Maşallah Əhmədov:“Beşiktaş”a, “Qalatasaray”a beş-beş qol vurub gələn komanda idik”

 

80 illərin ortaları idi. Yuxarı siniflərə keçmişdik. Demək olar ki, sinifdəki oğlanların hamısının iki hobbisi vardı. O vaxt çox dəbdə olan "break dans" və futbol. Bu gün  ikincidən danışaq. Maraq elə belə yaranmamışdı. Həmin vaxtlar idi ki, "Neftçi” " Kayrat”a səfərdə 6 top vurmuşdu.

 

"Dinamo Kiyev” kimi nəhənglə baş-başa gəlirdi. Belə qalibiyyətlərin birində qonşumuz Fərrux kişi təp-təzə televizorunu  ektaz vəziyyətdə 3-cü mərtəbədən "urra” deyib aşağı tolazlamışdı. Televizor demişkən, sinifdə olan yoldaşlarımızdan birinin evində böyük ekranlı  super televizor vardı. "Futbolnoe obozrenie” (Futbol icmalı) başlayanda hamımız onlarda topılaşıb baxırdıq. Hər veriliş mütləq "Netçi”dən kimisə tərifləyərdi aparıcı. O vaxtın "Neftçi”sində olan üçlüyü bütün SSRİ tanıyırdı. Əhmədov-İsgəndərov-Panamaryov tandemi məşhur idi. Ağlıma da gəlməzdi ki, illər keçəcək,nə vaxtsa fanatı olduğum Maşallah Əhmədovdan müsahibə alacam.

Əfsanə futbolçu ilə Neftçinin bazasında görüşdük.

-Maşallah müəllim, "Neftçi”yə gəlişiniz, ümumiyyələ karyeranız necə başlayıb?

- İlk komandam Gəncənin "Lokomativ” klubu olub. 1966-cı ildə. Həmin il Azərbaycan üçün əlamətdar il oldu. Yəni mən futbolçu həyatına başladığım il "Neftçi”  yüksək dvizionda bürünc qazandı.

İlk məşqçim Kostya Abramenko olub. Düz 10 il. 1975-ci ildə "Dinamo Kirovabad”a dəvət aldım.

"Dinamo Kirovabad”ın onda baş məşqçisi Müzəffər Qasımov idi. Gözəl bir futbolçu idi. Mən orda bircə il çalışdım.

Komanda 9-cu zonanın , 2-ci liqasında idi. Liqada güclü heyəti olan komandalar vardı. Bakının "Avtomobilist” komandası vardı, İskəndər Cavadov , Asim Xudiyev orda oynayırdı.  Sumqayıtın "Polad” , Mingəçevirin "Toxucu” , Qazaxın "Göyəzən” komandası, həmçinin "Xəzər-Lənkaran” həmin liqada idi.

İkinci liqaya "komanda maqsterov” yəni ustalar komandası deyilirdi.

Mən  komandada ən azyaşlı idi. Komanda yoldaşlarım  İsmayıl Hüseynov  (Yunis Hüseynovun böyük qardaşı- red.) , Rafiq Yusubov, İbrahim Bağırov, Vahid Abbasov, Mübariz Hüseynov, Nurəddin Əliyev, Şahmar Hüseynov  idi. Həmçinin Müzəffər Qasımov da oynayırdı.  Oynayan məşqçi idi.

Həmən  vaxt " Neftçi” 1-ci liqada idi. 1976-cı ildə Gəncədə "Dinamo Kirovad”la Neftçi qarşılaşdı.

"Neftçi”də Arif Orucov, Sergey Kramarenko, Yura Roments,Asəf Namazov, Rəşid Özbəyov, Bəxtiyar Qulamov, Əli Rəhmanov, Səməd Qurbanov, Asif Əliyev, Banişevski, Smolnikov, Əbdürrahim Nurməmmədov, Rafiq Əlizadə, Səmədağa Şıxlarov, Füzili Cavadov kimi usta futbolçular  vardı. Oyun Gəncənin Mərkəzi Stadionunda keçirildi. 30 min tamaşaçı gəlmişdi izləməyə. Ağzına kimi dolmuşdi stadion.

3-0 qalib gəldik. Bir yoxsa iki qol mən vurdum. Həmin vaxt "Neftçi”nin məşqçisi Gennadi Bandarenko idi. Komandanı sonradan 1-ci dviziondan yüksək dviziona çıxaran məhz Bandarenko oldu.

Maşallah Əhmədov:“Beşiktaş”a, “Qalatasaray”a beş-beş qol vurub gələn komanda idik”

 

 

 

Bandarenko məni bəyəndi. 1976-ci ilin noyabrın 28-də Neftçiyə dəvət aldım.

Rəhmətlik qardaşım məni Gəncədən qatarla Bakıya bir cırıq manatlıqla yola saldı. Dəmiryol vağzalında səhər düşəndə pul yox idi deyə "Neftçi”nin bazasına piyada getdim.

 

1977-ci ildə komanda yüksək dviziona çıxdı. Həmin vaxt əsas heyətdə ulduzlardan biri Elburus Abbasov idi ki, birinci liqada sezona 28 qol vurmuşdu. Hesabınızı götürün ki,” Nalçiq Spartak”ı ümumilikdə sezona rəqib qapısından cəmi 28 top keçirmişdi.

 Demək olar ki, mənimlə eyni vaxtda komandaya İqor Panamaryov və İskəndər Cavadov gəldi. "Neftçi”nin əvəzedici heyətində oynayırdıq.   "Neftçi”nin heyətinə güclü futbolçular cəlb olundu.

-Məşhur Əhmədov-İsgəndərov-Panamaryov tandemi nə vaxt yarandı?

 

SRİ dövründə oynayan komandalarda üçlüklər vardı. Banişevski-Makarov-Tuayev, Belanov-Strıçov-Malafeyev, Şengeliya-Qutsayev-Kipiani, . Güclü üçlüklər.

Bizim tendemdə dispeçer Panamaryov idi. 50 metrədən pas verə bilirdi.

Hər futbolçu buna qadir deyil.

 SSRİ güclülər dəstəsində 18 komanda vardı. Bizim komandadakı tandem lider idi. Bu tandemin qarşısında durmaq çətin idi.İstər Bakıda , istərsə də qıraqda.

 

-Ən maraqlı , yaddaqalan hadisə hansıdı xatirinizdə?

- Demək bir dəfə "Dinamo Tbilisi” ilə oynayırıq. Özü də orda.  Səhv etmirəmsə 1980-ci ilin sentyabr ayı idi .

Dinamonun həmən vaxt heyəti çox güclü idi- Qabeliya, Çevadze, Kipiani,Qoça Maçaidze, Şengeliya, Qutsaev.

Düzü bizi heç ciddiyə almırdılar, saymazyana baxırdılar. Tandemə əhəmiyyət vermirdilər. Bakıdan ora gedəndə  , Gürcüstanda qatardan düşəndə gördük ki, vaqonumuzun üstünə 5-0 yazılıb. Hesab edirdilər ki, bu hesabla qalib gələcəklər. Elə əvəzedicilərimiz bu hesabla uduzmuşdu.  Amma biz niyə uduzmalıydıq ki? Əhməd Ələsgərov kimi məşqçimiz vardı.

Bizim tandem öz sözünü dedi.

 

Tiflisdə bunlara 2-1 hesabı ilə qalib gəldik.  75 min azarkeş dəliyə döndü.  Dava düşdü, gürcülər stadiona od vurdular. Gecə 3-ə kimi stadiondan çıxa bilmədik. Bir  gürcüstanlı azərbaycanlı vardı. Vəzifəli şəxs idi. Sonda o bizi çıxarıb azərbaycanlıların kompakt yaşadığı əraziyə gətirdi.

"Dinamo Tbilisi” ilə oyuinlarımız həmişə sərt keçirdi. Orda da, burda da. Əhməd Ələsgərovun vaxtında heç vaxt onlara uduzmadıq. Onlara het- trik edib 3 qol vurduğum vaxtlar olub.

Ermənilərin "Ararat”ı ilə də görüşlərimiz gərgin olurdu. Ancaq ən prinsipial  qarşılaşmalarımız "Dinamo Tbilisi” ilə idi.

İstər gürcülərin, istər ermənilərin stadionları 75 min adam tuturdu. Bizimlə oynayanda ağzına kimi dolurdu hər iki stadion.

Bizdə də azarkeş axını vardı. Yaxşı oynayanda azarkeşlər də həftə sonunun həfəslə gözləyirdi. Ayda 4 qarşılaşma. 2-si evdə, ikisi qıraqda.

-Bu üçlükdən başqa hansı futbolçular fərqlənirdi?

 

<!Tandemdən danışmışkən bizdə tandemi dəyişən bir futbolçu vardı. O da Nazim Süleymanov idi. Yəni Panamaryovu əvəz edə bilirdi. Yaxud da Asif Əliyev.

-"Jiquli” ləqəbini sizə vermişdilər?

-Yox, Səməd Qurbanova. Yaxşı sürəti vardı ona görə. Həm də onun daha bir cəhəti vardı. Komandanın nəfəs almasına şərait yaradırdı.  Topu özündə saxlaya bilirdi. 30, 40 saniyə, hətta bir dəqiqə. Ayrı futbolçular bunu edə bilmirdi. O topu saxlayanda biz nəfəsimizi dərib dincələ bilirdik.

- 86-cı ildə SSRİ-nin ən güclü 33 futbolçusundan biri olmusuz deyəsən?

-Bəli, 250 futbolçu arasında həmçinin  ilk üçlükdə olmuşam. Zərbəm də güclü idi. Bir dəfə Donetsk "Şaxtyor”la oynayanda Valeri Pançik 30 metrdən ötürmə etdi. Topu alıb  7 metrədən qapıdan keçirdim. Top qapıçının qulağının dibindən vıyıldayıb keçdi. Azarkeşlərimiz ayağa qalxdı. İndi topu tapmırlar. Hamı donub qalıb. Hakim axtardı. Baxdı ki, top qapının dəmiri ilə setkanın arasında sıxışıb qalıb. Bundan sonra hakim fit verdi. Topu hesaba aldı. Azarkeşlər özünə gəlib uğuldadı.

-İndi karyeranız davam etsə idi özünüzü hansı yerli yaxud xarici komandada görərdiz

- SSRİ dağıana qədər biz elə bil pulsuz futbol oiynamışıq.Bir ev,bir maşın verdilər. Vəssalam. Təsəvvür et ki, həmən vaxtı Türkiyəyə gedəndə "Beşiktaş”a, "Qalatasaray”a beş-beş qol vurub gələn komanda idik.

İndiki dövrdə hesab et ki, nə ola bilərdik. Mən ən azı özümü "Mancester Yunayted”də görərdim. Mənim sürətimə uyğun çempionatdı. Görsəydilər mütləq ora dəvət edib kontrakt bağlayardılar.

Yaxşi futrbolçunu hamı axtarır.

<!-"Neftçini” həmişə sevmisiz..

-Həmişə... Ağ-qaraları uşaqlıqdan sevmişəm. Top da ağ-qaradı. "Neftçi”nin maykası da ağ-qara idi. Udanda üzümüz ağarırdı, uduzanda qaralırdı.

O gün Aqil Abbas bir çıxış edib. Deputatın bu sözü ilə razı olmadım. Deyir " Neftçi” nədi ki, 66-cı ildə bir dənə bürünc götürüb. Bizim 2011-ci ildə klubumuzun 100 illiyi keçirildi. Deputat niyə 66-da ilişib qalıb. 56-cı ili, 36, 20-ci ili götür. Tarixi bilmədən danışmaq olmaz. Özü də haqsız danışmaq.

Azərbaycan futbolunun tarixini bilmir. "Neftçi”də Banişevski, Tuayev kimi dahi futbolçular olub. "Neftçi”də ounayıb SSRİ-i yığmasına düşmək çətin idi. Onlarsa düşmüşdü.

Braziliyaya başı ilə qol vuranda Banişevskiyə elə öz başı ağırlığında qızıl veriblər ki, gəl Braziliyada oyna. Elə bir futbolçu olub

-Qəzetimiz vasitəsilə çatdıracaq bir sözünüz, təbrikiniz varmı?

-Var. Bu il Gəncə Futbol Komandasının 60 illik yubileyidir. Bütün futbilçuları təbrik edirəm. Ölənlərə rəhmət, qalanlara can sağlığı.

Bir də yanvarın 28-i dostum, Daxili İşlər Nazirliyinin polkovniki Elbrus Məmmədovun 60 illik yubileyi idi. Onu öz adımdan, futbolçu dostlarımız adından təbrik edirəm.

Söhbətləşdi: İlqar Atabəyli,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti