Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı”

Milli Məclisinin deputatı, professor Eldar Quliyevin aia.az-a müsahibəsi (davamı)

Bir il bundan öncə, 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Vətən müharibəsinin başlanma səbəbləri, gedişi və nəticələri, eləcə də son bir ildə və xüsusilə postmüharibə dövründə ölkəmizdə və Cənubi Qafqazda müşahidə olunan proseslər və bir çox digər məsələlər barədə əməkdaşımızın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, Vətən müharibəsinin gedişində, hətta artıq hərbi əməliyyatların başlandığı ilk günlərdən Azərbaycana qarşı bir çox qərb ölkələri tərəfindən müəyyən təzyiqlər oldu. Bu ölkələr arasında hərbi əməliyyatların dayandırılmasını tələb edənlər də, Azərbaycanı qınamağa çalışanlar da var idi. Qərbin bu münasibətini necə şərh edərdiniz?

- Siz də bilirsiniz ki, erməni lobbisi bütün dünyada kifayət qədər təsir imkanlarına malik təşkilat olub. Əlbəttə, onlar bu imkanlara sadəcə öz güclərinə sahib olmayıblar. Bu imkanları onlara verən, onları maliyyələşdirən, yönəldən və təbii ki, onlardan istufadə edən qüvvələr var. Burada xüsusi diqqət yetirməli olduğumuz məqam bu və ya digər məsələdə lobbinin və onu yönəldənlərin maraqlarının nə dərəcədə üst-üstə düşməsi ilə bağlıdır. Bilirsiniz ki, ermənilərdə sədaqət anlayışı tamamilə amorf haldadır. İstənilən an, istənilən müttəfiqə, dosta xəyanətə hazır olmaq onların tarix boyu siyasətlərinin əsasında durub. Bu gün də belədir. Bununla belə, bəlkə də məhz elə buna görə bəzi müstəmləkə əhval-ruhiyəli dünya gücləri Cənubi Qafqazda öz maraqlarından irəli gələrək bu regionda müstəqil siyasət yürüdən güclü Azərbaycanı deyil, hər zaman alınıb-satılmağa hazır olan marionet Ermənistanı aparıcı mövqelərdə görmək istərdilər. Ən azından bu rejimin daim regionun digər ölkələrinə, xüsusilə də Azərbaycana qarşı təhdid və təsir vasitəsi kimi əldə saxlanması həmin ölkələr üçün böyük önəm kəsb edir. Lakin Azərbaycanın hərbi əməliyyatların başlandığı ilk gündən düşmənə ağır zərbələr endirməsi şanlı ordumuzun zəfər yürüşünə çıxdığına və bu yürüşü tam qələbəyə qədər davam etmək iqtidarında olduğuna dair heç kimdə şübhə qoymadı. Təbii ki, belə olan halda Azərbaycanın hərbi əməliyyatları dayandırmasına dair təkidli çağırışların səslənməsi gözlənilən idi. Həm də bu çağırışlar ölkəmizin haqq işinə kölgə salmaq, Azərbaycanın məhz öz torpaqlarını işğaldan azad etmək üçün, öz ərazilərində və beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə savaşdığına dair dünya ictimaiyyətində şübhələr yaratmaq cəhdləri fonunda səsləndirilirdi. 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı demək olar hər gün Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələri hamımız yaxşı xatırlayırıq. Biz xatırlayırıq ki, həmin müsahibələri alan bir çox qərb jurnalistləri necə qərəzli mövqelərdən çıxış edir, hətta Azərbaycanı ittiham etməyə belə çalışırdılar. Lakin Azərbaycan Prezidentinin təmkinli, məntiqli və sərrast cavabları bu müsahibələri həmin jurnalistlər üçün əsl master-klass təliminə çevirmiş oldu. Ali Baş Komandan özünün əsaslı və məntiqli cavabları ilə belə cəhdlərin qarşısını dərhal və qətiyyətlə alır, dünya ictimaiyyəti üçün Qarabağ münaqişəsinin tarixi ilə bağlı qaranlıq qala biləcək bir çox məqamları aşkar dəlillərlə təqdim edirdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də özünün xoş məramını müharibənin gedişi zamanı bir neçə dəfə ortaya qoydu. Ordumuzun irəliləməsinə və aşkar üstünlüyünə rəğmən üçüncü ölkələrin, o cümlədən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan hərbi əməliyyatların gedişində bir neçə dəfə atəşkəs rejiminə razılıq vermişdi. Lakin hər dəfə də atəşkəsi pozan tərəf yenə də Ermənistan idi. Bütün bunlar bir daha onu göstərir ki, özlərini dünyada sülhün və demokratiyanın daşıyıcıları kimi təqdin etməyə çalışan bir çox qərb dövlətlərinin yürütdükləri siyasət ikili standartlara əsaslanır və əksər hallarda məhz güc amili ətrafında formalaşır.

- Yeri gəlmişkən, Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması da məhz elə atəşkəs barədə əldə olunmuş növbəti razılaşmanın pozulması ilə baş vermişdi...

- Tamamilə doğrudur. Gəncənin raket atəşinə tutulması Ermənistanın Vətən müharibəsinin gedişində yol verdiyi çoxsaylı hərbi cinayətlər sırasındadır. Dinc sakinlərin məskunlaşdığı yaşayış məntəqələrimizin artilleriya hücumlarına məruz qoyulması, mülki infrastrukturun hətta tibb müəssisələrinin hədəfə alınması erməni silahlı qüvvələrinin davamlı olaraq tətbiq etdikləri xain taktika idi. O cümlədən oktyabrın 11-də (2020-ci il – red.) atəşkəsin elan olunmasından sonra cərəyan edən hadisələr növbəti dəfə Ermənistan rejiminin faktiki olaraq hərbi cinayətkarlardan ibarət olduğunu bir daha bütün dünyaya sübut etdi. Şanlı Azərbaycan əsgərinin dəmir yumruğunun qarşısında duruş gətirə bilməyən düşmən hər zaman olduğu kimi, xaincəsinə hərəkət edərək yenə də dinc sakinləri hədəfə aldı. Hərbi əməliyyatların dayandırılması üçün az qala bütün dünyada yalvarmadıqları bir ölkə lideri qalmayan ermənilər Azərbaycanın razılığı ilə elan olunmuş humanitar atəşkəs rejiminə bir neçə saat belə riayət edə bilmədilər. Artıq gecə saatlarında, insanların öz evlərində yatdıqları bir vaxtda Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərini raket atəşinə tutdular. Ölkənin ikinci ən böyük şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları hədəfə alınaraq raket zərbələri nəticəsində dağıdıldı. İnsanlarımız, o cümlədən qadınlar həlak oldular. Aralarında azyaşlı uşaqlar olmaqla onlarca dinc sakin xəsarət aldı. Bununla da bütün dünya “zavallı erməni” obrazının altında gizlənən əsl yırtıcı xislətini növbət dəfə görmək imkanı əldə etdi. Əlbəttə ki, onların nə bu, nə də digər cinayətləri cəzasız qalmadı. Azərbaycan öz qisasını düşməndən döyüş meydanında aldı. Lakin bu hərbi cinayətləri planlaşdıran, onların həyata keçirilməsi üçün konkret əmrlər verən canilər hələ beynəlxalq məhkəmədə mühakimə olunmalı və layiq olduqları cəzanı almalıdırlar.

- Eldar müəllim, az öncə Prezident İlham Əliyevin Vətən müharibəsinin davam etdiyi günlərdə xarici media qurumlarına verdiyi müsahibələrdən bəhs etdiniz. İnformasiya cəbhəsinə proyeksiya olunmuş bu savaşı artıq Ölkə Prezidenti şəxsən özü, təkbaşına aparırdı. Bu baxımdan Azərbaycanın Vətən müharibəsində bir yox, iki cəbhədə qələbə qazandığını deyə bilərikmi?

- Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə əslində məhz elə bir neçə fərqli müstəvilərdə əldə olunmuş uğurların toplam cəmi olduğu üçün möhtəşəmdir. Prezident İlham Əliyevin böyüklüyü də ondadır ki, dövlətimizin başçısı eyni zamanda həm Ali Baş Komandan kimi hərbi əməliyyatların strategiya və taktikasını müəyyən edir, döyüş meydanında ordumuzun uğurlu hərəkətlərini yönəldir, həm dünya ictimaiyyətinə istər münaqişənin tarixi, istərsə də hərbi əməliyyatların gedişi barədə obyektiv məlumatlar təqdim etməklə informasiya cəbhəsində ölkəmizə qarşı olunan hücumların qarşısını alır, həm də diplomatik müstəvidə xüsusi məharət tələb edən çalışmaları ilə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, dostlarımızın sayının artmasına nail ola bilirdi. Əlbəttə ki, bu xüsusda Ölkə Prezidentinin hərbi əməliyyatların davam etdiyi dövrdə xarici jurnalistlərə verdiyi müsahibələrin önəmi çox böyükdür. Bu müsahibələr bir tərəfdən Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində gedən hərbi əməliyyatlar barədə dünya ictimaiyyətini düzgün məlumatlandırır, digər tərəfdən də Ermənistanın və işğalçılara dəstək olan ermənipərəst qüvvələrin yalanlarını ifşa edirdi. Məsələn, Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına verdiyi müsahibənin gedişində kanalın müxbiri Azərbaycanın 1994-cü ildə müharibəni uduzması barədə iddia ortaya qoyduğu zaman cənab Ali Baş Komandan ona çox gözəl və tutarlı cavab vermişdi: “Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. Ermənistana açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.” Beləliklə, Ali Baş Komandan şanlı ordumuzun savaş meydanında əldə etdiyi uğurları böyük məharətlə siyasi müstəviyə transfer edir və eyni zamanda da Azərbaycan həqiqətlərini, regionda yaranan yeni reallıqları bütün dünyaya uğurla təqdim edirdi.

- Prezident İlham Əliyevin müsahibələrində Ermənistanın silahlandırılmasının bütün Cənubi Qafqaz üçün təhlükə olması da xüsusi vurğulanmışdı...

- Əlbəttə ki, Ermənistan kimi aqressiv, işğalçılıq siyasəti yürüdən, faşizm ideologiyası üzərində bəslənən rejimlər tamamilə demilitarizə olunmalıdırlar. Çünki belə dövlətlərin orduya, hərbi qüvvələrə sahib olması bütün qonşu ölkələr üçün təhdiddir. Ölkə Prezidenti cənab İlham Əliyev Fransanın “Figaro” qəzetinə verdiyi müsahibəsində erməni işğalçılarına hələ də dəstək verən qüvvələrin çox olduğunu və bunun təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün bir təhdid olduğunu demişdi. Cənab Prezident həmin müsahibədə çox maraqlı bir məqama toxunmuşdu. Ali Baş Komandan bildirmişdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan xarici ölkələrdən aldığı silahlara görə pul ödəyir. Ermənistan isə silahları pulsuz əldə edir. Həqiqətən də bu gün Azərbaycanın müasir silahları almaq imkanı var. Lakin iflas bir durumda, borc içində olan Ermənistanın buna qətiyyən heç bir imkanı yoxdur. Təəssüflər olsun ki, bəzi xarici havadarları bu gün də Ermənistanı silahlandırmağa son qoymayıblar. Qarabağ münaqişəsi artıq öz həllini tapıb. Lakin çox vacib olan bir məqam bundan ibarətdir ki, Ermənistan kimi təcavüzkar, beynəlxalq terroru dəstəkləyən bir ölkənin silahlandırılması bütün regionda sülhə və əmin-amanlığa ciddi təhlükə yaradır və bunu hamı anlamalıdır.

- Eldar müəllim, artıq iki aydan da az bir vaxtdan sonra Azərbaycan xalqı tarixi Qələbə gününün 1-ci ildönümünü böyük təntənə ilə qeyd edəcək. 8 noyabr tarixinin Vətən müharibəsinin başa çatmasında rolunu necə şərh edərdiniz?

- 8 noyabr Azərbaycan xalqının tarixində ən şərəfli və ən fərəhli günlərdən biri olaraq qalacaq. Həmin gün Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad etdi. Əlbəttə ki, Ermənistan üçün faktiki kapitulyasiya aktı olan 10 noyabr üçtərəfli bəyanatının imzalanmasının əsas səbəblərindən biri də məhz Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Şanlı Ordumuz Şuşanı azad etdikdən sonra Erməni tərəfi artıq bütün xülyalarının puç olduğunu daha aydın şəkildə dərk etdi. Bundan dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Əlbəttə onlar qorxmalıdırlar. Azərbaycanı təhdid edən, Azərbaycan xalqını təhqir etməyə cürət edən hər kəs bunun səbəb ola biləcəyi nəticələrdən qorxmalıdır. Lakin cənab Ali Baş Komandanımızın da dediyi kimi, bizim başqalarının ərazilərində gözümüz yoxdur. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü təmin etdik və bunu da şərəflə etdik. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası oldu və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı.


- Azərbaycan Vətən müharibəsini heç bir xarici hərbi dəstək olmadan apardı və öz gücünə ölkənin ərazi bütövlüyünü bərpa etdi. Bununla belə dost ölkələrin, xüsusilə qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi böyük əhəmiyyət kəsb etmiş oldu. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycanın ən etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi dövlətimizin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Ölkələrimizin dövlət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə məsul qurumların rəhbərlərinin davamlı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Nəticədə bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri bu gün ən yüksək səviyyəyə qalxıb. Azərbaycan-Türkiyə qardaşlığı öz möhtəşəmliyini və yenilməzliyini 44 günlük Vətən müharibəsinin gedişində ən qabarıq formada bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynadı. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim Azərbaycana öz dəstəyini ifadə etdilər. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir. Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Bu gün artıq bütün dünya bilir ki, Cənubi Qafqaz regionunda Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

Türkiyə birmənalı olaraq Azərbaycana dost və qardaş ölkədir. Həmçinin son dərəcə səmimi dostluq münasibətləri hal-hazırda Azərbaycan və Pakistan arasında mövcuddur. Eynilə Vətən müharibəsinin ilk günlərindən Pakistan dövləti də Azərbaycanı dəstəklədiyini bildirmişdi. Bundan başqa Azərbaycanın haqq işini dəstəkləyən ölkələr arasında İsrail, İtaliya, İngiltərə və Gürcüstanın da olduğunu qeyd etmək lazımdır ki, bu da ölkəmizin dostlarının getdikcə artdığını göstərir.


- Eldar müəllim, elə Pakistanla münasibətlərimizdən söz açmışkən, bu ilin iyul ayının 27-də Azərbaycan, Türkiyə və Pakistanın parlament rəhbərlərinin Üçtərəfli görüşü olub. Bu görüşün ölkələrimiz üçün əhəmiyyətini şərh etməyinizi istərdim.

- İlk növbədə qeyd edim ki, hələ iyun ayında Pakistanın paytaxtı İslamabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının İkinci Ümumi Konfransında ölkəmiz tərəfindən Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsü irəli sürülmüşdü. Azərbaycan, Pakistan və Türkiyə bu gün öz regionlarında ən aparıcı ölkələr sırasına daxil olmaqla, hər üçü müstəqil xarici siyasət həyata keçirən və beynəlxalq aləmdə söz sahibi olan dövlətlərdir. Ölkələrimiz arasında mövcud olan münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu var. Azərbaycan, Pakistan və Türkiyə bir-biri ilə sıx bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir və əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanır. Artıq bir neçə sahədə ölkələrimiz üçtərəfli formatda əməkdaşlıq edirlər. Belə ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. İyulun 27-də baş tutmuş parlament rəhbərlərinin Üçtərəfli görüşü isə ölkələrimiz arasında əməkdaşlığın daha yüksək səviyyəyə keçidini təmin edəcək. Xüsusilə hər üç ölkənin parlament sədrləri – Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən iyulun 27-də imzalanmış “Bakı Bəyannaməsi” mühüm tarixi əhəmiyyət kəsb edən bir sənəddir. Bu sənəddə təsdiq olunur ki, Azərbaycan, Türkiyə və Pakistan xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı, eləcə də bir neçə digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə razılaşıblar. Bəyannamədə “hibrid müharibələr və İslamafobiyaya meyilli ölkələrə” görə ortaya çıxan təhdidlərə qarşı mübarizə, qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərmək haqqında əməkdaşlıq da qeyd olunub. Həmçinin sənəddə üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlıq üçün hər üç ölkənin hökumətinin dəstək olacağı razılaşdırılıb. Beləliklə, “Bakı Bəyannaməsi” ilə Türkiyə, Azərbaycan və Pakistan güclü ittifaq yaradılması istiqamətində mühüm addım atıblar.


Ardı var...

AİA.AZ


Oxşar Xəbərlər

Xəbər lenti