Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Regiondakı gərginlik ocaqlarının münaqişə həddinə çatdırılması məqsədiylə göstərilən cəhdləri boğmaq üçün Azərbaycan hərbi arsenalına yeni silahlar tədarük etməlidir"
"Türkiyənin "Baykar", ASELSAN, ROKETSAN, HAVELSAN və sair kimi müdafiə sənayesi şirkətlərinin istehsal etdikləri hərbi məhsulların siyahısına əlavələr etməsi Azərbaycan üçün də vacibdir"
"Türkiyənin müdafiə sənayesi performansını yüksəklərə qaldıraraq qüvvələr balansındakı yerləri dəyişdirir. Bu, Türkiyənin strateji çəkindiricilik gücünə əhəmiyyətli təsir göstərəcək. Türkiyə indi də səsdən sürətli raketi hava, quru və dəniz platformaları ilə inteqrasiya edir". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Aqşin Kərimov qeyd edib.
Siyasi şərhçi hesab edir ki, Ankaranın ən azından iki səbəbdən bununla öyünməyə haqqı var: "Birincisi, bu silahlar analoqsuz xarakterə malikdir. İkincisi, bunlar yerli istehsaldır və Türkiyənin silah idxal etmək asılılığını aradan qaldırır. Havadan zərbələr kateqoriyasında Türkiyənin "Bayraktar", "Aksunqur", "Akıncı" və "Kızılelma" da daxil olmaqla pilotsuz döyüş aparatları beynəlxalq hərbin fırlanma oxuna təsir edir. Beləliklə, ballistik raketlər, hədəfi dəqiq vuran ağıllı sursatlar, hava hücumundan müdafiə sistemləri, tanklar, hava-yer tipli səsdən sürətli raketlər, döyüş gəmiləri və sair beynəlxalq gücləri Türkiyə ilə məsafəli davranışa məcbur edir. Ümumiyyətlə, Türkiyənin "Baykar", ASELSAN, ROKETSAN, HAVELSAN və sair kimi müdafiə sənayesi şirkətlərinin istehsal etdikləri hərbi məhsulların siyahısına əlavələr etməsi Azərbaycan üçün də vacibdir".
Aqşin Kərimov bildirib ki, regiondakı gərginlik ocaqlarının münaqişə həddinə çatdırılması məqsədiylə göstərilən cəhdləri boğmaq üçün Azərbaycan hərbi arsenalına yeni silahlar tədarük etməlidir: "Bu mənada, Azərbaycanla Türkiyə arasında yeni silahların alınması üçün müqavilələr bağlanacağı gözlənilir. Prezident İlham Əliyevin aprelin 3-də "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar, aprelin 4-də isə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul etməsi bu fikri daha da gücləndirir. Yeni nəsil silahlar Azərbaycanın təhdidlərə qarşı sinə gərməsində resurslarını təkmilləşdirəcək. Böyük ehtimalla, yeni partiya silahların tədarükü ilə bağlı razılıq geniş ölçüdə əldə edilib, hazırkı müzakirələr ixrac-idxal əməliyyatlarının texniki parametrlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumilikdə, Türkiyə istehsalı olan silahların tədarükü iqtisadi artım üçün də stimuldur. Türkiyənin ilk yerli elektromobili "TOGG" hərbi təyinatlı olmasa da, bunu Ankaranın dünya müdafiə sənayesi səhnəsində yüksələn profilinin mülki sahədəki davamı kimi izləmək olar. "TOGG" aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyevə də təqdim edildi. Mümkündür ki, yaxın perspektivdə "TOGG"un Azərbaycana idxalı reallaşsın. Bu o deməkdir ki, "TOGG" Bakı-Ankara tandemini möhkəmləndirən strateji əlaqələrdə yeni istiqamət olacaq və avtomobili istehsal edən zavodun Azərbaycanda da müəssisəsi yaradıla bilər".
Vazeh BƏHRAMOĞLU