ABŞ və İsrail indi də İordaniyanı qarışdırır - Kral Abdullahı nəyə məcbur etmək istəyirlər?

 

Yaxın Şərqin strateji əhəmiyyətli ölkəsi olan İordaniya bir həftədir qarışıb. Vergi qanununda edilən dəyişikliyə etirazlar baş nazir Hani əl-Mulkinin istefası ilə nəticələndi. Kral Abdullah artıq yeni hökumətin qurulmasını keçmiş təhsil naziri Ömər ər-Rəzzaza tapşırıb.

Ancaq təbii ki, indi hər kəs aksiyalardan çox onun səbəbləri ilə maraqlanır. Yaxın Şərqin neftsiz tək-tük ölkələrindən biri, 8 milyonluq əhalisi olan və Qərbin ən yaxın tərəfdaş hakimiyyətlərindən birinə sahib İordaniya nədən qarışır? Doğrudur, İordaniyada bu cür siyasi təlatümlər vaxtaşırı olur. 2011-ci ildə də baş verən aksiyalar hökumətin istefası ilə nəticələnmişdi. Amma indiki hadisələrdə başqa amillər var, belə görünür. Həm də aksiyalar hələ davam edir. İordaniyanı kim və niyə qarışdırır?

İordaniya Yaxın Şərqin mərkəzində, Suriya, Səudiyyə Ərəbistanı, Fələstinlə (İsrail) həmsərhəd olan, dənizə çıxışı demək olar ki, olmayan – Aqaba limaını vasitəsilə Qırmızı dənizə kiçik çıxışı nəzərə almasaq – 8 milyon əhalisi olan kiçik bir səhra ölkəsidir. Ancaq yerləşdiyi ərazi dünyanın diqqət mərkəzindədir.

İordaniya kiçik ölkə olsa da, Ərəb-İsrail münaqişəsində mühüm əhəmiyyət daşıyır. Çünki birincisi, ölkənin az qala yarısını fələstinlilər təşkil edir. İkincisi, İsrail və Fələstinlə sərhəd qonşuluğu var. Yəni, Fələstin münaqişəsinin həlli İordaniya ilə birbaşa bağlıdır. Doğrudur, İordaniya Haşimiləri uzun illər Fələstin məsələsindən öz hakimiyyətləri və dövlət maraqları üçün kart olaraq istifadə ediblər. Ancaq indi deyəsən vəziyyət daha ciddidir. Belə görünür ki, Fələstinlə bağlı çox mürəkkəb və ədalətsiz həll planına kral Abdullahın daxil edilməsi gündəmə gəlib. Ərəb və Qərb müttəfiqləri İordaniya Haşimilərini də bu plana razı salmaq istəyir. Kralsa hələ də dirənir.

iordaniya kral abdulla ile ilgili görsel sonucu

İordaniya ətrafında nə baş verdiyini anlamaq üçün bir qədər əvvələ – ötən ilin noyabrına getmək lazımdır. Ötən ilin noyabrında əvvəlcə Livan baş naziri Həriri ər-Riyada dəvət edilib həbs olundu və istefa verdiyini bəyan etdi. Arxasınca Fələstin lideri ər-Riyada dəvət olundu və o zaman ərəb mətbuatı Vaşinqtonun da dəstəklədiyi yeni həll planının ortaya qoyulduğunu yazdı. Ancaq detallar məlum olmasa da, Mahmud Abbasın ər-Riyadda Krallıq rəhbərlərinə mənfi cavab verdiyi bilinir.

Çünki məhz Abbasın ər-Riyad səfərindən az sonra Səudiyyə Ərəbistanı hakimiyyəti Fələstin əsilli məşhur iş adamı, İordaniya və Səudiyyə Ərəbistanında böyük həcmdə yatırımları olan Sabih əl-Masrini həbs etdirdi. O zaman xəbərlərdə bildirilirdi ki, Səudiyyə və İordaniya vətəndaşlığı olan əl-Masri ər-Riyada iş toplantısı üçün getdiyi zaman, daha dəqiqi fələstinli iş adamı Əmana qayıdarkən ər-Riyad hava limanı yolunda saxlanılıb.

Sabih Masri mərkəzi ofisi İordaniyada yerləşən Ərəb Bankının rəhbəridir. Mətbuatda yer alan məlumatlara görə, ətrafı İrodaniya kralı ilə də yaxın əlaqələri olan Masriyə ər-Riyada getməməklə bağlı xəbərdarlıq edib.

Masrinin həbsinin əsl səbəbləri haqda məlumat verilməsə də, Fələstin hakimiyyətinin əsas sponsorlarından biri olan Ərəb Bankının rəhbərinin həbsinin İstanbuldakı Qüds sammitindən dərhal sonra baş verməsi diqqətləri cəlb edirdi.

İddialara görə, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman ər-Riyada dəvət etdiyi İordaniya kralı Abdullahla danışaraq İstanbula getməməsini istəyib. Eləcə də, Misir prezidenti vasitəsilə Fələstin prezidenti Mahmud Abbasın İstanbula getməsinə mane olmaq istəyib. Ancaq Abdullah və Mahmud Abbas İstanbul sammitinə qatılaraq Qüds bəyannaməsinə dəstək verib. Masri isə bu hadisələrdən sonra həbs olunub. Ancaq onun həbsi yalnız İstanbul sammitinə görə olmayıb. Çünki iş adamı Fələstin hökumətinin sponsorlarından biridir və İordaniya iqtisadiyyatında ciddi payı var. Təsadüfi deyil ki, onun həbsi İordaniyada ciddi reaksiyalar doğurmuşdu. Belə görünür ki, Masrinin həbsi həm Abbasa, həm də Abdullaha təzyiq olub.

Ä°lgili resim

İndi isə Yaxın şərq ekspertlərinin fikrincə, İordaniyada baş verən qarışıqlığın əsas səbəbi kral Abdullahı təslim etməkdir. Çünki ildə ABŞ-dan bir milyard dollar yardım alan və körfəz ərəb dövlətlərinin maliyyə dəstəyi ilə ayaqda duran İordaniya xarici yardımlar kəsiləcəyi təqdirdə ağır vəziyətə düşə bilər.

Təbii ki, Fələstin münaqişəsinin həllində İordaniya dövlətinin razılığı və dəstəyi olmalıdır. Əks halda münaqişənin həlli mümkün deyil. Belə görünür ki, indi Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin İordaniyaya təklif etdiyi həll variantı kral Abdullah üçün əlvrişsiz olub.Çünki Abdullah yaxşı bilir ki, İsrailin istədiyi kimi həll əvvəl-axır yeni müharibəyə səbəb olacaq, və savaşın ortasında İordaniya qalacaq. Ancaq əksi də çətindir.İddialara görə, artıq Səudiyyə Ərəbistanı İordaniyaya 250 milyon dollarlıq yardımı kəsib.

Hələliksə kral Abdullah dirənir. Doğrudur, ABŞ hər nə qədər bu projedə yer alsa da, İordaniya kimi bir ölkənin xaosda boğulmasına razı olmayacaq. Ancaq buna qədər Abdullah möhkəm sıxışdırılacaq.(musavat.com)



Oxşar Xəbərlər

Xəbər lenti