Zəfər seçkisi

Bildiyiniz kimi, Prezident İlham Əliyev 7 dekabr 2023-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamla Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alındı ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırmışdır.
44 günlük müharibənin və 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının düz 30 il qəlbində gəzdirdiyi müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillər idi. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən yuxarıda dayanır. Yenə də Vətən müharibəsi dövrünü yada salaq. Döyüş əməliyyatlarının başladığı ilk saatlardan ölkəmizdə yüksək həmrəylik yaşandı, o cümlədən 50-dək siyasi partiyanın təmsilçiləri birgə bəyanat imzalayaraq Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etdilər. Qələbəmiz də məhz Ordumuzun gücü və cəmiyyətimizin sarsılmaz həmrəyliyi nəticəsində əldə olundu.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranır, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirirdi. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib.

7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkilərini Zəfər seçkisi adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Zərxanım Zülfiqarova                                                                                                              

Suraxanı rayonu, 232 nömrəli məktəbin tarix müəllimi

Sozcu.info
                                                                                                          



Oxşar Xəbərlər

Xəbər lenti