8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
...Onun babası Aslan Ağa bir elin, bir obanın, bir yurdun AĞSAQQALI olub. Soy kökü, keçib gəldiyi yol, apardığı mübarizə nəvə-nəticələrinə, qohum-qardaşlarına, Onun sevdiklərinə və Onu sevənlərə İBRƏTDİR.
Tarixi faktlara görə, əsasən 30-cu illərin başlanğıcından SSRİ-nin qaraguruhçu azğınları - Stalin, Beriya, Mikoyan, Yejov, Jdanov, Moskvanın və yerli Üçlüyün (troykanın) göstərişi və imzaları ilə say-seçmə azərbaycanlılar ya güllələnmiş, ya da sürgünlərdə (zindanlarda) çürüdülmüşdür.
Xəlil Rza Ulutürk deyirdi ki, İkinci Dünya müharibəsi çağlarında türklər və Azərbaycan türklərinin böyük bir qismi sərhəd oymaclarından Sibirə, Türküstana, Qazaxıstana sürüldü. Maraqlıdır ki, Gürcüstanın Axaltsixe rayonundan sürülənlər pasportunda hələ bu gün də milliyyət əlaməti olaraq TÜRK sözünü daşıdıqları halda, biz bu hüququmuzdan yoksunuq, məhrumuq. Mir Cəfər Bağırovun dirənməsi, dəyanəti olmasaydı, o vaxt bütün Azərbaycan xalqı sürgün ediləcəkdi.
Bizim sərkərdə şairimiz Şah İsmayıl Xətai dövründə Azərbaycanın sahəsi olub iki milyon səkkiz yüz min kvadrat kilometr (2 milyon 800 min kv.km). Sovet Azərbaycanının sahəsi vur-tut 86,7 min kv.km-dən ibarət olub. Bu millət üçün dünya miqyaslı qlobal bir faciədir. Azərbaycanın sahəsi 32 dəfə keçildilib. Kim kiçildib? Əlbəttə, ağ və qırmızı imperiya və onun daşnak kimi nökərləri! Rus çarlığı öncə Gülüstan (1813), sonra Türkmənçay (1828) bağlaşmaları ilə sonunclanan vuruşmalarda Azərbaycanı iki yerə parçalayıb, Arazın bu tayını özü götürüb, o tayını verib İrana. Bununla yetinməyib. Elə bu tayın özünü də ağ, sonra qırmızı imperiya zaman-zaman parçalayıb. Zəngəzuru, Göyçəni, Altunkəndi, Uluxanlını, İrəvanı zəbt edib, atıb erməni daşnaklarının ağzına! Erməninin ağzı dolub-daşanda atıb Gürcüstanın ağzına. Borçalı vilayətini, Məhsəti (Mexseti) diyarını, Axalkalaki basalağını! Azərbaycandan Dərbəndi qoparıb RSFSR-ə birləşdirib!
Erməni zatən qorxaqdır, onu ürəkləndirən rus silahıdır, imperiya ordusudur, dünya miqyaslı məkr, hiylə şəbəkəsidir.Yuxarıda qeyd edilən tarixi şərhlərin məntiqi davamı 1920-ci illərin sonu - 1930-cü illərin əvvəllərində təzahür edib. Azərbaycanlılar yaşayan bütün (türk toplumları-N.A.) bölgələrdə dəmir qanunların sərt soyuğu qana işləyirdi. Qara zəncirlərlə bağlanan əllər, qandallanan ayaqlar şaxtalı divarlara pərçimlənmişdi. İnsan gücündən ağır qandallar...
Arazdan, Kürdən su deyil, al qanlar axırdı.
Marneulinin EL AĞSAQQALI ASLAN AĞA "Nə etməli?” - sualı ilə baş-başa qalanda, oğlu Ənvərin gözünün əksi - Gözlərinə düşdü. Ardınca həyat yoldaşı NAZAN XANIMIN gözlərində şimşək çaxdı.., Qızı Havaxanımın dodaqları titrədi...
ƏR KÖKSÜ al qırmızı dan yerinə bənzər ASLAN AĞANIN gözə görünməz QARDAŞ yaraları açıldı. Gözündə od, saçlarına vaxtsız nur ələndi. Onu kədərli baxışlarla süzən sevimli Nazanını qolları arasına aldı:
- Şəksiz, həqiqəti hiss edirsən, Nazanım! Ənvərimi, Havaxanımı sənə tapşırıram.
Aslan Ağanın yumruqları düyünləndi, gözündə şimşək oynadı:
- Nazanım, sənin dilin qızıl yatağıdır! Hikmətli xanımım, bilirsən ki, xilqətim cəsurdur.İgid qaçmaz. Ancaq mənim burda VAR olmam, tək məni yox, NƏSLİMİZİ xar edər. Yolum yoxdur. Qardaşım Rüstəm Ağanı öldürənlərin növbəti hədəfi mənəm. Nazan xanım Aslan Ağanın açdığı incə mətləbləri birər-birər yaddaşına hopdurdu.
Aslan Ağa 30-dan sonra Türkiyəyə keçdiyini şurəvi qorodovoyları xeyli sonra xəbər tutdular.
YURDA olan böyük məhəbbətlərin içində QAYITMAQ eşqilə Marneulini, doğma Ulaşlını tərk etdi. Deyilənə görə, 37-nin çovğunu, yeri-göyü dondururmuş. Elə həmin ağır günlərdə Aslan Ağa yola çıxır.
Müsahibimiz Aslan Ağanın nəvəsi Qəhrəman Ənvər oğlu Rüstəmovdur:
- İki dəfə sürgün olunmuşuq. Birinci dəfə 1935-ci ildə. O vaxt atamın təxminən 6-7 yaşı olub. İkinci dəfə 1947, ya da 1948-ci ildə Qazaxıstana sürgünə göndərdilər.
Sinəsində Borçalı dağı, Təbriz dağı, Dərbənd dağı çağlayan ASLAN AĞA qardaş ölkəyə keçdi. Ağanın ruhundakı Azərbaycan kişisinin qeyrətini qırmaq cəhdində olanların əlləri boşda qaldı. Bu cəsuru, bu mətini yerlə-göyün arasında aradı, axtardı qırmızı çinovniklər...
Aslan Ağanın nəvəsi Qəhrəman Rüstəmov:
- Bizi Nazan nənəm böyüdüb. Atam deyərdi ki, bizi ailəlikcə təkrar olaraq (ikinci dəfə) Qazaxıstana sürgün eləyəndə təxminən 1947-1948-ci illər olub. Mən 1952-ci ildə Qazaxıstanda anadan olmuşam. Stalin də 1953-cü il martın 2-də ölüb. Bizim ailəmiz də həmin ilin may-iyun ayında Qazaxıstandan Vətənə, doğma YURDA köçüb. 1953-cü il iyulun 28-də qeydiyyata düşmüşük. Mənim taleyimdə bu tarix həm doğum günü, həm YURDA qayıdış günü, həm də yaddaş tarixi kimi önəmlidir.
ESSE: Nə yaxşı ki, Aslan Ağa evlənəndə hələ bu repressiya tüğyanı başlamamışdı. Nə yaxşı ki, Nazan xanımın Ənvər adında bir mirvari təki oğul övladı, Havaxanım adında qızı vardı. Bir də gördün Nazan xanım kəlməbaşı "Ənvər canı” - deyib dilə gəlirdi...
Bu gün 65 il əvvəl donmuş yaddaş, buz bağlamış xatirələr dilə gəlir. Ağa xanımı tay-tuşundan fərqli - sərt yaşadı. Onu yaşadan tez-tez "Ənvər canı” - dediyi oldu. AND yeri könlünü isitdi. Qədərin odunda yandı, suyunda boğuldu. Damarlarında qan əvəzinə od daşıdı. Qəlbindəki arzulara məlhəm oldu Aslan Ağanın ƏNVƏRİ. Repressiyanın dalğaları Nazan xanımın arzularının MAYAKINI dənizin dibinə gömültməyə cəhd etdilər. ƏR KİŞİNİN XANIMI duruş gətirdi. Aclığa, çətinliyə, təqiblərə, səfalətə... Ənvərini diş-dırnaqla qoruyub böyütdü. Nazan bilirdi ki, onun Aslanı tək evinin böyüyü deyil, ELİN, OBANIN, YURDUN AĞASI idi. Necə deyərlər, ELİN OĞLU idi.
Bada gedən EŞQ...
Acı yovşanlar bitən Qazaxıstan çöllərində başyoldaşı qeyb olan ərənlərin səbrinə and içdi. Dünyaya sevinc, ziya saçan Günəş, onun qapısına 37-ci illərin repressiya kədəri, fəlakət acısı gətirdi. Nazan xanım kimsədən mehr görmədən gənc yaşlarında ikən özünü yüz ilin ağbirçəyi saydı.
Bəlkə də o ağrılardan betərini Aslan Ağa yaşayırdı. Bəlkə bu acının cövhərindən boy verirdi YENİ SOYAD...?! ASLAN ODLUYURD. Türkiyədə baqqaliyyə dükanı açıb ayları-illərə ilmələməkdən, Azərbaycanda, Borçalıda yaşayan əzizlərindən xəbər gözləməkdən gözləri qanlı yaşla doldu.
70 il sərhədlərin tikanlı məftillərini ASLANLARIN ƏR NƏFƏSİ əritdi. Deyilənə görə kişilərin göz yaşları üz aşağı deyil, Ərşə qalxır. Kişi ahı Allaha çatır. Qırmızı haqsızlıq dünyaya meydan oxuyan SSRİ kimi fövqəl dövləti Qorbaçov kimi bir gədanınəli ilə çökdürdü.
Könlü etiraz odu ilə dolu, mərd kişilərin ahı-naləsi bu fövqəl ölkənin dəmir məftillərini, tikanlı simlərini (tellərini) əritdi... Stalin öldü, sürgündəkilər YURD yerlərinə qayıtdılar. Vətənə qayıdışı bayram etdilər.
Qəhrəman Rüstəmov:
- Ata babam Aslan Ağa, o zamanın ağası olub. Yüzdən artıq atı, ilxısı, qoyun sürüləri, taxıl zəmiləri, torpaqların sahibi olub. Sovetə baş əyməyən, qoçaq, güclü adam olub. Babamdan yadigar bir şəkil qalıb. İri çərçivədən sanki bizə baxır. Atamın beş yaşı olanda birgə şəkil çəkdiriblər. 1970-ci ildə bildik ki, babam Aslan Ağa 1963-cü ildə "Azərbaycan, Ulaşlı” - deyə-deyə keçinib...
Aslan Ağadan yadigar şəkil cansız təsir bağışlasa da, əslində canlı xatirələrin işarəsidir. Nəvəsinin varlığında pak ruhu, damarındakı qan, onların nəsil şəcərəsinin qüdrət, qeyrət timsalıdır.
Aslan - adının simvoludur. Kökü Azərbaycanda, Borçalıda olan cavan palıd kimi Ərzin mərkəzinə yüksəldi. Budaqlarının 2 qolu Ulaşlıda. Üçü də qardaş Türkiyədə şaxələndi.
Aslan Odluyurd - qırmızılığın simvolu olan çağdaşlıq amalını yüksəldib. Kökü Borçalıda, budaqları TÜRK toplumlarında.
SSRİ-nin dəmir qapılarını OĞUL QEYRƏTİ ilə açan TÜRK QIZINDAN olan övladları 1970-ci ildə ilk dəfə turist kimi Ulaşlıya gəldilər. Atasının Ulaşlıdakı ailəsindən narahat, bu fani dünyadan həsrət dolu nakam arzularla birgə köçməsinin öcünü almağa gəlmişdilər:
"Aslan Ağanın, Atamızın Ulaşlıdan ötrü ruhu göynəyirdi. İmanı, dini, Quranı - Ulaşlı idi. Nazan Ana idi. Qardaşımız Ənvər idi, bacımız Havaxanım idi... Ən VAR. Yəni, ƏN BİRİNCİ. Atamız Aslan Ağa ən birinci övladına Göydən yüksək AD verib. Ulaşlı - nur qaynağıdı”.
Söz Aslan Ağanın nəvəsi Qəhrəman Rüstəmovundur:
- 1970-ci ildə ilk dəfə bibim, bibimin həyat yoldaşı Ulaşlıya, bizə gələndə mən onuncu sinifdə oxuyurdum. 70-ci ilin may, ya da aprel ayı olardı. Hələ o vaxt gediş-gəliş yox idi. Onları Ulaşlıda yüksək səviyyədə qarşıladıq. Elin adət-ənənəsinə uyğun uzaq eldən qardaş gələndə qurbanlıq QOÇ kəsərlər. Atam sağ idi. Babamdan xəbər almaqdan, onun arzularından, yaşam tərzindən, dolanışacağından soruşurdu.
Bibim Mərziyyə xanım çox mehriban, candan Ata Vətənə bağlı, Atam, mənim babam Aslan Odlu-yurda sevdalı bir Əfəndi Xanım təsiri bağışladı. Onlar 1970-ci ildə Ulaşlıya turist kimi gəlmişdilər. Əslində bizi görməyə gəlmişdilər. Atam Ənvər, mən və digər qohum-qardaşlar onları Bakıya apardıq. Sonra Yerevana getdilər. Üç respublikanı gəzib Türkiyəyə döndülər. 1992-1997-ci illərdə yenə gəldilər. Bir dəfə də əmim gəldi. Sonra yenə bibim yoldaşı ilə gəldi... oğlu gəldi. Mənim Ulaşlıdakı bibim Havaxanım Türkiyəyə bacı-qardaşlarını görməyə gedib. Yəni, gediş-gəlişimiz, əlaqələrimiz var.
Ayrılıq qabar verəndə insanın köksü qalxır. Buna deyirlər: "Dərd çəkməkdən ürəyim şişib”.
Türkiyənin sərhədləri boyunca düzülən qart qarağaclar əvvəl-axır çürüməli idi. Çürüdü də.
Aslan Odluyurd YURD dağını dağ çiynində daşıdı. Onun cismi uyuduğu torpaq - MƏQBƏRƏDİ, YERDİ, GÖYDÜ. Baş daşını qucaqlayan övladları bir QOLUN yumruğuna bənzəyir...
Qəhrəman Ənvər oğlu Rüstəmov babası Aslan Ağa (Odluyurd) haqqında:
- Atam Ənvər, bibim Havaxanım Ulaşlıda yaşayırdı. Babamın TÜRK ailəsindən üç övladı olub. Bibim Mərziyyə, əmilərim: Dilavər və Qəzənfər. Onlar Ankarada qalırlar. Bir dəfə işlə bağlı İstanbuldaydım. Əfsus, gedib onları görməyə vaxtım olmadı.
Qəhrəman Rüstəmovun 65 illik yubileyi ərəfəsində onun Ulu nəslin davamçısı olduğunu bildim, öyrəndim. Sanki, Onu yenidən tanıdım. Bir daha məzuniyyəti bitib işə başlayandan sonra bu gözəl insanla, ədəb-ərkanlı, salamlı-sabahlı, ən ümdəsi səmimi ziyalı ilə yenidən görüşə getdim. Onun 65 illik yubileyinin təbrikinə, Onun gül üzünün ziyarətinə getdim.
Mövzumuz TÜRK idi, Türkün bayrağı, Türkün dövlətləri idi.
Bu görüşdə başqa bir İNSAN kəşf eləmişdim. Çevrəsində yaratdığı sevgiləri, məhəbbətləri duyduran, dəqiqliyi ilə, Sözünün kəsəri ilə yaddaşlarda şırım açan KÖNÜL ADAMI. Mədəniyyət və mənəviyyatın ÖZÜ. Yeri gələndə dostların kitablarına redaktorluq edir, ÖN SÖZ yazır.
Yaxşı adamların kəşfi elə bilirəm adi hal deyil. DOST sandığın ehtiyacın ödənməsidir.
Burda Dostoyevskinin bir sözü yadıma düşür: "Əvvəl həyatı öyrən, sonra əlinə qələm al!”. Bu baxımdan böyük fitrət sahibi Qəhrəman Rüstəmov fövqəladə bəşəridir, insanpərvərdir, ünsiyyətcildir... Səmimidir, sözünün məzəsi kəm deyil. Hər hansı bir problemə həmdərd olandır. Səni dinləmədən - qəlbindən keçəni oxuyur. Ətrafındakılara enerji, güc paylayır. Şirin təbəssümü müsahibinin ovqatını dəyişir. O qədər ciddi insandır ki, əsla zarafat etməz. Onun zarafatının əlaməti yalnız Onun bir cüt günəş gözlərindədir.
Bioqrafiyasında qaranlıq səhifələr yoxdur. Nurla dolu bir ömür yaşayır. Hər şeyə, hər kəsə, hər bir problemə zirvədən yanaşır. Ekstremal vəziyyətlərdə təmkinlə, səbrlə, soyuq, bilavasitə ayıq başla çıxış yolu tapır.
Ömrünün 31 ilini nəşriyyat, nəşr işinə sərf edib. 31 ilini. Bəli, ömrünün 31 ilini KİTAB işinə sərf edən Qəhrəman Rüstəmovda cəmləşən ziyalılıq əlamətləri həm rəhbərlik, həm də ictimaiyyət tərəfindən sevdirir.
Qəhrəman Rüstəmov YURDUN ŞƏRƏFİNİ uca tutan ASLAN AĞANIN nəvəsidir. Kökünə, nəslinə bağlı, ağrını-acını dadmış, iradəsini zəhmətilə möhkəmlədən, tərbiyə edən ÖRNƏKDİR.
Söz tərbiyədən düşmüşkən: Azərbaycan Respublikası İşlər İdarəsinin, Azərbaycan nəşriyyatının "Cildləmə” sexinin rəisi Qəhrəman Rüstəmov Bakı Dövlət Universitetində oxuduğu dövrdə idmançı kimi şöhrəti, institutlararası yarışlarda əldə etdiyi qələbələrin səsi-sədası bu gün də eşidilməkdədir. Deyirlər ki, on-on beş nəfər onun biləyini bura bilməzdi. Elə bu baxımdan onu Herakl - çağırırdılar.
Sağlam bədəndə - sağlam ruh olar. Bizim hamımızın sevimlisi Qəhrəman müəllim deyir ki, təpələrin arxasından bəyaz səhər ağaranda yuxudan oyanır:
- Allaha şükür edirəm. Çox şükür sağ-salamatam. Bir də şükür edirəm ki, uca Allahın nəzəri övladlarımın, ailəmin, Vətənimin, Yurdumun (Ulaşlının-N.A.), Dövlətimin üzərindədir. Allah qorusun!
Bu böyük Ədəb-Ərkan Sahibi Azərbaycan nəşiyyatına, çap işinə, mətbuata, kitaba bağlı adamdı. Deyir ki, fəaliyyətinin cövhərində müdiriyyətin və kollektivin xoş münasibəti durur. Bu ciddi şərtlər onu işləməyə, yaşamağa, yaratmağa sövq edir. Səhər vurğunu olduğu işə, axşam sevimli ailəsinə tələsir... Övladları ali təhsilli mütəxəssisdirlər. Necə deyərlər, hər biri öz səngərində Vətənə xidmət edirlər. Oğlu Səfər FHN-də, qızı Aynur ədəbiyyat müəllimidir. Bu yaxınlarda "Savalan” qəzeti nəvəsi Rüqayyənin 9 yaşını həm nəzm, həm də nəsrin dili ilə təbrik edib.
Mütəxəssis Qəhrəman Rüstəmov:
- İşimizin funksiyası yarımfabrikantları - hazır məhsullara çevirməkdir. Yəni, kitab, jurnal, broşura, mətbuat nümunələri hazırlamaqdır. Bir kitabın hazırlanması on iki prosesdən keçir.
Məsəl var, deyərlər: "İşi sahibinə tapşırarlar”. Bu baxımdan nəşriyyatın DAŞ GÜZGÜSÜ hesab olunan "Cildləmə” sexi etibarlıəllərdədir.
Qəhrəman Rüstəmov hər bir kitaba bəsirət gözləri ilə baxır. Səhifələrin tər-təravətini, rəngini baxışları ilə sığal çəkə-çəkə yoxlayır. Onun nəfəsindən vərəqlər üzərində sevgi süslənir. Onun, Aslan Ağanın nəvəsinin. Ot kökü üstə bitər - deyib atalar.
Sizi təbrik edirik Qəhrəman müəllim! YÜZ YAŞA!!!
Natella Asena,
"Yeni Sözçü" qəzeti