ORQANLARIN TRANSPLANTASİYASI: insanlığın xilası, yoxsa orqan mafiyasının çiçəklənməsi?

ORQANLARIN TRANSPLANTASİYASI: insanlığın xilası, yoxsa orqan mafiyasının çiçəklənməsi?

 

Bu gün dünya mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də insan alveri və orqan mafiyasıdır. Ən ağrılısı isə odur ki, orqan mafiyasının qurbanları daha çox azyaşlı uşaqlardır.

Orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl sınaqdan keçirilib

Tarixi mənbələrdən məlumdur ki, orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilib. Müasir dövrdə isə, xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda, ona digər bir insandan orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. İlk köçürülən orqan böyrək olub.

Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci ilin 4 martında nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. Amma sonradan bu iş dayandırılıb. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsi - bütün bunlar həkimlərin əlini uzun müddət bu işdən soyudub və onlar transplantasiya ilə məşğul olmayıblar.

Azərbaycan müstəqillik qazandıqdan bir neçə il sonra, 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub. 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.

2011-ci ilin 17 noyabrında Nazirlər Kabineti insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul edib. "İnsan orqan və ya toxumalarının transplantasiyası Qaydaları və Şərtləri”nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilə bilər. Transplantasiyaya 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və toxumaların götürülməsi, insan orqanlarının alğı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağan edilir.

Nazirlər Kabinetinin təsdiq etdiyi "İnsan orqan və toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na görə isə akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanası transplantasiya əməliyyatlarını həyata keçirə bilərlər.

"Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları”na görə isə, şəxs donorluqla bağlı münasibətini bildirməmişdirsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir. Meyitdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na daha bir müəssisənin adı əlavə edilib. Qərara əsasən, Respublika Diaqnostika Mərkəzində ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi transplantasiyasının həyata keçirilməsinə icazə verilib.

Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilib.

Azərbaycanda buynuz qişasının transplantasiyasının aparılmasına da icazə verilib, 2003-cü ildən 2011-ci ilə qədər ölkəmizdə bu əməliyyatlar keçirilib. Amma təəssüflə qeyd olunmalıdır ki, gözün buynuz qişasının transplantasiyasının hazırkı dövrdə Azərbaycan üçün çox əhəmiyyətli olduğu halda ölkəmizdə hələ də göz qişalarının saxlanması üçün Göz Bankı yaradılmayıb.

Aysberqin görünən tərəfi

Ölkədəki hər bir insan itkisinə insan və orqan alveri məqsədli cinayətin tərkib hissəsi kimi baxılmalıdır

Təəssüf ki, insan həyatını xilasına xidmət etməli olan orqan transplantasiyası bütün dünyada orqan mafiyasının gəlir mənbəyinə çevrilib. Bu səbəbdən, hər gün on minlərlə insan orqan tüccarlarının qurbanı olur, ən acınacaqlısı isə odur ki, qurbanların böyük əksəriyyəti günahsız körpələr və azyaşlı uşaqlardır.

"Hürriyyət”in ötən sayında çap olunan "Tarixin böyük açılmamış cinayəti” məqaləsində Yunanıstanın keçmiş xarici işlər naziri Nikos Kotziasın Avropada baş verən böyük miqyaslı cinayətlər barəsində açıqlamaları yer alır. Xatırladaq ki, sabiq nazir minlərlə qaçqın uşağa viza verildikdən sonra onların Avropada seks köləsi olduğunu və orqan mafiyasına təslim edildiyini bildirməklə, bütün dünyanı dəhşətə gətirən mənzərəni rəsmən etiraf edib. Kotzias bu məsələ ilə bağlı 93 hadisənin qeydə alındığını da vurğulayıb.

"Kimsəsiz uşaqlara viza verilməsinin nə demək olduğunu bilirsinizmi? Bu orqan ticarəti deməkdir! Öləndən sonra rahat yatmağıma səbəb olacaq yeganə şey isə bəzi canları xilas edə bilməyimdir” söyləyən sabiq nazir bəyanatında açıqladığı rəqəmin sadəcə aysberqin görünən tərəfi olduğunu da vurğulayıb.

Çox təəssüf ki, bu qorxunc hesabata rəğmən, Avropada heç bir cinayət işi açılmayıb, uşaqların aqibəti qeyri-müəyyən olaraq qalmaqdadır.

Ölkəmizdəki hər bir insan itkisinə insan və orqan alveri məqsədli cinayətin mümkünlüyü kimi baxılmalıdır

Ümumiyyətlə, qeyd etdiyimiz kimi, orqan mafiyası artıq uzun illərdir dünyaya meydan oxuyur. Bu bəla Azərbaycandan da yan keçməyib. Artıq neçə illərdir ölkə mətbuatı bu mövzunu müzakirəyə çıxarır.

Xatırladaq ki, 2010-cu ildə İnsan orqanlarının "qara transplantasiya”sı ilə bağlı araşdırma aparmaq məqsədilə Ukrayna Daxili İşlər Nazirliyinin əməliyyat qrupu Bakıya gəlmişdi.

O zaman Azərbaycanın baş prokuroru Zakir Qaralov mətbuata açıqlamasında Ukrayna Daxili İşlər Nazirliyinin orqan mafiyası ilə bağlı Baş Prokurorluğa müraciət etdiyini bildirmişdi: "Ukrayna daxili işlər orqanları Azərbaycan mətbuatına açıqlama verərək, onların əlində insan orqanlarının "qara transplantasiyası” ilə bağlı əməliyyat məlumatlarının olduğunu bildirib. Biz qarşılıqlı hüquqi anlaşma əsasında Ukrayna tərəfi ilə bu məsələləri araşdıracağıq. Əgər Azərbaycan həkimlərinin bu cinayət hadisəsində əlaqəsi üzə çıxarsa, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən bizə müraciətlər daxil olub. Biz həmin müraciəti dəyərləndirəcəyik və müvafiq qərarlar qəbul olunacaq”.

Azərbaycan daxili işlər orqanları ilə birgə Bakıda araşdırmalar aparan əməliyyat qrupunun orqan mafiyası ilə bağlı Azərbaycanın tibb müəssisələrində yoxlamalar apardığı həkimlərin ifadələrini aldığı yazılsa da, nədənsə həmin araşdırmanın nəticələri ilə bağlı heç bir açıqlma verilmədi.

Sonrakı illərdə də Azərbaycanda insan alveri, orqan ticarəti mövzusu dəfələrlə müzakirə obyektinə çevrilib, bu gün də bu qandonduran məsələ öz aktuallığını itirməyib. Vaxtaşırı ölkəmizin müxtəlif şəhərlərində, xüsusilə də paytaxtda azyaşlı uşaqların oğurlandığı, itkin düşdüyü haqda məlumatlar yayılır. Bu ilin yayında Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların "orqan mafiyası” tərəfindən qaçırılması barədə yayılan məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını bildirsə də, bir neçə ay öncə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunub, cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilməsi ölkədə orqan mafiyasının fəaliyyətinin əyani təsdiqidir.

Təbii ki, Xudatov Vahid Fəxrəddin oğlu bu cinayətkar şəbəkədə çox kiçik bir fiqurdur, şübhəsiz, onun arxasında yüksək rütbəli səlahiyyətli şəxslər dayanır, elə bu səbəbdən də cinayətlərin böyük əksəriyyəti üstüörtülü qalır.

Orqan transplantasiyası ilə bağlı qanunvericiliyə ediləcək əlavə və dəyişikliklər ölkəmizdə orqan ticarətinin qarşısını ala biləcəkmi?

Son illər ölkəmizdə açıq şəkildə öz daxili orqanlarını satmağa cəhd edən, internetdə bununla bağlı elanlar yerləşdirən şəxslərə rast gəlirik. İstər internetdə yayılan, istərsə də, küçələrdə asılan kağızlarda adətən bu sözlər qeyd olunur: "Böyrəyimi satıram, təcili pula ehtiyacım var”. Təbii ki, ağıla gələn ilk fikir həmin şəxsin ehtiyac ucbatından belə əmələ əl atmasıdır.

Bəs görəsən vətəndaşların öz orqanlarını satışa çıxarmasına qanun yol verirmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə görə, orqan satışına cəhd edənlər cinayət məsuliyyəti daşıyırlar. Gələcəkdə bu məsələdə qanun daha da sərtləşəcək. Burada söhbət transplantasiya prosesində iştirak edən bütün tərəflərin məsuliyyətindən gedir.

M. Quliyev deyib ki, Azərbaycanda meyitdən orqan götürülməsi məsələsinin hələ də həllini tapmaması qanuna yenidən baxmaq zərurətini ortaya çıxarıb. Onun sözlərinə görə, orqan transplantasiyası ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilməsində məqsəd həm bu sahədəki boşluqları aradan qaldırmaq, həm də hər istəyən şəxsin öz daxili orqanını satmasının qarşısını almaq üçün nəzarət mexanizmini sərtləşdirməkdir.

"İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanuna ediləcək dəyişikliklərdə məhz meyitdən orqan götürülməsi məsələsi də öz əksini tapacaq.

Musa Quliyev vurğulayıb ki, insanların öz daxili orqanlarını bağışlamaları mövzusunda ciddi maarifləndirmə işləri aparılmalıdır: "Kimsə istədiyi kimi onu alıb-sata bilməz”.

Hazırladı: Banu OĞUZ

P.S. Əslində bu məsələyə yalnız hüquqi aspektdən deyil, psixoloji, mənəvi aspektdən də baxılmalıdır. Çünki insanların çörəklə sınağa çəkildiyi bir ölkədə, bəzən yaxınlarının həyatını xilas etmək üçün insanın bədəninin bir parçasını satmaqdan savayı yolu qalmır. Ümumiyyətlə, bu məsələdə araşdırılası məqamlar çoxdur. Əslində, artıq qeyd etdiyimiz kimi, bu gün orqan mafiyasının ölkəmizdəki fəaliyyəti ilə bağlı verilən açıqlamalar, söylənən rəqəmlər, adları açıqlanan insan alverçiləri aysberqin yalnız görünən tərəfidir, aysberqin kökü isə çox dərinlərdədir.

Və bu gün orqan transplantasiyası ilə bağlı verilən qərarların, qanunvericiliyə ediləcək əlavələrin ölkədə orqan ticarətinin qarşısını nə dərəcədə ala biləcəyi sual döğurur.

Bütün suallara cavab verə bilməsək də, növbəti yazılarımızda hər birimizi narahat edən mətləblərə aydınlıq gətirməyə çalışacağıq.



Oxşar Xəbərlər

Xəbər lenti