“Nuru paşanın adının əbədiləşdirilməsi vəfa borcumuzdur” – İlham İsmayılovla MÜSAHİBƏ

“Nuru paşanın adının əbədiləşdirilməsi vəfa borcumuzdur” – İlham İsmayılovla MÜSAHİBƏ

Müsahibimiz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və Azərbaycan Mətbuat Şurasının üzvü İlham İsmayılovdur.

– İlham müəllim, bu il Azərbaycan Prezidenti tərəfindən "Cümhuriyyət ili” elan olundu.  Ölkəmizdə və xaricdə Cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Bu tədbirlərin təşkilini necə dəyərləndirirsiniz?

– Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il yanvarın 10-da 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzaladı. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ayrıca "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı da var. Bu sərancamlarda da qeyd olunduğu kimi 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, müsəlman şərqində ilk parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bu il ərzində biz istər ölkə daxilində, istərsə də xaricdə Cümhuriyyətimizin 100 illik yubileyinə həs olunmuş kifayət qədər maraqlı, rəngarəng tədbirlərin keçirildiyini görürük. Bu tədbirlər ilin sonunadək davam edəcəkdir. Mən bu tədbirlərin keçirilməsində diaspor təşkilatlarımızın fəaliyyətini də yüksək qiymətləndirirəm. Onlar keçirdikləri tədbirlər vasitəsilə yaşadıqları ölkələrdə bayrağımızı ucaldır, ölkəmizin şərqdə qurulan ilk Cümhuriyyət olmasından fəxrlə danışırlar. Biz də vaxtaşırı xarici ölkələrdə tədbir keçirdiyimizdən bilirəm ki, başqa bir ölkədə milli maraqlarını müdafiə etmək, öz ölkəni, xalqını təmsil etmək olduqca qürurverici bir hadisədir.

– Bu il həm də Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 100 ili tamam olur. Bu yaxınlarda Sizin mediada açıqlamanız vardı ki, Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi Cümhuriyyətin var olması da sual altında olacaqdı.

– Doğrudur, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək, Azərbaycan mütəqilliyini elan etmişdi. Lakin faktiki olaraq bu müstəqillik sadəcə kağız üzərində mövcud olmuşdur. Təəssüf doğuran haldır ki, bəzi araşdırmaçılar o dövrü təhlil edərkən ziddiyətli fikirlər səsləndirirlər. Onlar Qafqaz İslam Ordusunun Cümhuriyyətin qurulmasındakı rolunu bilərəkdən və ya bilməyərəkdən ya kiçiltməyə, ya da ki bu faktların üzərindən çox ehmalca keçməyə çalışırlar. Hesab edirəm ki, ən doğru yanaşma tarixə münasibətdə obyektiv olmaqdır. Əgər o dövrdə Qafqaz İslam Ordusu vaxtında Azərbaycana gəlməsəydi, ermənilərin xalqımıza qarşı törətdikləri qırğınlarıın həcmi də ağlasığmaz dərəcədə arta bilərdi. Bilirsiniz ki, həmin dövrdə ermənilərlə yanaşı, ruslar və ingilislər də Qafqazda Azərbayacan dövlətinin yaranmasına icazə vermək istəmirdilər. Təbii ki, Cümhuriyyətin qurulması üçün Azərbaycan xalqı, onun dəyərli ziyalıları misilsiz mücadilə aparıblar. Lakin göründüyü kimi həmin dövrdə bütün şərtlər bizim əleyhimizə işləyirdi. Qafqaz İslam Ordusunun gəlişi ilə  ilk növbədə Azərbaycan Milli hökuməti Gəncəyə köçürüldü, onların fəaliyyət göstərmələri üçün şərait yaradıldı. Azərbaycanda demək olar ki nizami ordu yox idi. Silah-sursat təchizatı yox dərəcəsində idi. Səfərbərlik elan olunduqdan sonra da bir sıra çatışmazlıqlar ortaya çıxmışdı. Nuru paşa bu çatışmazlıqları görəndən sonra məktub yazaraq, Osmanlıdan əlavə qoşun bölmələri istəmişdi. Çünki səfərbərlik elan olunmasına baxmayaraq, nizami ordu olmadığından yerli əhaliyə təlimlərin keçirilməsi uzun vaxt ala bilərdi. Hətta ilk vaxtlar bəzi ziyalılarımız Azərbaycanın Türkiyəyə birləşməsini təklif edib, bunu çıxış yolu kimi də görürüblər. Lakin buna ilk etiraz edənlərdən biri də Nuru paşa olub. O, "məni siyasətə qatmayın, mən hərbçiyəm və qırğınların qarşısını almaq üçün burdayam” -deyib. Bundan sonra sentyabrın 15-dək Qafqaz İslam Ordusu yeni yaranmaqda olan milli ordunun da dəstəyilə ağır döyüşlər keçərək, Gəncədən Bakıya irəlilədi və 1918-ci il sentyabrın 15-də Bakıya daxil oldu. Bakını erməni-bolşevik işğalından azad etdi. Beləliklə, həm Azərbaycanın müstəqilliyi tam şəkildə təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı özbaşınalıqlarına, vəhşiliklərinə birdəfəlik son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı isə iki gün sonra Gəncədən Bakıya köçürüldü. Yalnız bundan sonra Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi və ölkədə parlamentə demokratik qaydada ilk dəfə seçkilər keçirildi.

 1918-ci ildə, belə bir ağır vəziyyətdə bizə dost, qardaş köməyinə ehtiyac vardı və bu əli bizə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu uzatdı. Bu dəstəyin nəticəsində Cümhuriyyətimiz faktiki olaraq varlığını ortaya qoydu, xarici dövlətlər tərəfindən tanındı. 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edərkən məcbur olub Azərbaycanı 15 müstəqil ölkədən biri kimi sovetlər birliyinə daxil etdilər. 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Bəyannamə də bunun məntiqi davamı olaraq reallaşa bildi. Çünki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etdi, müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etdi. Ona görə də, demək istəyirəm ki, tarixi reallıqları, tarixi gerçəklikləri doğru qiymətləndirməli, ondan nəticə çıxarmağı da bacarmalıyıq.

Çünki oxşar hadisələrlə biz XX əsrin sonlarında yenidən rastlaşdıq. Belə ki, sovetlər birliyi dağıldı, Azərbaycan yenidən müstəqillik əldə etdi. Lakin qısa zaman ərzində Azərbaycanda xarici qüvvələrin də təhriki ilə separatçılıq meylləri baş qaldırdı, ölkədə vətəndaş qarşıdurması yarandı, torpaqlarımızın bir hissəsi yenidən ermənilər tərəfindən işğal edildi, müstəqilliyimizi itirmək təhlükəsi yarandı. Belə bir zamanda xalqın tələbiylə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin böyük təcrübəsi nəticəsində vətəndaş qarşıdurması dayandırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın davamlı milli-siyasi idealogiyası müəyyənləşdi. Bütün bunları müqayisə edəndə yenə də görürük ki, əsrin əvvəllərində olduğu kimi bu gün də bütün taleyüklü məsələlərdə Türkiyə yenə də bizimlədir, əsas strateji tərəfdaşımız, etibarlı müttəfiqimizdir.

– Qafqaz İslam Ordusunun Azərbaycandakı missiyası, xidmətləri, gördüyü işlər artıq hamı tərəfindən qəbul olunur. Cəmiyyətdə Nuru paşanın adının əbədiləşməsi tez-tez gündəmə gəlir. Bu artıq sosial bir sifarişə çevrilib..

– Bu gün Qafqaz İslam Ordusunun tarixi missiyası kimlər üçünsə adi görünə bilər. Bəzən kimlərsə bu ordunun tarixi missiyasının əhəmiyyətini azaltmağa da cəhd edirlər. Lakin unutmamalıyıq ki, o dövrün reallıqlarına uyğun olaraq, onları Azərbaycana Cümhuriyyətimizin qurucuları dəvət ediblər. Onlar da bizə yardım üçün gəliblər. Amma bu birmənalıdır ki, Qafqaz İslam Ordusu gəlməsəydi nə o zamankı, nə də indiki Azərbaycan olmayacaqdı. Çünki bu günkü Azərbaycan məhz həmin o Cümhuriyyətin varisidir. Bu gün doğrudan da, cəmiyyətdə belə bir istək mövcuddur. Nuru paşanın adının əbədiləşdirilməsi bir xalq olaraq bizim onlara vəfa borcumuzdur. Hər bir insanın borcudur ki, öz vətəni uğrunda mübarizə aparsın, bu yolda şəhid olsun. Lakin başqa bir ölkənin vətəndaşı olaraq onların gəlib burada bizimlə birgə mübarizə aparmaları fədakarlıqdır. Çünki onlar uzaqdan gələrək Cümhuriyyət quruculuğunda bizimlə birgə çiyin-çiyinə mübarizə aparıblar. Ümid edirəm ki, indi bunun tam məqamıdır. Cümhuriyyətimizin və Bakının qurtuluşunun 100 illiyində onların xatirəsinin əbədiləşdirilməsi yerinə düşərdi. 

– Əslində, rəhbərlik etdiyiniz təşkilat bir neçə dəfə belə bir cəhd edib…

– Doğrudur, biz beş il əvvəl, Bakının qurtuluşunun 95 illik yubileyində ölkə ziyalıları adından cənab Prezidentə məktubla müraciət edərək, Nuru paşanın abidəsinin qoyulmasını xahiş etmişdik. Ölkədə olan milli təşkilatlarla bir araya gəlib bu məsələni sentyabr ayında yenidən gündəmə gətirmək istəyirik. Bu məsələni daima gündəmdə tutan milli təşkilatların və ziyalıların birlikdə olması çox önəmlidir. May ayının 28-də Respublika günü ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır. Göründüyü kimi, artıq Qafqaz İslam Ordusunun tarixi xidmətləri ölkə başçımız tərəfindən də ən anlamlı bir gündə dilə gətirildi, onların tarixi qiyməti verildi. Ümid edirik ki, Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət” fəlsəfəsindən irəli gələrək, yaxın vaxtlarda Qafqaz İslam Ordusunun, onun qəhraman komandanı Nuru paşanın adları əbədiləşəcəkdir. Bu o dövrdə Bakı, Gəncə, Göyçay, Ağsu, Şamaxı, Hacıqabul, Lənkəran, Quba, Salyan   və Azərbaycanın digər ərazilərinin yağı düşmən qüvvələrindən azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş 1232 türk əsgərinin ruhuna hörmət olardı.

– Cümhuriyyətin 100 illiyi münasibətilə xaricdə hansısa tədbir keçirməyi planlaşdırırsınız?

– Bu il ərzində milli maraqlarımızın qorunması, azərbaycanlılara qarşı törədilmiş soyqırımların tanıdılması üçün Fransa, Rusiya, Belçika və Hollandiyada Azərbaycan və türk diasporları ilə birlikdə bir sıra tədbirlər keçirmişik. Bu yaxınlarda Salyan rayonunda Cümhuriyyətimizin 100 illiyi və Türkçülük günü münasibətilə böyük tədbirlər keçirdik. Sentyabr ayının 15-də Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən qurtuluşunun 100 illiyi olacaq. Çalışırıq ki, bu tədbiri də respublikamızda geniş şəkildə qeyd edək. Bu il Avropanın əsas siyasi mərkəzlərində də bir neçə tədbir keçirməyi nəzərdə tuturuq. Bütün bu tədbirləri Cümhuriyyətimizin 100 illiyinə həsr edirik.



Oxşar Xəbərlər

Xəbər lenti