İranda prezident qovğası qızışır :Ruhani favoritliyi əldən vermir, mühafizəkarlar isə birləşə bilmir – Təhlil

İranda prezident qovğası qızışır

 

İranda prezident yarışı başlanıb. Konstitusiya Gözətçiləri Şurası 1636 namizədin altısını seçkilərə buraxıb. İğtişaşlardan yayınmaq xatirinə Şuranın qərarı ilə aprelin 20-dən 21-ə keçən gecə İİR asayişi qoruma Qüvvələrinin bölmələri keçmiş prezident Mahmud Əhmədinejadın evi ətrafında növbə çəkib.

Prezident postuna İran prezidenti Həsən Ruhani, birinci vitse-prezident İshaq Cahangiri, İİR keçmiş sənaye naziri Mustafa Haşimi-Təba, Tehran meri Məhəmməd Baqir-Qalibaf, keçmiş baş prokuror İbrahim Rəisi və keçmiş mədəniyyət naziri Mustafa Mirsəlim iddiaçıdırlar. Gözətçilər Şurasının seçdiyi altı namizəddən Ruhani, Cahangiri və Haşimi-Təba mötədillərə, Baqir-Qalibaf, Rəisi və Mirsəlim mühafizəkarlara aiddir.

 

Etirazlar olmayacaq!

 

Müxalifətin 2009-cu ildə təşkil etdiyi kütləvi nümayişlər qarşısında xof İran elitası tərəfindən daxili düşmən obrazı formalaşdırmaq və istənilən etiraz fəallığının qabağını almaq üçün istifadə olunur. Mizan Online agentliyi Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadinin sözlərini sitat gətirir: "2009-cu ilin hadisələri təkrarlanmayacaq. Baş Prokurorluq və asayişi təmin edən başqa qurumlar buna yol verməyəcək. Konstitutiya Gözətçiləri Şurasının qərarı elan edildikdən sonra heç bir qanunsuz kütləvi tədbir olmamalıdır, paytaxtda durumu sabitsizləşdirmək cəhdlərinin hamısının qabağı alınacaq”. 

İran Silahlı Qüvvələrinin yaranışı günü münasibətilə ordu komandanlığı qarşısında çıxış edən ali lider Əli Xamenei "seçicilərin yüksək fəallığını İran düşmənlərinə əsas cavab” adlandırıb. Rəhbər qeyd edib: "Seçkilər sağlam, təhlükəsiz, siyasi atmosferdə, kütləvi iştirakla və ruh yüksəkliyi ilə keçməlidir”.

Xameneinin fikrincə, düşmən kütləvi informasiya vasitələri İranda seçkilərin nəticələrinə təsir etməyə və İran cəmiyyətində düşgün əhvali-ruhiyyə formalaşdırmağa cəhd edir.

İran Hüquq qaydaları təminatı Qüvvələrinin (NAJA) rəisi Hüseyn Əştari Mehr News agentliyinə müsahibədə idarənin qarşıdakı seçkilərdə birnömrəli vəzifələrini izah edib. O bildirib: "NAJA seçkilərdə təhlükəsizliyi təmin etməyə hazırdır və bunun üçün 300 min əməkdaşımız var. Kütləvi tədbirlərin hamısı qanun çərçivəsində keçməlidir. Hüquq müdafiəsi qüvvələri sanksiyasız istənilən mitinqin qarşısını alacaq”.  

İran məhkəmə sisteminin başçısı Sadiq Laricani Gözətçilər Şurasının namizədlər siyahısını elan etdiyi gün cəmiyyəti KİV-lər vasitəsilə manipulyasiyadan saqındırıb. Tasnim News agentliyi məhkəmə hakimiyyəti başçısının sözlərini misal gətirir: "Düşmənlər islam quruluşuna zərbə endirmək istəyirlər. Hamımız keşikdə olmalıyıq. Əsas hədəf isteblişmentin arasını vurmaqdır. Bunun üçün şeytanlara heç bir şans qoymamalıyıq!”

Hazırda İran elitasının düşüncəsini sakit və etirazsız səsvermə məğul edir.

 

İslahatçı namizədlər sıralarını möhkəmlədir

 

Prezident İran hakimiyyət sistemində önəminə görə ikinci vəzifəli şəxsdir. O, konstitusiyanın zəmanəti və icra hakimiyyətinin başçısıdır. Prezident əsas məsələlər üzrə qərarları ruhani rəhbərlə razılaşdırır. İranda baş nazir vəzifəsi yoxdur, buna görə də prezident hökuməti formalaşdırır və işini əlaqələndirir. Nazir və vitse-prezident kreslosuna namizədləri parlament təsdiq edir. Təyinatı rəhbər tərəfdən də təqdir tələb edən kəşfiyyat və müdafiə nazirləri özəl yer tuturlar. Prezident birbaşa ümumxalq səsverməsi ilə dörd ilə seçilir. O, iki müddətdən artıq vəzifə tuta bilməz.

Əsas favorit fəaliyyətdəki prezident Həsən Ruhani sayılır. Onun 68 yaşı var. Ali hakimiyyət qurumlarında müxtəlif mövqelərdəki işlərdə böyük təcrübəsi var. Ruhani 1980-2000-ci illərdə Məclisin beş çağırışının deputatı seçilib. Bu müddətdə spikerin müavini olub, iki dəfə təhlükəsizlik və xarici siyasət üzrə komissiyaya başçılıq edib. 1989-cu ildən 2005-ci ilədək Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. Bu qurum siyasi qərarlaırn formalaşması və qəbuluna güclü təsir edir, başçısı rəhbər tərəfindən təyin olunur,

1989-ci il islam respublikasının tarixində mürəkkəb il olub. Bu, inqilab lideri Ruhulla Xomeyninin ölüm, İran-İraq müharibəsinin bitdiyi ildir. Yeni rəhbər Əli Xameneinin Ruhaniyə güvəni inamdan xəbər verir. İİR hökumətinin indiki başçısı həmçinin elitar ekspertlər Şurasına daxildir. Ruhaninin 2013-cü il seçkilərində qələbəsi məhrum Əliəkbər Haşimi Rəfsəncaninin dəstəyi sayəsində mümkün oldu. Uğur İran cəmiyyətinin Mahmud Əhmədinejadın siyasətindən yorulması və dəyişikliklər tələbatı ilə bağlıydı.

2013-cü ildə məhz xarici və daxili siyasətdə dəyişikliklər Ruhaninin seçkiqabağaı kampaniyasının baş prinsipləri oldu. Seçkilərin nəticələri elan edildikdən sonra İranın ən böyük şəhərlərində Ruhaninin on minlərlə tərəfdarı küçələrə çıxdı. "Yaşasın İslahat! Yaşasın Ruhani!” və "Əhmədi, görüşənə qədər!”

Birgə ümumi fəaliyyət planının imzalanması, İrana xarici yatırımların cəlbi, neft və qaz hasilatı həcminin artımı ilk prezidentlik müddətinin yekunlarına aiddir. Daxili məsələlərdə problemlər qalır – bu, inflyasiya və işsizlikdir. Təkrar seçilmə halında daxili siyasət gündəminə diqqətin cəmlənməyi Ruhani üçün əsas vəzifə ola bilər.

Əliəkbər Haşimi Rəfsəncaninin qardaşı, İİR Dövlət Teleradio şirkətinin keçmiş başçısı Məhəmməd Haşimi Rəfsəncani onun tərəfinə keçib. "Ümid siyahısı” islahatçı fraksiyann lideri Məhəmməd Rza Arif hələ seçkilər ərəfəsində Ruhanini aşkar şəkildə dəstəkləyib. Seçkiqabağı qərargaha prezident Xatəmi dönəmində ticarət naziri olmuş Məhəmməd Şəritəmədari rəhbərlik edib.

İslahatçıların qeyri-formal lideri Rəfsəncaninin 2017-ci ilin əvvəlində öldüyünə baxmayaraq Ruhani öz mövqelərini saxlamağa nail oldu. Hətta aprelin 19-da İran parlamentinin Tehrandan mühafizəkar deputatı Bəhruz Neməti parlamentin spikeri Əli Laricaninin prezidentlə gizli siyasi ittifaqının formalaşdığı haqda məlumatı təsdiqlədi. Məclis rəhbərinin çevrəsinə daxil olan Neməti Tehranda Həsən Ruhaniyə dəstək üçün "Mühafizəkar qüvvələrin qərargahı”nın yaradıldığını bildirdi.

Deputatın sözlərinə görə, "İslam inqilabı qüvvələrinin Xalq Cəbhəsi” hərəkatı mühafizəkar düşərgənin bütün təmsilçilərinin mövqeyini ifadə etmir. Parlamentari islahatçı Aftab News xəbərlər portalı ilə söhbətdə qeyd edib: "Ruhani-Laricani koalisiyası qanunverici və icra hakimiyyətinin 4 il müddətində sıx işi ilə bağlıdır. Təbii ki, bu siyasi ittifaq kağızda sənədləşdirilməyib, lakin hökumətlə Əli Laricani arasında koalisiya var”.

Siyasi pəhləvan və islam respublikasının qurucularından biri, 2017-ci ilin əvvəlində vəfat etmiş Əliəkbər Haşimi Rəfsəncaninin yerini Ruhani, Laricani və islam inqilabı liderinin nəvəsi Həsən Xomeyni ittifaqı tuta bilər.

Ruhaninin strategiyası hökumətin dörd il ərzindəki uğurlarının müdafiəsinə əsaslanır. Bu mövqeyi qorumaqda ona İshaq Cahangiri yardım edəcək. İran KİV-ləri onu "gizli namizəd” adlandırır və istisna etmir ki, birinci vitse-prezident Ruhaninin xeyrinə öz namizədliyini geri götürə bilər.

Bütün iştirakçılar içində prezident qovğasının autsayderi Mustafa Haşimi-Təbanı sayırlar. O, hökumətdə sənaye naziri vəzifəsi tutub, sonra İran Milli Olimpiya Komitəsinə başçılıq edib. Bu, prezident kreslosu uğrunda mübarizə aparmaqda onun ikinci cəhdi olacaq. O, seçkilərə onuncu yeri tutduğu 2001-ci ildə ilk dəfə qatılıb.

 

Mühafizəkarlar Rəisiyə güvənirlər

 

Mühafizəkar düşərgə təmsilçiləri hələlik vahid namizəd irəli sürməyə nail olmayıblar. Seçkilərdən qabaq "İslam inqilabı qüvvələrinn Xalq Cəbhəsi”ndə birləşmək ideyası iflasa uğrayıb. Nəticədə prezident postuna üç namizəd alınıb. Ruhaninin əsas rəqibi keçmiş baş prokuror olacaq. 56 yaşlı Rəisi də Əli Xamenei kimi Məşhəddə – İranın şimali-şərqində yerləşmiş Xorasan-Rzai əyalətinin inzibati mərkəzində doğulub. Onun kürəkəni ruhani rəhbərin Xorasan-Rzaidəki təmsilçisi ayətullah Əhməd Əlamulxudadır.

Birincisi, Rəisi müsəlman ruhani şəxslərin işlərinə baxan və onlara hökm çıxaran özəl məhkəmədə qulluq edib. O, on il ərzində (2004-2014) Məhkəmə sistemi başçısının müavini vəzifəsini tutub. 2014-cü ildə İranın Baş prokuroru olub.

İkincisi, ali rəhbər Əli Xamenei 2016-cı ilin martında Rəisini "Astan Qüds Rəzəvi” mühüm islam fondunun direktoru və imam Rza məqbərəsinin qoruyucusu təyin edib. Fonda rəhbərlik onun dini nüfuzu və iqtisadi imkanlarını yüksəldir. Fond hökumət qarşısında hesabatlı deyil. Təkcə təşkilatın balansındakı torpaqlar 20 milyard dollar məbləğində qiymətləndirilir. Bundan başqa, Məşhədə hər il 25 milyona yaxın zəvvar gəlir. Gəlirlərin hamısı müxtəlif şirkətlərdə daşınmaz əmlakdan tutmuş IT-texnologiyalara qədər səhmlərə sahiblik edən, Azərbaycan, Suriya, Əfqanıstan, Hindistanda layihələr gerçəkləşdirən  fonda gedir. Tatarıstan prezidenti Rüstəm Minnixanov bu il aprelin 23-də Məşhəddə fondun rəhbəri ilə görüşüb.  

BBC, AFR bvə digər Qərb KİV-ləri Rəisinin namizədliyinin təsdiqindən sonra onun barəsində rəhbərin əsas varisi kimi danışmağa başlayıb.

Üçüncüsü, İbrahim Rəisi Ekspertlər Şurasına daxildir. İran konstitusiyasına əsasən, bu qurum ali rəhbərin işinə nəzarət edir, onu vəzifədən götürmək və yeni rəhbəri seçməyə vəkil edilib. Rəisi son 11 ildə ruhani rəhbər postuna potensial namizədlərin yoxlanmasına sorumlu olan komissiyadadır.

Rəisinin seçkiqabağı qərargahına keçmiş yollar və şəhər inşaatı naziri Əli Nikzad başçılıq edir. O, Əhmədinejadın yaxın çevrəsinə daxil idi. Keçmiş Baş prokuroru süzgəcdən keçməmiş, namizədlərdən heç birini müdafiə etməmiş Məsud Zəribafan və himayəçisi Əlirza Bəqai dəstəkləyir.

2013-cü il seçkilərində 4 milyon səs toplayaraq üçüncü yeri tutmuş Səid Cəlili də dəstək ifadə edib. O öz Telegram-kanalında Rəisi ilə fotoşəklini dərc edib. Cəlili Əhmədinejadın prezidentliyi dönəmində  2007-2013-cü illərdə Ali Milli Təhlüksizlik Şurasının katibi vəzifəsini tutub. Onu İranın yeni mühafizəkarları qrupun aid edirlər. Rəhbərin oğlu Seyid Müctəba Xameneini Cəlilinin qəyyumu sayırlar.

Rəisi üçün prezident kampaniyasına qatılmaq çağırışdır. O, həqiqətən də rəhbərin yerinə iddialıdırsa, məğlubiyyəti əhali içindəki mövqeyini sarsıdacaq.

Tehranın 55 yaşlı meri Məhəmməd Baqir-Qalibaf prezident kampaniyasına üçüncü dəfə qatılır. O, İran-İraq müharibəsi illərində İİKK özəl bölməsində, sonralar isə İİKK HHQ-də xidmət edib. 1999-2005-ci illərdə İran polisinə başçılq edib.

2005-ci ildə Əhmədinejadın seçkilərdə məğlubiyyətindən sonra Qalibafı İran paytaxtının meri seçiblər. 2013-cü il seçkilərində Rəfsəncani Ruhaninin namizədliyini dəstəkləyənə qədər onu favorit sayırdılar. Yekunda mer Ruhaninin 50,8% (18,6 milyon) səsinə qarşı 16,5% (6 milyon) səs yığaraq ikinci yeri tutdu.

Qalibaf son iki həftədə hökumətin iqtisadi kursunu inadla tənqid edir. O, qarşıdakı seçkilərdə, çətin ki, Ruhani və Rəisiyə gerçək rəqabət təşkil edə bilər. 2017-ci iuin yanvarında "Placo” ticarət mərkəzindəki fəlakətdə 30 nəfər həlak olduqdan və 70 nəfərdən çox adam yaralandıqdan sonra Qalibafın üzərinə ruşvətxorluq, səriştəsizlik ittihamları yağdı və istefa çağırışları səsləndi.

Rəisi və Qalibaf hələlik koalisiya yaratmayıb və Ruhani hökumətinin tənqidi ilə məşğul olurlar. Onlar nüvə sazişinin özünü şübhəyə məruz qoymur, lakin gerçəkləməsinin iflasından istifadə edirlər.

Son namizəd – keçmiş mədəniyyət naziri Mustafa Mirsəlim KİV-lərə sərt senzurası və bir sıra islahatçı nəşrləri bağlamağı ilə ad çıxardıb. "Al-Monitor”un analitiki Ruhulla Fəqihinin fikrincə, Mirsəlim Əliəkbər Vilayətinin 2013-cü il seçkilərində etdiyi kimi Ruhaninin əlinə oynaya bilər.  

 

Canlı debatlar?

 

Ruhani əleyhdarları dövlət kanallarını hökumət və onun liderinin xeyrinə təbliğatda ittiham edirlər. Rəisi hətta KİV-lərin işi üzrə prezidentə və Dövlət Teleradio şirkətinin başçısına etiraz məktubu yazıb. DİN nəzdindəki seçkiqabağı təbliğat üzrə komissiya namizədlərin siyahısı elan edildikdən sonra namizədlərin debatının yazılmış halda translyasiyası haqda qərar qəbul edib. Bu, təkcə seçki iştirakçılarının arasında deyil, həm də İran bloq mühiti və KİV-lərdə narazılq dalğası doğurub.

Tənqidçilər prezident Ruhanini öz opponentləri qarşısında birbaşa efirdə çıxış etmək xofunda ittiham ediblər. Lakin komissiya bir gündən sonra aprelin 22-də öz qərarına yenidən baxıb. Debatlar dövlət televiziyasında birbaşa efirdə göstəriləcək. Müxalif blogerlərdən biri Twitter-də yazıb ki, "dördillik çıxışdan sonra Ruhanini cavab vermək gözləyir!”

 

ABŞ və İsrail Ruhaniyə qarşıdır

 

Amerika siyasətçiləri və müttəfiqləri son həftədə Yaxın Şərqdə yeni antiiran informasiya müharibəsini işə salıblar. ABŞ prezidenti Donald Tramp, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis islam respublikasını nüvə sazişinin şərtlərinə əməl etməməkdə ittiham edir və bölgədəki hərc-mərcliyin əsas günahkarı adlandırırlar.

Birgə Ümumi Fəaliyyət Proqramına ("altılıq”la İran hökuməti arasında imzalanmış nüvə sazişi-tərc.”) zərbə Həsən Ruhaniyə hücumdur. Birinci müddətin uğuru məhz bu sazişlə bağlıdır və istənilən həmlə onun rəqiblərinə xal yığmaq imkanı verir. Məlum olduğu kimi, xarici siyasət islam respublikasında seçki kampaniyası üçün təməl rolunu oynayır. Çünki İran Suriya, Livan, Yəmən münaqişələrində əsas oyunçu kimi qalır və Fars körfəzi bölgəsində duruma təsir edir.

İİKK-in yaranış günü bayramında İİR SQ Baş Qərargah rəisi Məhəmməd Baqiri qeyd edib ki, "İİKK Suriya və İraqda islam müqavimətinə dəstək verərək İran xalqı üçün "təhlükəsizlik qalxanı” və islam dünyasında sabitlik rolunu oynayır”.

Britaniyanın "Financial Times” qəzeti seçkisonrası qaranlıq perspektivləri təsvir edir. İran seçkilərinə həsr edilmiş məqalədə iki ssenari təklif olunur. Məqalədə deyilir: "İnsanlar iqtisadi islahatları və Ruhani kursunun davamını, ya da geriləmə, populizm və Venesuelaya çevrilməyi seçməlidirlər”.

Xarici basqı güclənəcək. Kürd bölgələri və Bəlucistanda fitnəkarlıqlar istisna deyil. Ola bilsin, bu bölgələrdə gizli fəaliyyətin güclənməsi Pentaqon başçısının Səudiyyə Ərəbistanının müdafiə naziri ilə görüşündə əsas mövzulardan biri idi. Buna görə də qarşıda islam respublikasını çətin seçimlər gözləyir.

Beynəlxalq oyunçuların həmlələrinə baxmayaraq, Ruhaninin durumu sabitliyi ilə fərqlənir. O, ikinci müddətə doğru inamla gedir. Xüsusən də ona görə ki, namizədlərin qarşıdurması dinc məcrada keçir. Mühafizəkarların qələbəyə gerçək şansı ancaq o halda meydana çıxar ki, sazişə gəlib vahid cəbhədə çıxış etsinlər. 

Kirill Cavlax

REGNUM İA




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}