DTX arxivindən 40 fotoşəkil çıxaran ilk şəxs kimi tarixə düşdüm-Müsahibə

 

DTX arxivindən 40 fotoşəkil çıxaran ilk şəxs kimi tarixə düşdüm-Müsahibə

 


 

(Əvvəli ötən sayımızda-http://sozcu.info/musahib/8738-dtx-arxivinde-40-dan-chox-fotoshekil-chixarmaq-mene-nesib-oldu-musahibe.html)

Mənim şəxsi araşdırmalarım nəticəsində doğma yurdum Qazaxda "Şəkərin qalası” və "Acı dərəsi” adlanan edam məkanlarını üzə çıxardım.

 

-Türkiyə səfərinizi vaxtı ilə QİO-nun Şərqi Anadoludan Gürcüstana keçib, oradan da Azərbaycana köməyə gələn marşrutu, siz əks istiqamətdə həyata keçirmisiz. Sizcə bu marşurutla səfər edərkən 100 il əvvəl baş vermiş hadisələri xəyalınızda mistik olaraq canlanırdımı?

-Təsadüfdümü, yoxsa Allahın kəramətidirmi bilmirəm, amma o anları mən də yaşadım, hətta gözləmədiyim halda sırf 15 sentyabr, Bakının azad olunduğu gün Nuru paşanın məzarı başında qərar tutdum. Hansı ki, böyük türk paşasının məzarını ziyarəti ayın 17-18-ə nəzərdə tutmuşdum. Özümü xöşbəxt hesab edirəm ki, məhz Bakının düşmənlərdən azad olunmasında böyük pay sahibi olan komandanın məzarı başında "Cümhuriyyət xilaskarları: Əmanət məzarlar” kitabımı Türkiyə ictimaiyyətinə təqdim etmək şərəfinə nail oldum.

-Son zamanlar repressiya qurbanlarından olan şairimiz Mikayıl Müşviqin nəşinin tapılması haqqında məlumatlar gündəmdədi. Necə düşünürsüz tapılan skeletlər həqiqətən mərhum yazıçımızamı məxsusdur?

-Bu məsələ gündəmə damğasını vuran zaman, bəlkə də 1-ci skeptikt yanaşaraq, yazıçının nəşi kimi qeyd edilən tapıntılara aydınlıq gətirilməsiylə bağlı onu üzə çıxaran insanlardan dolğun açıqlama istəyən mən oldum. Onlar qeyd etdilər ki, 1938-ci ilin yanvarında ölümə məhkum edilənlər bu məkanda güllələnib. Təbii ki, qeyd edilən ifadə ünvanladığım suala dolğun cavab deyildi. Madam ölkə rəhbəri bu məsələni şəxsi nəzarətinə götürdü, ümid edirəm ki, yazıçımızın həm həyatda sağ qalmış, həm də dünyasını dəyişmiş qohumlarının DNT nümunələr götürülərək, şəffaf araşdırma aparılacaq və həqiqət üzə çıxacaq. Vaxtı ilə qələmə aldığım birinci kitabımı 2017-ci ildə tamamlayıb repressiya qurbanlarının 80 illik faciəsinə həsr etməyi düşünürdüm, amma iş bir qədər uzandı. Buna baxmayaraq, kitabım 5 yanvarda, yəni Müşviqin öldürüldüyü gün çapa hazır vəziyyətə gətirdik. Həm repressiyaya məruz qalan bir nəslin nümayəndəsi, həm çoxsaylı müşviqsevən, həm də bir araşdırmaçı kimi çox istərdim ki, ədibimizin 110 illik yubileyində gec də olsa həqiqət üzə çıxsın və onu təmtəraqla dəfn edək.

-Necə düşünürsünüz skeletlərin M.Müşviqin nəşinin qalıqları olduğu tam sübuta yetirilərsə, gələcəkdə Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli və digər ədiblərimizn nəşlərinin tapılması ümid bəsləmək olarmı?

-Bilirsiniz, elə ziyalılarımız var ki, güllələnərək dənizə atılıb, yandırılıb, elələri də var hansı məkanda güllələnmələri bəlli deyil. Amma nə qədər çətin olsa da ümidimizi itirməyək.

-Bir repressiya araşdırmaçısı kimi həmin illərdə ölkəyə rəhbərlik etmiş Mir Cəfər Bağırovu ziyallılarımızın məhv edilməsində birbaşa günahkar hesab etmək nə dərəcədə doğrudur?

-Bilirsiniz, bu prosses tək Azərbaycanda yox, digər respublikalarda da həyata keçirilirdi. Həqiqət naminə etiraf etməliyik ki, 1937-ci il qırğınlarında ən çox qaymaqlarını itirmiş Rus xalqıdır. Bağırovun siyasi rəqiblərinin aradan götürülməsində maraqlı olması istisna deyil. Amma Bağırovu birbaşa ədiblərimizin öldürülməsində günahlandırmaq məntiqsizdi. Hətta yeri gələn də Bağırov bacardığı qədər bir çox ziyallılarımızı xilas etməsi danılmazdır.

-Sizcə, vaxtı ilə Qarabağı daşnaklara, bütün Azərbaycanı isə sevə-sevə yəhudi-bolşeviklərə peşkəş etmək istəyən Mirzə Davud Hüseynov, Əliheydər Qarayev, Həmid Sultanov, Ruhulla Axundov və onlar kimi başqaları güllələnməyə layiq deyildimi?

-Çox gözəl sual ünvanladınız. Təbii ki, 37-38-ci illərdə güllələnən insanların heç də hamısı günahsız deyildi. Bu məsələ ilə bağlı bir maraqlı faktı diqqətinizə çatdırmaq istəyirəm. Hal-hazırda ölkəmizdə yüksək vəzifə sahiblərindən olan bir kəs israrla qeyd edir ki, sovet hökuməti onun atasını repressiyaya məruz qoyub. Araşdıranda görürsən ki, həmin şəxsin atası o  dövrdə uşaq baxçalarında kütləvi halda bilərəkdən yeyintiyə, korrupsiya, talana yol verdiyinə görə həbsə salınıb. Həmçinin ölkəmizdə sovet quruluşunu rəğbətlə qarşılayanlarla, ona qarşı mübarizə aparan insanları eyni maddələrlə cinayət işi qaldırılır və həyatlarına son qoyulurdu. Ona görə 1-ci növbədə bunlar araşdırılmalı və ayırd edilməlidir.

-Qonşu Rusiyada hər bir dövrdə siyasi repressiyalara məruz qalan qurbanların xatirəsini əbədiləşdirmək üçün onlarla memorial muzeylər açılıb, abidələr qoyulub. Bu təcrübənin gələcəkdə Azərbaycanda da yaratmaq mümkündürmü?

-Bu çoxdan baş verməliydi, nəinki gələcəkdə artıq bu gün memorial muzeylər açılmalı, abidələr tikilməlidir. Siz Rusiya dediniz, amma Pribaltika ölkələrində də repressiya qurbanlarına aid memorial muzeylər, abidələr vardır. Birinci növbədə repressiya qurbanlarının güllələndiyi məkanlar araşdırılmalı, üzə çıxarılmalıdır. Bü gün edam məkanları kimi Nargin adası, Bayıl həbsxanası, NKVD binasının zirzəmiləri, Qurd qapısı deyilən yerdəki dərə qeyd edilsə də, əslində belə məkanların sayı çoxdur. Mənim şəxsi araşdırmalarım nəticəsində doğma yurdum Qazaxda "Şəkərin qalası”"Acı dərəsi” adlanan edam məkanlarını üzə çıxardım. Elə babam M.Carçıyev də qeyd etdiyim məkanların birində güllələnib.

-Qeyd etdiyiniz məkanlar Qazağın harasında yerləşir?

-"Şəkərin qalası” indiki Qazax şəhər Ruhi Dispanser Xəstəxanasının ərazisində yerləşir. Adı çəkilən xəstəxana 1962-ci ilə qədər dustaqxana kimi fəaliyyət göstərib. Xalq arasında "Şəkərin qalası” kimi tanınan bu məkan haqqında il dəfə mərhum yazıçımız İsmayıl Şıxlı "Ölən dünyam” romanında söz açsa da, geniş şəkildə o haqda araşdırma aparıb yazılar yazan mənəm. Hətta məkanın qeyd etdiyim xəstəxanın ərazisində yerləşdiyini yəgin etdikdən sonra şəxsən ora gedib məkanı müşahidə etmək, oranın şəklini çəkmək qərarına gəldim. Xəstəxananın baş həkimi Ramiz bəyə gəlmə səbəbimi açıqlayanda öncə gülümsədi, sonra isə dedi: "Siz düz ünvana gəlmisiniz, sizdən çox-çox əvvəl rəhmətlik İsmayıl Şıxlı da repressiya olunmuş babaları haqqında məlumatlar toplayaraq gəlib bura çıxmışdı”.

"Şəkərin qalası” barədə məqaləm bir neçə saytlarda dərc edildi. Mədəniyyət Nazirliyinə də qeyd etdiyim məkanın xüsusi olaraq nəzarətə götürülməsi, repressiya zamanı burda güllələnmiş insanların qalıqlarının tapılması üçün arxeloji qazıntıların aparılmasının zəruriliyi ilə bağlı məktub göndərdim. Sağolsun nazirlik məktubuma cavab verdi, hətta Milli Elmlər Akademiyası "Şəkərin qalasına” baxış keçirmək üçün nümayəndələrini də göndərdilər. Amma göndərilən nümayəndə heyəti məkanın, binanın tarixi-arxeoloji yox, memarlıq əhəmiyyətini nəzərdən keçirdilər. Daha sonra Qazax şəhəri İH başçısının adına məkanın tarixi əhəmiyyətiylə bağlı məktub ünvanladım. Müraciətimə cavab olaraq, məni İH-ti başçısının müavini qəbul edərək : "biz qazaxlılar "Şəkərin qalası”nı daim qorumuşuq, qoruyur, qoruyacağıqda” kimi vədd bildirdi. Digər məkan isə xalq içində "Acı dərəsi”kimi tanınır. Qeyd edilən dərə indiki Qazaxbəyli kəndində yerləşir. Bəziləri elə düşünür ki, mən sırf babamın nəşinin tapılması üçün canfəşanlıq edirəm. İnanın ki, bu belə deyil. Ən böyük amalım Qazağın qeyd edilən "ölüm məkan”larında həyatlarıyla vidalaşan insanlarla bağlı tarixi-arxeoloji araşdırmalar aparıb, sonda heç olmasa  regional memorial abidənin qoyulmasına nail olmaqdı.

-Sərxan bəy, "Şəkərin qalası” ilə bağlı gələcəkdə də tədqiqatlarınız davam etdirib və aidiyyatı qurumlara, lazım gəlsə ölkə rəhbərinə də müraciət edəcəksinizmi?

-Sözsüz. Hətta yaxın vaxtlarda "Şəkərin qalası” ilə bağlı yeni məqaləm dərc olunacaq.

-Bəs yeni kitab yazmaq planlarınıza daxildirmi?

-Bəli, yuxarıda qeyd etdiyim "Əzrail firqəsi” ilə bağlı sənədli povest və ya roman yazmağı düşünürəm. Artıq cızma-qaralar da etmişəm.

-Represiya araşdırmaçısı olduğunuza görə sizi qınayanlar, bu yoldan çəkindirməyə sövq edənlər varmı?

-(gülür) Qohum-əqrəba, kəndçilərimiz içində yarı-zarafat, yarı ciddi : "yaman MTN-ə dayanmadan yazırsan axırda bir gün səni çağırıb birdəfəlik orda saxlayacaqlar ki, bununla babanın taleyini təkrarlayacan”. Təhsil, yaradıcılıq sahəsində sonsuz sayda neqativ hallara rast gəlsəm də, şəxsi araşdırma, yaradıcılığımda hələki bir kimsə və ya hər hansı qurum tərəfindən maneələrə rast gəlməmişəm.

-Sərxan bəy, sizə gələcək yaradıcılığınızda uğurlar diləyirəm.

Çox sağolun.

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti