünən, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə, 1977-1982-ci illərdə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olan və 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alan İlham Əliyevin liderliyinin kökləri onun intellektual təhsili və gənc yaşlarında qazandığı biliklərdədir. Bu təməllər onun Azərbaycanı müasir bir dövlətə çevirməsinin zəminini təşkil edir.İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.İlham Əliyev 2003-cü il oktyabrın 15-də birinci, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə isə ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri isə Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Bu seçkilər Azərbaycanın milli mübarizəsinin ən möhtəşəm təntənələrindən biri oldu. İlham Əliyevin Xankəndidə səs verməsi yalnız bir seçki aktı deyildi; bu, tarixə yazılan bir iradə, düşmənin tabutuna vurulan son mismar idi. Bu seçki, həm azadlığımızın əbədi olduğunu, həm də xalqımızın əyilməz ruhunu bir daha təsdiq etdi. İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycanın beynəlxalq nüfzunun artması, iqtisadi inkişafı, sosial sahələrdəki islahatlar və Qarabağ münaqişəsinnin həlli istiqamətindəki addımları ilə xarakterizə olunur. Prezident daima Azərbaycanın iqtisadiyyatını modernləşdirməyə və şaxələndirməyə çalışmışdır.İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı.2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılmışdır."Şuşasız Azərbaycan yoxdur!" deyən Müzəffər Ali Baş Komandanın qətiyyəti 44 günlük müharibədə xalqın arzularını gerçəkliyə çevirdi. Şuşanın azad olunması yalnız hərbi zəfər deyildi; bu, xalqımızın mədəniyyətinin, tarixinin və milli qürurunun yenidən doğuluşu idi. Qarabağın azad torpaqlarında dalğalanan üçrəngli bayrağımız azadlıq rəmzinə çevrildi. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən təslim oldu və məcbur oldu ki, kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Azad edilmiş ərazilərdə sıfırdan qurulan şəhərlər, beynəlxalq hava limanları, məktəblər və xəstəxanalar Azərbaycanın gücünü dünyaya nümayiş etdirir. Bu qayıdış həm fiziki, həm də mənəvi dirçəlişin təcəssümüdür.Prezident İlham Əliyev Azərbaycanın səsini dünya tribunalarından ucaldan lider kimi tarixə düşdü. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildikdə, Qoşulmama Hərəkatına sədrlik etdikdə, COP29 kimi qlobal tədbirlərə ev sahibliyi edəndə bu nüfuzun arxasında onun strateji zəkası və qətiyyəti dayanırdı."Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır," deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə yoxsulluq səviyyəsi 44,7%-dən 5,5%-ə endi, sosial rifah isə misli görünməmiş zirvələrə çatdı. Dövlətin həyata keçirdiyi islahatlar hər bir azərbaycanlının həyatına müsbət təsir göstərərək sosial ədaləti təmin etdi.İlham Əliyev yalnız dövlət başçısı deyil, həm də hər bir azərbaycanlının taleyində dərin iz buraxan liderdir. Ad günlərini xalqla qeyd edərək göstərir ki, liderlik yalnız vəzifə deyil, ürəklərdə yer tapmaqdır. Xalqın sevgisini qazanmış bu liderin "Biz birlikdə güclüyük!" şüarı birliyin və gücün rəmzinə çevrilmişdir.İlham Əliyevin liderliyi altında Azərbaycan tarixinin ən çətin sınaqlarını aşaraq güclü bir dövlətə çevrildi. Onun strategiyası təkcə bugünkü uğurları deyil, həm də Azərbaycanın parlaq gələcəyini təmin edir.Mahru Rəcəbova
Suraxanı rayonu, A.Aqarunov adına 154 nömrəli məktəbin direktoru
Sozcu.info