Paşinyan parlamentdə çıxış edib: “Azərbaycan bu haqqı tanısa, kompromislərdən danışmaq olar”

Paşinyan parlamentdə çıxış edib: “Azərbaycan bu haqqı tanısa, kompromislərdən danışmaq olar”

 

Ermənistandakı etiraz hərəkatının lideri, baş nazir postuna namizəd Nikol Paşinyan parlamentdə bu günkü çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyini izah edib. Paşinyan bildirib ki, "Dağlıq Qarabağ xalqının” öz müqəddəratını təyin etmə haqqının həyata keçirilməsi zəruridir. Habelə münaqişə dinc yolla nizamlanmalıdır.

"Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir” - Nikol Paşinyan deyib.

Baş nazir postuna namizəd bildirib ki, münaqişənin həllinin kökündə xalqların bərabərhüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. "Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir” - o əlavə edib.

"Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının (Paşinyan qondarma "artsax” kəlməsi işlədir) öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur” - Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, Dağlıq Qarabağa dair indiyədək aparılan danışıqlar formal xarakter daşıyıb və ancaq danışıqlar xatirinə aparılıb. Onun fikrincə Azərbaycan "hər fürsətdə Ermənistanı və Dağlıq Qarabağı hədələdiyi üçün” danışıqlar prosesi formaldır.

***

Bu dəqiqələrdə Ermənistan parlamentinin xüsusi iclasında ölkənin baş nazirinin seçilməsi məsələsi müzakirə olunur.

Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyandır. Lakin Paşinyanın rəhbərlik etdiyi fraksiyanın və onu dəstəkləyən digər fraksiyaların parlamentdə cəmi 47 səsi var. Baş nazirin seçilməsi üçünsə 53 səs tələb olunur.

İqtidarda olan Respublikaçılar Partiyası parlamentdə 58 mandata sahibdir.

Əgər bu gün parlament baş naziri seçə bilməsə, bir həftədən sonra yenidən seçkilər keçiriləcək. Bu dəfə də baş nazir təyin oluna bilməsə, Ermənistan qanunvericiliyinə görə, 30-45 gün ərzində ölkə prezidenti parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin edilməlidir.

***

Bu gün səhər saatlarından etirazçılar Yerevanın Respublika meydanına toplaşmağa davam edir.

Ermənistan Milli Yığıncağının (parlament) mayın1-də keçiriləcək xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Müxalifətin vahid namizədi Nikol Paşinyandır.

Etirazçılar böyük ekranın quraşdırıldğı meydanda parlamentin xüsusi iclasını canlı izləyəcəklər.

Həmçinin Yerevanın mərkəzində sayı çox da olmayan polis əməkdaşları müşahidə olunur. Ümumilikdə paytaxtın mərkəzində sakitlik olduğu bildirilir.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Aprelin 23-də isə S.Sarkisyan istefa verib.

***

"Serj Sarqsyanın gecə keçirdiyi müşavirədə Respublikaçılar Partiyasının baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsverməni pozması barədə qərar qəbul edilib”.

TASS xəbər verir ki, bunu Ermənistan baş naziri postuna namizəd, "məxməri inqilabın" lideri Nikol Paşinyan mayın 1-də "Facebook”da canlı yayımda bildirib.

O, tərəfdarlarını yenidən mitinqə çağırıb: "Mən hamını səhər saatlarından "Respublika" meydanında mitinqə, qələbəni qorumağa çağırıram. Respublikaçıların planı bir həftədən sonra öz namizədlərini irəli sürməkdir”.

Qeyd edək ki, bu gün saat 12-də Ermənistan parlamentində baş nazir seçkisi keçiriləcək. Nikol Paşinyan bu posta yeganə namizəddir. Baş nazir olması üçün parlamentin 105 üzvündən 53-ü ona səs verməlidir. Hazırda N.Paşinyanın başçılıq etdiyi "Çıxış” fraksiyası parlamentdə 9, onu dəstəkləyən "Tsarukyan” bloku 31, hakim koalisiyadan çıxan "Daşnaksütyun” fraksiyası isə 7 deputata malikdir./virtualaz.org/



Oxşar Xəbərlər

Xəbər lenti